Ukrayna ordusu geri çəkilmək məcburiyyətindədir Dünya

Ukrayna ordusu geri çəkilmək məcburiyyətindədir

Separatçılar Donetsk və Luqanska nəzarət edir

Cavid

Ukrayna qoşunları şərqi Ukraynadakı rusiyapərəst üsyançılarla mübarizəni davam etdirir.
Ukraynanın müdafiə naziri Rusiyanı minlərlə insanın həyatına təhlükə ola biləcək "böyük müharibə" başlatmaqda günahlandırıb. Rusiya isə iddiaları rədd edərək, üsyançıları dəstəklədiklərini inkar edir.
Rusiya Milli Təhlükəsizlik Şurasının katib müavini olan Popov Rusiyanın RİA xəbər agentliyinə bildirib ki, NATO Rusiya ilə gərginliyi artırır.
"NATO-ya üzv olan ölkələrin hərbi infrastrukturu genişlənməklə Rusiya sərhədlərinə yaxınlaşır" və bu, Rusiya üçün ən əsas "xarici təhlükələrdən" biridir, Popov bildirib.
O da bildirilir ki, Ukrayna böhranına cavab olaraq NATO, yeni, cəmi iki gün içində toplana biləcək çevik qüvvələr yaratmağa hazırlaşır.
NATO rəsmilərinin bildirdiyinə görə, bu geniş tədbirlər təkcə Ukrayna ilə bağlı deyil və alyans içində istənilən bölgəyə çevik hərəkət etmə və əminlik yaratmaq məqsədi daşıyır.
Bu cür qüvvələrin effektiv olması üçün davamlı təlimlər həyata keçirilməli və NATO rəsmilərinin də bildirdiyi kimi, bəzi qərargahların potensial təhlükə olan bölgələrdə, indiki halda isə NATO-nun şərq və cənub sərhədlərində yerləşdirilməsi lazımdır.
Yanacaq ehtiyatlarının və silah-sursatın da şərqə doğru yerdəyişməsinə ehtiyac ola bilər.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sözçüsü Andrey Lısenko Rusiya silahlı qüvvələrinin öz əsgərləri və hərbi texnikasını Donetsk şəhəri daxil olmaqla altı, Luqansk daxil olmaqla isə daha dörd bölgədə yerləşdirdiyini bildirib. Hər iki şəhər Rusiya tərəfdarı separatçıların istinadgahıdır.
Andrey Lısenko deyib ki, ölkənin şərqində 24 saat ərzində 15 Ukrayna əsgəri öldürülüb.
NATO isə Ukraynada Rusiyanın min əsgərinin olduğunu təxmin edir. Rusiya əsgərlərinin Ukrayna ərazisində olduğunu dəfələrlə rədd edib.
Donetsk bölgəsindən isə minlərlə rus əsgərlərinin cəsədi Rusiya Federasiyasına çatdırıldığı bildirilib.
Ukraynadan Rusiyanın ərazisinə həlak olmuş Rusiya hərbi qulluqçularının cəsədləriylə dolu təxminən 15 "Kamaz" yük maşını gəlib.
Bu haqda Facebook səhifəsində Rusiya müxalifətinin hərbi blokunun koordinatoru "Yük-200" qrupunun banisi Yelena Vasilyeva bildirib.
Onun sözlərinə görə, sentyabrın 1-də 15 yük maşını Donetsk bölgəsində həlak olmuş hərbi qulluqçuların cəsədləri ilə sərhədi keçdilər. "Kamaz"larda 800-dən 1000-ə qədər rus hərbçisinin cəsədi olub.
Vasilyeva cəsədlərin hara aparıldığı haqda məlumatın olmadığını deyib.
BMT-nin baş katibi Ban Ki Mun Rusiya və Ukrayna arasında siyasi dialoqa çağıraraq, Ukrayna böhranının hərbi həlli olmadığını deyib.
Dünən isə Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Pyotr Poroşenko telefonla danışıblar.
Telefon söhbəti barədə rəsmi açıqlama verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov dövlət başçılarının Ukraynadakı hərbi və humanitar böhranı müzakirə etdiklərini bildirib: "Dövlət başçıları Ukraynanın cənub-şərqində qan tökülməsinin qarşısının daha tez alınması üçün ilk növbədə hansı tədbirlərin görülməsi məsələlərini müzakirə ediblər. Prezidentlərin böhran vəziyyətindən çıxmağın mümkün yolları haqda fikirləri əhəmiyyətli dərəcədə üst-üstə düşür".
Xatırladaq ki, Ukrayna və Rusiya prezidentlərinin avqustun 26-da Belarus paytaxtı Minskdə təkbətək görüşü keçmişdi. 2 saat çəkən görüşdə Ukraynadakı hərbi-siyasi vəziyyət, iqtisadi problemlər və qaz nəqli məsələsi müzakirə olunmuşdu. Həmin görüşdən sonra Ukraynada vəziyyət daha da gərginləşib.
Onu da qeyd edək ki, Avropa Birliyi Rusiyanın müdafiə naziri Sergey Şoyqunu da sanksiyalar siyasınına əlavə etmək istəyir. Onun Avropa Birliyi ölkələrinə gəlişi qadağan oluna bilər.
Diplomatik mənbə Reuters agentliyinə bildirib ki, bunu Avropa Birliyi ölkələri səfirlərinin sentybarın 2-də Brüsseldəki toplantısında Avropa Komissiyası təklif edirdi.
Komissiya həmçinin təklif edir ki, nəinki Rusiyanın dövlət banklarına, həmçinin bütün dövlət müəssisələrinə Avropadan borc vermək qadağan olunsun.
Komissiya hesab edir ki, təkcə müdafiə şirkətlərinə yox, Rusiyanın bütün şirkətlərinə ikili məqsədli malların satışı qadağan olunsun.
Avropa Birliyi yeni sanskiyalar haqda qərarını sentyabrın 5-də verməlidir.
"ABŞ Rusiya Ordusunun hərbi birləşmələrinin Ukraynada iştrakını sübut edə bilmir". Bunu isə ABŞ Dövlət Departamentinin sözcüsü Cenifer Psaki keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Ukraynanın cənub-şərqində Rusiya Silahlı Qüvvələrinə məxsus ordu birləşmələrinin birbaşa iştirakını isbat etmək üçün yeni bir dəlilə malik deyillər: "Buna baxmayaraq, Dövlət Departamenti Rusiyaya qarşı sanksiyaların effektliyini artırmağa başlayır".
Ukrayna hökuməti isə müxtəlif sübutlar göstərməklə Rusiyanın ordu birləşmələrinin Donetsk və Luqansk vilayətlərində separatçılar tərəfdə döyüşdüyünü deyir.
Rəsmi Moskva isə ciddi cəhdlə bunları təkzib edir.
Rusiya Ukraynadakı böhran və NATO-nun Şərqi Avropada güclənməsinə cavab olaraq öz hərbi doktrinasını dəyişdirməyə hazırlaşır, yüksək çinli Rusiya rəsmisi bildirib.
Kremlin məsləhətçisi Mixail Popov deyib ki, ABŞ və NATO ilə münasibətlərin korlanması yenilənən hərbi strategiyada öz əksini tapacaq.
Bazar ertəsi NATO, üzvlərini qorumaq üçün Şərqi Avroapada daha da güclənəcəyini bildirmişdi.