Yaralı ürəyin əfsanəsi Dünya

Yaralı ürəyin əfsanəsi

Bu əhvalatı qoca dağlar və qıvrım telli tənha ağac danışdı...

Kırım diyarında Qırx Or qalası təkcə möhkəm, gülləbatmaz, topdağıtmaz divarları ilə yox, həm də qalanın ətrafında qazılmış xəndəkləri ilə də çoxdan alınmaz qala şöhrətini qazanmışdı. Axı "Or" - "xəndək" deməkdir. Bu xəndəklər elə dərin idilər ki, az qala uçuruma oxşayırdılar. Düşmənin qalaya yaxınlaşmaq xəbəri alınar-alınmaz keşikçilər başı dənizlərə bağlanan bu xəndəklərə su buraxırdılar. Qala xaricində döyüşən əskərlər düşməni qılıncla qarşıladığı kimi, əlbəyaxa olub süpürləyərək sulara da atırdılar.
Qala şöhrətli Toxtamış xanım iqamətgahı idi. Xanın Can Bikə adında bir qızı var idi. Qızın əsil adı Gülbahar idi. Lakin bu adla onu çağıran yox idi. Hamı ona Gülbahar yox, Can Bikə deyirdi. O, həqiqətən can kimi məhrəm, dərdlərə dərman, uşaq kimi nəvaziş sevən, ana kimi nəvazişkar idi.
Can Bikə çox gözəl idi. Qaşı-gözü ilahi qüdrətindən qələmlə çəkilmişdi. Həm də şəkil kimi gözəl bu qız elə zərif, elə incə idi ki, sanki Xaliq onu özünün xoş bir saatında yaratmışdı. Amma onun böyük dərdi vardı. Qız xəstə doğulmuşdu; onda ürək qüsuru vardı. Hələlik o, bunu hiss etməsə də, qıza elə gəlirdi ki, köksündə həmişəlik bir quş yuva salıb. Can Bikə hələ başa düşmürdü ki, orada çırpınan quş deyil, yaralı ürəyidir. Həkimlər ümid verirdilər ki, 14 yaşına dolanda sağlamlığını tapacaq. Həkimbaşı qoca yunan isə xanın son şübhələrini də qovub dağıtdı: elə ki, qızlar bulağından su içdi, həmən safa çıxacaq Can Bikə.
Xanın on iki xatınından səkkiz oğlu, on iki qızı vardı. Amma xan hamıdan çox sonbeşik Can Bikəni sevər, əzizlərdi. Toxtamış xanın var-dövləti çox idi. O qədər çox ki, deyirdilər o qayalarda çapdırdığı gizli taxçalarda sandıq-sandıq qızıl, ləl-cəvahirat basdırmışdı. Amma xan sevimli Can Bikəni o dəfinələrindən də çox istəyirdi. Yalnız omu? Bir-birinin uşaqlarını görməyə gözü olmayan, kin və həsəddən bağırları çatlayan xanımlar hamısı Can Bikəni əzizlər, onu gözləri üstə saxlardılar. Gözəl, qiymətli hədiyyələrlə onun könlünü oxşamağa çalışardılar. Hər gün onun boynunda, barmaqlarında bu hədiyyələrdən görmək olurdu. Can Bikə isə ən çox özünün qızıl arpa boyunbağısını sevərdi. Nə qədər bəzəyi olsa da bir gün, iki gün salar, sonra çıxarıb bir yana qoyardı. Arpa boyunbağı onun hələ həddə dolmamış yarımuşaq sinəsinə daha zəriflik verirdi. Bu onun taxdığı ilk bəzəyi idi. Odur ki, ondan aralana bilmir, bu boyunbağını heç bir hədiyyə ilə dəyişmirdi. Bir də sevdiyi daha bir hədiyyəsi vardı. Toxtamış xan öz iri əlini yavaşca onun başına qoyub ovcu ilə onun saçlarına sığal çəkəndə o, özünü hamıdan xoşbəxt sanırdı. Xan atası işini qurtarıb, divanxanadan çıxıb əndəruna keçəndə o fərəhlə atasının qabağına qaçar, ətrafında hamının tir-tir əsdiyi halda atasının onu nazlaması Can Bikəni göyün yeddinci qatına qaldırardı.
Bu zaman sevincdən o sinəsindəki quşun narahat-narahat vurnuxmasını belə unudurdu az qala. Günlər, aylar bu minvalla keçməkdə idi. Artıq Can Bikə ürəyinin iztirablarını çəkməli olurdu. Ona elə gəlirdi ki, bəzən bu ürək tora düşmüş bir quş kimi çırpınır, az qala pırr edib uçaraq gedəcəkmiş təkin tələsirdi. Qız hərdən o səsi özü də eşidirdi. Bir gün saray həkimi atasının otağında zərli divanın üstündə onu müayinə edirdi. Atıq böyüməkdə olan Can Bikə bu dəfə atasının gözlərindən axıb onun sinəsinə tökülən göz yaşlarının səbəbini bilmiş kimi oldu. Bu bir-iki qətrə göz yaşı onu yaman ağlatdı. Bir an içində anladı ki, həyat dedikləri şirin bir nemətin ona düşən möhləti elə bu qədərmiş. Lakin göz yaşları tez də qurudu; atasının əzəməti qarşısında hələ baharını, qışını yeni-yeni gördüyü bu həyatın hər nəyi vardısa balaca, zəif idi; o, heç nədən qorxmurdu.
Ancaq hər dəfə günəş çıxıb hər tərəfi nura boyayanda, saçaq-saçaq bağa-bağçaya yayıldıqca bu işıqdan, bu fərəhdən ayrılmaq, gözüyumulu əbədi zülmətdə yatmaq qorxusundan ürəyi yaman üzülürdü. Səbəbsiz-səbəbsiz ağlayırdı. Elə ki, bu zaman xəzinədar katibinin oğlu Murad onun əllərini tutub "ağlama" deyib yalvaran kimi göz yaşları da quruyardı. Barmaqlarını yüngülcə sıxan bu əllər onu necə xoşbəxt edirdi həmin anda?! Murad onun uşaqlıq dostu idi. Onun da anası Can Bikənin anası kimi Əski Yurddan idilər, bir elin qızları sayılırdılar.
Bir gün Əmir Teymurun qoşunları Kırım torpağına girib Qırx Or qalasını mühasirəyə aldı. Əmirin qoşununun sayı-hesabı yox idi. Lakin onlar elə bil qalanı almağa tələsmirdilər. Əmir lovğa-lovğa deyirdi: "Türküstandan burayadək qarşımda heç kəs dayanmadı. Odur ki, indi mən bu qalibiyyətli qoşunu qorumalıyam. Siz özünüz məcbur olub məxmər balınc üzərində açarları mənə gətirəcəksiniz. Başqa çarəniz yoxdur, çünki su ehtiyatınız tükənib. Müqavimət göstərməkdənsə, o ağılsız başınızı daşa vurub partladın. Artıq fikirləşməyin vaxtı deyil".
Əmir əvvəlcədən qalaya gedən bütün su yollarını bağlatdırmışdı. Toxtamış xansa inadından əl çəkmirdi. Xalq taqətdən düşmüşdü, amma düşmənin başına od yağdırırdılar, əli silah tutmayanlar - qocalar, uşaqlar iri daşları köməkləşib qalanın başına qaldırır, oradan aşağı atırdılar. Qadınlar qətran qaynadırdılar, iri dolçalarda bu qaynar qətranı yuxarıdan aşağıya, qarətçilərin başına tökürdülər. Lakin susuzluq öz işini görürdü. Xəzan yarpaqları ağacdan tökülən sayaq adamlar susuzluqdan harda gəldi düşüb qalırdılar. Anaların döşünün südü də qurumuşdu.
Heç kim dinib-danışmırdı. Hər axşam ağız-ağıza verib hürüşən itlərin də səsi gəlmirdi. Həyəcana düşən Can Bikə öz dayəsindən nə qədər bu dəyişikliyin səbəbini soruşsa da, yazıq dayə göz yaşlarını gizlədərək "heç nə bilmirəm" deyə susub başını sağa-sola yırğalayırdı.
Axşam düşürdü. Günəşin son şüaları naxışlı pəncərələrdə min qat bəzəklə əks olunurdu. Birdən qız səsə diksindi; şüşələrə tup-tupla dəyən kal alça səsinə pəncərəyə yaxınlaşdı. Görəsən onları kim atırdı? Murad idi, hələ də əllərində dərdiyi göy alçalardan var idi, onu çağırırdı. Can Bikə tez geri dönüb qapıdan çıxdı, dal həyətə qaçdı, hər iki əllərini uzadıb Muradın əllərindən tutdu. Neçə gün idi ki, onu görmürdü. Murad onun gözünə çox bikef dəydi, rəngi də qaçmışdı: "Can Bikə, qalada içməyə su yoxdur. Mən qala divarındakı nazik bir yarıqdan o üzdə su olduğunu gördüm, o dar yarıqdan ancaq sən keçə bilərsən", - deyə Murad onun qollarından yapışıb dartışdırdı.
Can Bikə quruyub qalmışdı. Sarayın qabağındakı bağçada kiçik quyunun suyu onu qaladakı susuzluqdan xəbərsiz saxlamışdı. İndicə birdən-birə Muradın verdiyi xəbər onu sanki yerə mıxladı, hərəkət etməyə heyi qalmadı. Lakin bu, çox çəkmədi, o, özünü topladı. Muradın əllərini sıxıb: "Qaçaq, apar məni o çeşməyə", - deyə onu tələsdirdi.
Onlar gizlicə həmin yerə yaxınlaşdılar. Bu, həqiqətən dar bir yarıq idi. Divar haçansa çat vermiş, ilk bahar yağışlarından canlanan yaşıl böyürtkən kolları bu çatı düşmən gözündən gizləmişdi. Lap gizləməsə nə olacaqdı ki?! Qalanın bu səmti sıldırım qayalar üzərində tikilmişdi. Divarların üstündə keşik çəkərkən qarovulçular belə aşağı baxmamağa çalışırdılar. İndi bu iynələri-tikanları hələ bərkiməmiş yumşaq böyürtkən kolunun altından doğrudan da sısqa bir çeşmə çağlayırdı. Murad dəri tuluqları da hazır etmişdi, onlar elə buradaca bir yana atılmışdı. O, qızın bu balaca irmağa baxdığını görüb: "Əvvəl özüm keçmək istədim, amma gördüm, mən bu yarıqdan keçə bilmərəm, o saat sən yadıma düşdün"- deyə həm sevinc, həm də peşimanlıqla ona baxdı. Can Bikə bir gül yarpağı kimi incə, sarmaşıq dəstəsi kimi kövrək və yay kimi olduğunu elə bil indi duydu, dərhal sivrişib yarıqdan o biri üzə keçdi, tuluqları bir-bir doldurub Murada verməyə başladı. Lakin o, Muradın göstərişi ilə bu tuluqları yarıbayarı doldururdu. Axı belədə dəri tuluq bu dar yarıqdan bir yumşaq paltar boğçası kimi asanlıqla keçirdi. Murad bu tuluqları gətirib meydandakı iri su kolazına tökürdü. Heç kim onları görmürdü, fikir verən də yox idi, hamının başı öz dərdinə qatışmışdı. Murad bütün gecəni su daşıdı. Bir də gördü su hovuzu ağzınacan dolub, indi o əsil gölməçəyə bənzəyirdi.
Səhər açılırdı, onlar isə su daşımaqdan yorulub usanmırdılar. Lakin elə ki, günəş çıxdı. Can Bikəyə elə gəldi ki, köksündəki o vurğun quş uçub getdi. Qız hətta elə bil onun köksündən uçub gedən o vəfasız quşu gördü də. Quş günəşə doğru uçurdu. Can Bikənin sevdiyi, bütün gecəni gözlədiyi günəşə. Həmən sinəsində o quşun yuva saldığı yerdə müdhiş bir ağrı başladı. Qız ağrının gücündən dayana bilməyib yerə yıxıldı. O ağzı üstə torpağı elə qucub uzanmışdı ki, sanki burada dincəlmək, həm də torpağa dərdini söyləyib yüngülləşmək istəyirdi. Bir azdan sanki yorğunluğunu alıb qalxacaqdı. Murad onun başı üstə oturub ağlayır, heç kimi haraya çağırmağa ürək etmirdi. Can Bikənin ölümünə inana bilmirdi. Lakin daş hovuzdakı suyun günəş şüaları altında bərq vurmasını görmüşdülər. Adamlar bir-birinə müjdə verə-verə qaçışır, sudan içdikcə içirdilər.
Sonra ağlayan Muradı görüb ona doğru yüyürdülər, yerə üzüqoylu yıxılmış qızı çevirib onu tanıdılar. Bərk qorxuya düşdülər: Xan qızı Can Bikə!.. Camaat yalnız indi hər şeyi başa düşüb bu balaca zərif vücuda təzim etdilər.
Vaxtilə Toxtamış xanın lələsi olmuş Zal baba (deyirdilər qalada ondan yaşlı adam yoxdu) irəli çıxdı: "Burada gözəllər gözəli, cənnət bağçasının ən ətirli qızılgülü yatır. Camaat, onun gözəl ürəyi yaralı idi, indi hər biriniz öz ürəyinizdə ona ən gözəl yer hazırlayın".
P.S. Günlər, həftələr, aylar toplandılar, topalandılar, öz yerlərini illərə verdilər, illərsə yüzillərə çevrildilər. İndi yalnız gəzərgi qonaqların - turistlərin tez-tez yad etdiyi Kırk Orun (daha çox sonrakı Çufut kala adıyla anılır) xarabalıqları arasında xan qızı mavzoleyi də durmaqdadır. Bu, Can Bikənin bir möcüzə kimi salamat qalmış türbəsidir. Onun hekayətini danışacaq adamların artıq biri də qalmamışdı.
Bu əhvalatı mənə minillik fikir və düşüncəsini bir anlığa da olsun tərk etməyən qoca dağlar və bir də həmin əsrlərin yaşıdı, sərdabənin düz yanında bu yaşı çox gənc məzara pasiban olan qolları yelpazə tək açılmış qıvrım telli tənha ağac danışdı.

Minaxanım Təkləli,
professor