İŞİD-ə qoşulan avropalılardan şok etiraflar Dünya

İŞİD-ə qoşulan avropalılardan şok etiraflar

Cavid

İŞİD savaş müstəvisini müxtəlif məkanlar üzrə dəyişmək siyasətinə start verib.
Bu məkanlar arasında İŞİD üçün potensial imkanlara malik ərazilərdən biri də Qafqazdır. Son vaxtlar bölgədə İŞİD tərəfdarlarının aktivləşməsi təsadüfi deyil və bu, bir mərkəzdən idarə olunur. Güman ki, radikal terrorçuların Qafqaza ayaq açması və bölgədə genişlənməsi Rusiyaya qarşı "partlayıcı maddələr" effekti baxımından Qərbin marağındadır. Bu isə regionun digər ölkələri üçün də təhlükəli gələcək vəd edir.
Rusiyanın nüfuzlu "Nezavisimaya qazeta" nəşri "Qafqazda İŞİD izi"ni araşdırıb.
Ekspertlərin fikrincə, İŞİD effektiv təbliğatla Rusiya və post-sovet məkanında ekstremistləri öz sıralarına cəlb edir. Bu, ekstremistlərin gəldiyi ölkələr üçün potensial təhlükə deməkdir. Təsadüfi deyil ki, bir sıra post-sovet ölkəsi bunu anlayır və gedənlərin geri qayıtmaması üçün nəsə etməyə çalışır.
Məsələn, MDB beynəlxalq tədqiqatlar institutunun əməkdaşı Əhməd Yarlıkapov Mahaçqaladan Suriyaya xüsusi emissarların göndərildiyini iddia edir: "Region ölkələri artıq hərəkətə keçib. Gedənlər özləri üçün məskənlər salıb və yaşamaqda davam edirlər. Lakin onların qayıtması ehtimalı böyükdür və bu, ciddi təhlükələrlə nəticələnə bilər. Artıq hökumətlər onların yanına xüsusi adamlar göndərir. Bu seçilmiş adamlar onları geri qayıtmamağa inandırmalıdır. Dağıstan hökumətinin bu üsuldan istifadə etdiyini dəqiq deyə bilərəm. Eyni təcrübə digər region ölkələrində də istifadə edilməmiş deyil. Əslində bu perspektivli addımdır. Çünki onların qayıdışı Rusiya və Qafqaz regionu üçün ciddi təhdiddir. Ən azından terror aktlarının olması ehtimalı böyükdür".
Onun sözlərinə görə, Rusiya və post-sovet məkanından İŞİD-ə qoşulanların 2 mindən artıq olduğu deyilir.
Karnegi fondunun Moskvada yerləşən Elmi Şurasının üzvü Aleksey Malaşenkonun da fikrincə, Rusiya və post-sovet ölkələrindən Suriyaya gedənlər bir gün geri qayıdacaq: "Onlar post-sovet məkanının müxtəlif ölkələrindən, eləcə də Qafqazdan gedənlərdir. Onlar özləri ilə əhəmiyyətli təhlükəni gətirəcəklər. Əgər onlar "sülh vaxtında" gələcəklərsə, təhlükə qalacaq, lakin bir qədər təxirə salınacaq. Gənclərin böyük əksəriyyəti üçün Yaxın Şərqdə döyüşüb gələnlər qəhrəman olacaq. Xatırlayın, Suriyadan Qırğızıstana qayıdan yerli cihadçılar məscidlərdə öz ətraflarına kifayət qədər insan toplaya bilirlər. Qırğız təcrübəsi bütün region ölkələri üçün aktualdır".
MDB İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyevin fikrincə, Suriya və İraqda döyüşən cihadçılar post-sovet ölkələri arasında ən çox Azərbaycana təsir edə bilərlər. Onun sözlərinə görə, Azərbaycanda son zamanlar dini etnoqrafiya dəyişir: "Əhalinin 80 faizi şiə olsa da, son vaxtlar gənclər xüsusilə internet üzərindən aparılan aktiv təbliğat nəticəsində radikal dindarlığa meyillənir. Azərbaycan müxalifətinin 12 oktyabr mitinqində İŞİD bayrağının görünməsi adi hadisə kimi qəbul edilməməlidir. Bu, özünü göstərən ilkin elementlərdir".
"Nezavisimaya qazeta" bir müddət öncə Moskvada həbs olunan İŞİD tərəfdarlarını və onlardan altı nəfərinin azərbaycanlı olduğunu xatırladır: "Onlar bizneslə məşğul olan sadə insanlar idi. Şahidlərin sözlərinə görə, birdən-birə saqqallarını uzatmağa başlayıblar. Onların yaxın Şərqə İŞİD üçün maliyyə göndərdiyi aşkarlanıb".
Oktyabrın sonu, noyabrın əvvəllərində Federal Təhlükəsizlik Xidməti İŞİD tərəfdarlarının daha bir qolunu Başqırdıstanda aşkarlayıb. İstintaq məlumatlarına görə, bizneslə məşğul olan ailə İŞİD üçün maliyyə dəstəyi edirmiş. Daha sonra ölkəni tərk edərək Yaxın Şərqə getmək istəyiblər.
Qərb mətbuatı isə yazır ki, Avropadan İŞİD-ə qoşulanlar peşman olduqlarını bildiriblər.
Quantanamo düşərgəsinin keçmiş məhbusu Moazzam Begg Britaniya mediasına bildirib ki, savaş meydanını buraxıb Birləşmiş Krallığa qayıtmaq istəyən 30-dək döyüşçünü şəxsən tanıyır.
Lakin Begg əlavə edib ki, terrorçu qrupu tərk etmək istəyən şəxslərə qarşı "intizam tədbirləri" görülə bilər. Onun sözlərinə görə, bu tədbirlərə edam hökmü də daxildir.
Digər tərəfdən, Britaniyaya qayıtmaq istəyənləri Dumanlı Albionda da elə dumanlı perspektiv gözləyir.
Hazırda parlament komissiyasının müzakirəsində olan yeni antiterror qanununda Suriya və İraqda terrorçu qruplaşmaların sıralarında olmuş Britaniya vətəndaşlarının vətənə qayıtmaları son dərəcə çətinləşdiriləcək.
Bu qanunlar bir çox hallarda vətəndaşlığın ləğvi ilə də nəticələnə bilər.
Lakin hazırda mövcud olan qanunlar da cihaddan qayıdanların mühakimə edilib cəzalandırılması üçün imkan yaradır. Hərçənd bir sıra tənqidçilər vətənə xəyanət qanununun 1500-cü illərdə qəbul edildiyini bildirirlər.
Britaniya İŞİD-ə qarşı ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiyaya qoşulan andan İraq və Suriyadakı Britaniya İŞİD-çiləri hüquqi baxımdan avtomatik olaraq "vətən xaini"nə çevriliblər.
Ötən həftə Britaniyada ilk dəfə olaraq iki qardaş Suriyada terror təlimi keçdikləri üçün məhkum edilib. Stratford şəhərindən olan 30 yaşlı Muhammed Nəvaz və onun qardaşı, 24 yaşlı Həmzəyə qarşı cinayət işi qaldırılıb və məhkəmə onların 4 il müddətinə azadlıqdan məhrum olunmaları barədə hökm verib.
Hökmü elan edərkən hakim bildirib ki, qardaşlar Suriyada rejimə qarşı döyüşən dəstədə olublar və Britaniyada terror aktı törətmək niyyətlərinin olması barədə dəlillər yoxdur.
Hətta buna da baxmayaraq qardaşların uzun müddət azadlıqdan məhrum edilməsi Londonun evə qayıdan terrorçulardan narahatlığını nümayiş etdirir.
Ən maraqlısı budur ki, qardaşların Suriyada olmaları barədə yeganə dəlil onların mobil telefonlarından edilən zənglər olub.
Qərbli "cihadçı"larla bağlı mətbuatda dərc olunmuş son xəbərlərdə mobil telefonla bağlı ibrətamiz bir əhvalat da dərc olunub.
"The Daily Telegraph" qəzeti yazır ki, Fransadan olan "cihadçı"lar evə göndərdikləri məktublarda soyuqdan, döyüşə bilmədiklərindən və nə uğrunda döyüşdüklərini başa düşmədiklərindən şikayət edirlər.
Fransanın "Le Figaro" qəzeti bu ölkədən hazırda Suriyada vuruşan 376 terrorçudan bəzilərinin evlərinə göndərdikləri məktubları dərc edib.
Cihadçılar məktublarında valideynlərinə və yaxınlarına evə qayıda bilmək məqsədilə məsləhət üçün yalvarırlar. Hələbdə olan bir Fransa vətəndaşı yazır: "Mənim burada işim silah tənmizləmək və ölənləri daşımaqdır. Qış gəlib. Burda hər şey çətindir..."
Başqa birisi isə yazır: "Boğaza yığılmışam. Burada mənə paltar yudurdurlar".
Məktub müəllifləri Avropanın rahat həyatı üçün darıxdıqlarını gizlətmirlər.
"Lap bezmişəm. Burada iPod-um işləmir. Evə qayıtmaq istəyirəm" - yazır fransalı "cihadçı".
Daha bir məktubda isə vahimə ifadə olunub: "Onlar məni ön cəbhəyə göndərmək istəyirlər. Axı mən döyüşə bilmirəm".
"Le Figaro" bəzi mənbələrdən alınan məlumatlara əsasən yazır ki, onları tərk etmək istəyən Fransa vətəndaşlarından birinin boynu vurulub. Bu gənc döyüşçü sadəcə olaraq "əmir"ə yaxınlaşaraq evə qayıtmaq istədiyi barədə "məsləhətləşib".
Belə görünür ki, Fransa hökuməti də peşman olub qayıdan "cihadçı"ları təkrar ölkəyə buraxmaq niyyətində deyil.
İŞİD terrorçuları Fransada yaşayan valideynlərinin tutduqları vəkillər gənclərə birtəhər İstanbula və ya Ərbilə çatıb özlərini konsulluğa təslim etmələrini məsləhət görürlər.
Lakin mətbuat xəbər verir ki, Fransaya qayıtmış 100 "cihadçı"dan 76-sı artıq həbsxanadadır.
Britaniyanın kəşfiyyat orqanlarının verdiyi məlumata görə, İŞİD britaniyalı terrorçuları fransalılardan daha yüksək qiymətləndirir və sonuncuları "əfəlliklərinə görə çox vaxt "qanmaz" adlandlırır".
Lakin "Le Figaro"da dərc olunmuş məktublardan belə nəticə də çıxarmaq olar ki, İŞİD və başqa ekstremist qruplaşmalar qərblilərin döyüş qabiliyyətinə bir o qədər də inanmır və etibar etmirlər.
Elə məktubların çoxunda da onlar paltar yumaqdan, xörək bişirməkdən, soyuqdan, ölü daşımaq və ayaqyolu təmizləməkdən şikayət edirlər.
Məsələn, Hindistanın Mumbay şəhərindən olan 23 yaşlı Majeed 6 ay İraqda İŞİD-lə birlikdə döyüşdükdən, lakin əsasən ayaqyoluları təmizlədikdən sonra müqəddəs müharibədən məyus olaraq vətənə qayıdıb.
Majeed "The Daily Telegraph" qəzetinə deyib: "Orada müqəddəs müharibə-zad yoxdur. İşləri öldürmək və zorlamaqdır".