Çinə Rusiya, yoxsa ABŞ lazımdır? Dünya

Çinə Rusiya, yoxsa ABŞ lazımdır?

"Sibirin gücü" Pekin-Moskva münasibətlərində yeni səhifə açır

Ötən həftə Rusiya və Çin iddialı layihəni – “Sibirin gücü” qaz kəmərini istismara verməyi bayram etdilər. 2900 km uzunluğunda və 55 milyard dollar dəyərində olan bu layihə iki ölkə arasındakı münasibətlərin möhkəmləndirilməsinin simvoludur.
Prezident Vladimir Putin bu qaz kəmərinin istismara verilməsini “həqiqi tarixi hadisə” adlandırdı, ÇXR Sədri Si Cinpin isə onu “əməkdaşlığın yeni mərhələsinin başlanğıcı” kimi səciyyələndirdi. Sonra bəyan etdi ki, “rus-çin münasibətlərinin inkişafı bizim ölkələrimizin xarici siyasətinin öncəliyidir və daima belə olacaq”.
İki ölkə dekabrın sonunda Hind okeanında bir ay müddətində keçirilməsi planlaşdırılan hərbi təlimlərdə iştirak etdikdə münasibətlər daha da möhkəmlənəcək. Bu il yayın əvvəlində müttəfiq ölkələrin liderləri Fransada Normandiyaya desant çıxarılmasının 75 illiyini qeyd edən zaman Si Putinlə görüşmək üçün Moskvaya yollanmışdı.
“Strateq” “South China Morning Post”a (Honkonq) istinadən yazır ki, liderlər hərbi və iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılıq əldə etdilər. Si, Çinlə Rusiya arasındakı münasibətləri təriflədi, hətta Putini özünün “ən yaxşı dostu” adlandırdı. Məncə, Çin Rusiyanı dəstəkləməklə, heç bir ehtiyac olmadığı halda, ABŞ-ın düşmənçiliyini öz üzərinə çəkməklə, çox az şey qazana bilər. Si ilə Putinin bir-birinin əlini sıxmasının, dostluq haqqında bəyanatlar verməsinin təsvir olunması ABŞ Prezidenti Donald Trampın şəxsən təhqir olunmasına xidmət edə bilər. Mən hələ demirəm ki, Rusiya Çinə çox az şey təklif etmək iqtidarındadır.
Çinin xarici investisiyaları üçün indi Rusiyanın başlıca istiqamət seçilməyindənsə, “qansız” Rusiya iqtisadiyyatına dayaq olmaqdansa, bu investisiyaların digər ölkələrdə istifadə olunması daha yaxşı olmazdımı? Çinin Rusiyanın enişindən daha çox qazandığı nəzərə alınarsa, indi onun dirçəlişinə dəstəyin verilməsi anlamsızdır.
Yeni sıx münasibətlərin məqsədəuyğun görünə bilməsinə baxmayaraq, ABŞ-la münasibətlərin getdikcə gərginləşdiyini nəzərə alsaq, tarix əksini deyir. Məncə, Sinin davranışı öz xalqına xəyanətdir. Rusiya ilə oynaqlaşmaq Rusiya-Çin münasibətləri üçün çox vaxt xarakterik cəhət olan, şəxsən xatırlatmaq istədiyim düşmənçiliyi unutmaq deməkdir.
Çinlə Rusiya arasındakı ilk müqavilə – Nerçin müqaviləsi 1689-cu ildə, Rusiyanın Tsin sülaləsi dövründə Çin torpaqlarına hücum etməsi nəticəsində bağlanıb. Bu müqavilə çərçivəsində Rusiyanın Uzaq Şərqi ilə Çinin şimali-şərqi arasında sərhəddin müəyyən edilməsinə baxmayaraq, rus ekspansionizmi hələ də tam bitməyib.
1850-ci illərdə, Çini II “Tiryək müharibəsi” narahat edərkən, Rusiya özünün minlərlə döyüşçüsünü Amur çayı ilə Mancuriyaya göndərdi. Rusiya 1860-cı ildə imzalanan Pekin müqaviləsi çərçivəsində işğal etdiyi ərazilərin suverenliyini qanuniləşdirərək, hazırda müasir Sibiri təşkil edən əhəmiyyətli ərazini ilhaq etdi.
Bu, Çinin xarici dövlətlərin ona yönəlik manipulyasiyaları nəticəsində XIX əsrdə imzaladığı qeyri-bərabər müqavilələrdən biri idi. Lakin buna baxmayaraq, Çin rəhbərliyi Qərb ölkələrinin bu müqavilələrlə onu saldığı durumu şərh edərkən “təhqirlər əsri” ritorikasına əl atdığı halda, xarici təcavüzkarlardan biri kimi Rusiyanın roluna həddindən az diqqət ayrılır.
1904-cü ildə yaponlar Rusiyanın nəzarətində olan, rus təsirinin yayılmaqda olduğu Mancuriyadakı Port-Artura hücum edərkən Rusiya Çini müharibəyə sürüklədi. Rusiya-Yaponiya müharibəsi nəticəsində 20 minə yaxın çinli mülki əhali öz həyatını itirdi. Rusiyanın məğlub olması nəticəsində Yaponiya Port-Artura və Cənubi Mancuriyanın bir sıra ərazilərinə nəzarəti ələ aldı.
1929-cu ildə Sovetlər Mancuriyadakı Çin-Şərq dəmir yolunu nəzarətə götürməyə cəhd etdilər. Mənim atamın komandanlığı altında olan Çin qüvvələri Xarbin altında məğlub oldular və Sovetlər dəmir yoluna nəzarəti ələ aldılar.
Mənim uşaqlıq dövrümdə, 1930-cu illərdə Çində sanki hamı Rusiyaya şübhə ilə baxırdı. Mən Çini yapon işğalı dövründə görsəm də, Sovet İttifaqının II Dünya Müharibəsinin son günlərindəki hərəkətlərini dürüstlük və əxlaq baxımından daha pis hesab edirəm. İosif Stalin və öz sonuna yaxınlaşan Franklin Ruzvelt 1945-ci ildə Yaltada görüşdülər. Orada Ruzvelt Stalinin rus-yapon müharibəsi nəticəsində Rusiyanın ərazi itkilərinin praktiki kompensasiyası haqqındakı xahişini yerinə yetirdi.
Məxfi protokol çərçivəsində Xarici Monqolustanın müstəqilliyi tanındı, Port-Artur, Cənub-Mancuriya və Çin-Şərq dəmir yolları Rusiyanın istifadəsinə verildi. Və bütün bunlar Yaponiya ilə mübarizədə müttəfiq olduğu iddia edilən Çan Kayşinin (Kommunistlərin hakimiyyətə gəldiyi 1949-cu ilədək Çində hökmranlıq edən şəxs, millətçi Homindan partiyasının lideri – tərc.) razılığı və ya xəbəri olmadan edildi.
Mancuriyaya soxulan sovet qoşunları müharibə dövründə yaponların bütün Çin ərazisində etdiyi kimi, vəhşi cinayətlər törətdilər, sonra isə yapon sənaye infrastrukturundan nə götürə bilərdilərsə götürdülər və geri çəkilməzdən öncə Sovet İttifaqına göndərdilər.
SSRİ Mancuriyada bir ildən çox davam edən sərhəd qarşıdurmasına yol açan oyuncaq “peyk dövlət” təsis etdi. Stalin həmçinin Sincanda uyğurların separatçı hərəkatlarını dəstəklədi.
Tarixə daha genişmiqyaslı baxsaq, son 100 ildə rus-çin münasibətlərinin səciyyəvi cəhəti əməkdaşlıq deyil, hər şeydən öncə, gərginlik və münaqişələr olubdur. Və əksinə, amerikan-çin münasibətləri tarixən, Soyuq Müharibənin ilk illəri nəzərə alınmazsa, sülh və əməkdaşlıq münasibətləri kimi inkişaf etmişdir.
Bütün Qərb ölkələri arasında yalnız ABŞ “Tiryək müharibələri”ndən sonra Çin ərazilərini tutmağa cəhd etməmişdir. ABŞ, ümumiyyətlə Tsin sülaləsi dövründə (1644-1912-ci illər – tərc.) imperiyanın suverenliyindən yana olmuşdur. II Dünya Müharibəsinin gedişində isə ABŞ və Çin müttəfiq olublar. Təsadüfi deyil ki, Vaşinqton Pekinlə münasibətləri normallaşdıran kimi, Den (1976-1989-cu illərdə Çin Kommunist Partiyası Hərbi Şurasının sədri olmuş Den Syaopin –tərc.) islahatlara və ABŞ-la yaxınlaşma siyasətinə rəhbərlik etmişdir.
Bununla birlikdə, tarixi incikliklərini çin xalqına xatırlatmaq üçün hər bir fürsətdən istifadə edən Si rəhbərliyi, ABŞ-a xor baxdığı halda, Putinin rəğbətini qazanmaq cəhdlərində riyakarlıq görmür.
Sinin daxili sabitliyi qurban vermədən, Çinin xarıcdəki hədəflərinə çatmasına kömək edə biləcək xarici siyasət strategiyasına ehtiyacı vardır. Rusiya ilə ticarət Çin iqtisadiyyatını canlandırmayacaq. Çinin Rusiya ilə deyil, ABŞ-la tərəfdaş olmasına ehtiyac vardır.
Si Cinpin ABŞ-la ticarət müharibəsinin sonlandırılması haqqındakı danışıqları yeniləməlidir. Bu müharibənin nəticələri iqtisadi münasibətlərin sadəcə əvvəlki səviyyəyə qayıtması çərçivəsindən uzağa gedə bilər.
Xoş niyyətlə, lazımi güzəştlərlə bağlanan saziş ABŞ-la Çin arasında ticarəti genişləndirə bilər. Bu, qarşılıqlı faydalı olardı. ABŞ-Çin münasibətlərində artan gəginlik olmazsa, Sinin Putinin rəğbətini qazanmaq üçün cəhd göstərməsinə heç bir əsas da qalmaz.
Çinə Rusiyadan çox ABŞ lazımdır. Sinin Putinin qılığına girməsi uzunmüddətli perspektivdə Çinə heç bir fayda gətirməyəcək. Çinin Rusiyaya etibar edə, inana və uzunmüddətli yoldaşlıq münasibətləri qura bilməsi üçün Moskva heç bir vaxt heç bir əsas verməyib. Əgər Si Putindən belə bir şey gözləyirsə, sadəlövhdür.