Astanada Sarkisyana dəyən sillənin Ermənistanda əks-sədası Dünya

Astanada Sarkisyana dəyən sillənin Ermənistanda əks-sədası

Erməni qəzeti: "Sərkisyanı Astanada Azərbaycan prezidenti İlham Əliyevin tələblərini dinləməyə məcbur ediblər"
Erməni analitik: "Ermənistan böyük siyasi oyunlarda istifadə edilən alətə çevrilib"

Cavid

Qazaxıstanın paytaxtı Astana şəhərində Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı toplantıda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycan dövlət başçısı İlham Əliyevin məktubunu oxuması və Serj Sarkisyanın buna reaksiyası, Ermənistanın Gömrük İttifaqına BMT səviyyəsində tanınmış sərhədlərlə girə biləcəyini barədə çıxışı sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
Sosial şəbəkələrdə yayılan videoda erməni prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanın necə təşvişə düşməsi gözdən qaçmır.
Sarkisyanın çətin duruma düşməsi erməni mətbuatından da yan keçməyib.
Bu məsələni dəyərləndirən "Nyus.am" yazır ki, Astanada baş verən olaylar Müstəqillik Günü bayramından bir gün sonra Ermənistan üçün şok olub: "Bayramın səhəri günü sözün əsl mənasında quyuya düşdük. Onsuz da Ermənistanın "müstəqillik qatarının" çoxdan getdiyi bəlli idi. Astanada baş verənlər göstərdi ki, Ermənistan nəinki Rusiyanın, eləcə də Azərbaycanın əlində alətə çevrilib. Təkcə Moskva yox, elə Bakı da Qarabağ kartından Ermənistana qarşı istifadə edir. Astanada keçirilən imzalama mərasimində əsas olay Azərbaycan prezidentinin məktubunun Nazarbayev tərəfindən oxunması oldu. Rəsmi Bakı tələb edir ki, Ermənistan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində birliyə üzv olmalıdır. Ermənistana iyul ayına qədər vaxt veriblər ki, nəsə fikirləşsinlər. Amma nə olacağı məlum deyil. İrəvan ya Avrasiya İttifaqından imtina etməli, ya da Qarabağla Ermənistan arasında gömrük məntəqəsinin yaradılmasına razılıq verməlidir. İrəvan bəyan etmişdi ki, Qarabağla Ermənistan arasında heç bir sərhəd olmayacaq. Amma bu bəyanat Astana görüşündən əvvəl olub. Astanada isə Sərkisyana İlham Əliyevin tələblərini dinlətdilər. Həmin tələbləri isə onun tərəfdaşı və Avrasiya İttifaqının rəhbərlərindən olan Nazarbayev səsləndirdi. Amma Sərkisyan orada deyə bilmədi ki, Qarabağla Ermənistan arasında gömrük məntəqəsi olmayacaq. Belə görünür ki, Sərkisyan həmin vaxt nə edəcəyini bilmədi. Onun Əliyevin tələblərinə verəcək cavabı yox idi. Yəqin ki, bu tələblərə cavabı Ermənistan yox, Rusiya, Qazaxıstan və Belarus verəcəklər".
"Tert.am" isə məsələni dəyərləndirməsində yazır ki, Putin, Nazarbayev və Lukaşkeno Azərbaycanın məktubda səsləndirdiyi tələbləri qapalı görüşdə də müzakirə edə bilərdilər: "Amma Nazarbayev bunu açıq müzakirə zamanı səsləndirdi".
Portal iddia edir ki, bu tələbləri çatdırmaqla Nazarbayev Rusiya prezidentindən nəsə qoparmağa çalışırdı ki, müttəfiqi olan Azərbaycanı razı sala bilsin. Televiziya kadrlarından da görünürdü ki, Sərkisyan təlaş içində idi. Onun bu təlaşını anlamaq lazımdır. Ermənistan elə birliyə üzv olmağa hazırlaşır ki, onun təsisçilərindən ikisi - Qazaxıstan və Belarus, eləcə də üzv olmağa hazırlaşan Qırğızıstan Azərbaycanın müttəfiqidir. Rusiya isə həm Azərbaycana, həm də Ermənistana silah satır".
Erməni analitik Musa Mikaelyan isə qeyd edib ki, Ermənistan böyük siyasi oyunlarda istifadə edilən alətə çevrilib: "Sərkisyan Sardarapatda qeyd edilən Müstəqillik Günü tədbirində "qələbə" nitqi söylədiyi günün səhəri Astanada susmağa məcbur oldu. Sərkisyanın susduğu görüşdə əsas oyunçular Ermənistanın taleyini həll edirdilər. Hətta təşkilata üzv olmayan Azərbaycan da həmin oyunda öz maraqlarını qoruyurdu. Özü də Ermənistandan istifadə etməklə. Ermənistanın isə öz maraqlarını müdafiə etmək, biabırçı vəziyyətdən çıxmaq üçün cürəti yoxdur".
Serj Sarkisyanın Astanada Nursultan Nazarbayevin Ermənistanın Gömrük İttifaqına BMT səviyyəsində tanınmış sərhədlərlə girə biləcəyi barədə çıxışına etinasız qalması erməni müxalifətinə hərəkətə keçmək imkanı yaradıb.
Müxalifətçi "İrs" partiyasının təmsilçisi Stepan Safaryan Astanada Sarkisyanın yetərincə cürəti çatmadığını bildirib. Onun fikrincə, Sarkisyanın cürəti çatsaydı, deyərdi ki, niyə Ermənistandan Gömrük İttifaqına Dağlıq Qarabağsız girməsi tələb edildiyi halda, Rusiyanın ilhaq etdiyi Krımla birgə girməsinə heç bir maneçilik törədilmir.
"Ermənistan hakimiyyəti bu məsələdən danışmaq istəmir, çünki bu, onların növbəti iflasıdır", - deyə "İrs" təmsilçisi bildirib.
Stepan Safaryanın fikrincə, Nazarbayevin belə bəyanatla çıxışının arxasında Putin durur: "Kremlə Ermənistanın tezliklə Avrasiya İqtisadi Birliyinə üzv olması lazım deyil. Buna görə də bu üsullarla onun yolunu kəsir".
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin koordinatoru Artur Sakunts isə bildirib ki, Ermənistanın yeni birlikdə yeri Rusiyanın hansısa əyaləti statusundan uzağa getməyəcək: "Gürcüstan tez bir zamanda Aİ ilə assosiativ saziş imzalayacaq. Azərbaycan və Ermənistan arasında gərginliyi saxlamaq Rusiyanın marağındadır və onların silahlandırılması məqsədli şəkildədir. Ermənistan yeni ittifaqla bağlı proseslərdə heç bir rola malik deyil və səsvermə hüququ da yoxdur. Ermənistanın bu ittifaqda rolu Kalininqrad regionunun statusundan artıq deyil. Qarabağ Ermənistana olan təhlükələrin neytrallaşdırılmasında əsas rol oynayır. Qəribədir ki, Robert Köçəryan və Serj Sərkisyan Ermənistanın müstəqilliyini təhlükə altına qoymaqla artıq Qarabağla bağlı olan yeni təhdidlərin meydana çıxmasına səbəb oldular. Qarabağ ilk dəfə Ermənistanın "uzaqgörən" siyasətinin nəticələrini öz üzərində hiss etməyə başladı. Qarabağda təhlükəli inkişaf prosesi başlaya bilər ki, bizi yenidən 1988-ci ilə gətirib çıxara bilər. Bu da dolayısı ilə Putinin imperial hədəfləri içərisindədir".
Göründüyü kimi Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə qətiyyətli mövqeyi Ermənistanı əməlli-başlı silkələyib. Bəs, Azərbaycan ictimaiyyəti nə düşünür, Ermənistanın üzləşdiyi durum Qarabağ məsələsilə bağlı hansı proseslərə rəvac verə bilər?
"Yeni Həfəs" hərəkatının sədri Seymur Həsənli isə bildirib ki, Astanada Gömrük İttifaqı ilə bağlı toplantıdan sonra Azərbaycanın Qazaxıstan vasitəsilə Ermənistanı hansı vəziyyətə saldığı bəllidir: "Sərkisyan gerçəkdən pis vəziyyətə düşdü və Ermənistanın XİN rəhbəri də Dağlıq Qarabağın beynəlxalq qurumlarda Ermənistan ərazisi tanınmadığını etiraf etdi. Düşünürəm ki, bu məsələdə informasiya hücumu üçün əsas elementlərdən biri unudulub. Məsələ qaldırılmalıdır ki, Ermənistanın ərazisi olmayan Dağlıq Qarabağda Ermənistanın vətəndaşı olan əsgərlərin nə işi var?"
Politoloq Qabil Hüseynlinin sözlərinə görə isə bir müddət əvvəl ermənilər Qarabağı Rusiyanın tərkibinə daxil edəcəkləri, hətta statusun Rusiya tərəfindən tanınacağı ilə bağlı xəyallarla gəzirdilər. Əvvəl bu fikirlər sırf mülahizələrə söykənirdisə, indi faktiki olaraq çox təhqiramiz şəkildə inkar olundu, Ermənistanın siyasi rəhbərliyi Astanada pis vəziyyətə düşdü. Rusiya prezidentinin özü Sarkisyana qarşı çox saymazyana davranmaqla onunla hər hansı təmas qurmaqdan imtina edib.
Politoloq bildirib ki, son dövr Azərbaycan diplomatik gedişlərlə həm Ermənistanı, həm də qondarma respublikanı pas vəziyyətinə sala bilib. Onun sözlərinə görə, Azərbaycan Rusiya ilə daha səmimi münasibətlər qurmağa nail olmaqla ən azından Ermənistanı Rusiyadan sıxışdırıb çıxarıb.
Onun sözlərinə görə bu gedişlər Ermənistanda ciddi narahatlıqlar doğurmağa başlayıb: "Bu narahatlıqlar getdikcə böyüyür. Ona görə də yaranmış narahatlıqları bir qədər səngitmək üçün Ermənistan Qarabağa müxtəlif ranqlı məmurlarını ezam edir. Onlar həm siyasi elita, həm də əhali arasında siyasi təbliğat apararaq, onları sakitləşdirməyə çalışırlar. Hər halda baş verənlər haqında Ermənistan mətbuatında və siyasi çevrələrində fikirlər haçalanıb, əksəriyyət Rusiyanın guya Ermənistana xəyanət etdiyi düşüncəsindədir".
Politoloq Ərəstun Baxşəliyev də bildirib ki, Ermənistan Avrasiya İqtisadi Şurasının toplantısı zamanı olduqca çox pis bir duruma düşüdü və təbidir ki, bu durum ölkədə Sarkisiyan hakimiyyətinin onsuz da itirilmiş mövqelərini bir qədər də çökdürəcək: "Ermənistanda artıq Sarkisiyan hakimiyyətinə inam qalmayıb və erməni ictimayəti gözəl anlayır ki, Sarkisiyan sadəcə dövlətlərarası bir oyuncağa çevrilib. O müstəqil qərar verə bilmir və ölkənin taleyi ilə bağlı məsələlərdə vahid siyasət yürüdə bilmir. Məhz bunun nəticəsidir ki, artıq Ermənistan mətbuatı işğal altında olan torpaqların Azərbaycana qaytırıla biləcəyinin mümkünlüyü ilə bağlı fikirlər səsləndirməyə başlayıb".