“Terrorçularla birbaşa danışıqlar aparmayacağıq” Dünya

“Terrorçularla birbaşa danışıqlar aparmayacağıq”

Rəsmi Kiyev: "Rusiya bizə ikinci Abxaziyanı təklif edir"

Rusiya Cenevrə formatından imtina edərək Ukraynaya ikinci Abxaziyanı təklif edir.
"Unian.net" saytının verdiyi məlumata görə, bu barədə Ukrayna baş naziri Arseniy Yasenyuk bildirib.
"Ukrayna dövlətinin və hökumət başçısının ümumi mövqeyi bundan ibarətdir ki, danışıqların keçirilməsi üçün ən yaxşı və effektiv formatı Cenevrə formatıdır. Rusiya var gücü ilə bu formatdan imtina etməyə çalışır və bizə Ukrayna ərazisində ikinci Abxaziyanı təklif edir. Biz Rusiya muzdluları və terrorçularla birbaşa danışıqlar aparmayacağıq", - deyə Ukrayna baş naziri söyləyib.
Yasenyukun sözlərinə görə, məhz Kreml Donetsk və Luqanskın əhalisini girova çevirərək vəziyyəti humanitar faciəyə aparır.
Xatırladaq ki, A.Yasenyuk dünən Donbas hövzəsində vəziyyət haqqında "ciddi danışıqlar"ın neytral ərazidə aparılması ilə bağlı Rusiyaya təklif ünvanlayıb. A.Yasenyuk Norveçdən olan həmkarı Ernoy Solberqlə görüşdə bildirib ki, ölkənin şərqində vəziyyət üzrə konsultasiyaların keçirilməsi üçün Cenevrə formatını ən münasib hesab edir.
Cenevrə formatında Ukrayna, Avropa Birliyi, ABŞ və Rusiya təmsil olunur.