Makedoniyada şok: referendum baş tutmadı Dünya

Makedoniyada şok: referendum baş tutmadı

Makedoniyada keçirilən referendumda iştirak edənlərin sayı 50%-dən az olub. Bu barədə məlumatı Makedoniya Mərkəzi Seçki Komissiyası yayıb. Komissiya seçki məntəqələrinin 85%-nin nəticələrini hesabladıqdan sonra seçki aktivliyinin 34% olduğunu bildirib. Bunun referendumun nəticələrinin tanınmasına əngəl yaratdığı vurğulanıb. Referendumda iştirak edənlərin 90%-i Makedoniyanın adının dəyişdirilməsi lehinə səs verib.
Referendumda səsvermənin başa çatmasından dərhal sonra Yunanıstan Müdafiə naziri Panos Kamenos Makedoniyadakı referendumun məhv olduğunu bildirib. Makedoniya baş naziri Zoran Zayev isə səsvermənin uğurlu keçdiyini və insanların referendumda qoyulan suala cavab verdiyini bildirib.
Qeyd edək ki, Makedoniyada ölkənin adının dəyişdirilməsi ilə bağlı referendum keçirilib. Referenduma əsas səbəb Makedoniyanın Yunanıstanla iyunun 17-də müqavilə imzalaması olub. Müqaviləyə əsasən, Makedoniyanın adının dəyişdirilməsi qarşılığında ölkənin NATO-ya üzvlüyü istiqamətində Yunanıstan ona heç bir əngəl yaratmayacaq. Artıq NATO rəhbərliyi də Makedoniyanı 30-cu üzv kimi alyansa qəbul etmək istədiyini açıqlayıb. Makedoniyanın NATO-ya üzvlüyünə qarşı Rusiya və yerli millətçilər çıxıblar.