Soyuq müharibənin yeni mərhələsi başlanıb Dünya

Soyuq müharibənin yeni mərhələsi başlanıb

Sazişi hər iki dövlət pozmaq istəyir

Oktyabrın 21-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxacağını açıqlayıb. Prezident buna səbəb olaraq Rusiya arqumentini əsas gətirib. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.
ABŞ dövlət katibi Mayk Pompeo orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə üzrə Rusiyaya ultimatum verib. Pompeo bildirib ki, Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni yerinə yetirməzsə, ABŞ bu razılaşma ilə bağlı olan öhdəliklərini dayandıracaq.
Məsələ il bağlı açıqlama verən politoloq Fikrət Sadıqov qeyd edib ki, əslində, sazişi hər iki dövlət pozmaq istəyir: "Vaxtilə Sovet İttifaqı ilə ABŞ arasında imzalanan orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə ölkələr arasında müəyyən silah balansını təmin etmişdi. Bu balans heç kimin üstünlüyünə imkan vermirdi. İndi isə vəziyyət dəyişib və Soyuq Müharibənin yeni mərhələsi başlanıb. Hər iki dövlət bir-birini müqavilənin şərtlərinin yerinə yetirilməməsi ilə bağlı ittiham edir. Müxtəlif iradlar irəli sürülür və s. Belə başa düşürəm ki, ABŞ üçün səbəb, daha doğrusu, bəhanə lazımdır. Amerika müqavilədən çıxmaq istəyir və bunun müqabilində Rusiyanı günahlandırır. Demək olmaz ki, Rusiya müqaviləyə tam şəkildə əməl edir. Hər iki dövlət yeni yaranmış geosiyasi vəziyyətdə bu sazişi pozur. Görünür, gec-tez bu saziş işləməyəcək. Çünki rəsmi Vaşinqton razılaşmadan çıxmaq istəyir. Bunun üçün də müxtəlif yollara əl atır. Bu addımlar, sadəcə olaraq, Donald Trampın yeni siyasi addımlar çərçivəsinə daxil olan hərəkətdir. Artıq Amerika başa düşür ki, orta və kiçikmənzilli raketləri məhdudlaşdıran müəyyən şərtlər varsa, bu, onun əl-qolunu bağlayır.
Düşünürəm ki, bu müqavilə öz qüvvəsini tezliklə itirəcək. Ancaq bunun əvəzinə yeni bir razılaşma əldə olunacaqmı – bu, sual altındadır. Bu, ABŞ-Rusiya münasibətlərinin yaxınlaşmasından asılı olan məqamdır. Yaxınlaşma baş verməsə, gərginlik davam edəcək. Sazişin əslində kimin tərəfindən pozulmasına gəldikdə isə, yeni geosiyasi vəziyyətdə bu saziş hər iki tərəfə mane olur. Mənə elə gəlir ki, hər iki dövlət müqavilədən çıxmaq fikrindədir. Ancaq Amerika bunu açıq şəkildə deyir, Rusiya isə rəsmiləşməməsinə çalışır. Amma əslində, Rusiya yeni tipli müasir raketləri nümayiş etdirirsə, onda ortamənzilli raketlərə qarşı hansısa razılaşma heç nədir. Rəsmi şəkildə bəyan edilməsə də, hər iki dövlət müqaviləni pozmaq niyyətindədir.
ABŞ yeni raketlərə qarşı müdafiə sistemlərini Şərqi Avropada yerləşdirir. Rusiya da bunun müqabilində digər müxtəlif raketlərini istehsal edir və sərhəd zonasına göndərir. Hətta Avropa ilə sərhəddə də müasir raketlər yerləşdiriləcək. Bu isə özü-özlüyündə bir təhlükədir - silahlanmanın hər iki aparıcı dövlət tərəfindən yeni mərhələsidir. Bu aspektdən yanaşdıqda, artıq burada sazişin bir əhəmiyyəti qalmayıb".