Putin özünü tələyə salıb Dünya

Putin özünü tələyə salıb

Rusiyanın subyektləri də ayağa qalxmağa hazırlaşır

Cavid

Rusiya Krımdakı əsgər kontingentinin sayını artıracaq. Bu barədə Rusiya hərbi mənbələri xəbər verib. Buna səbəb isə rus hərbi birləşmələrinin Ukraynanı cənubi-şərqi hissəsində nəzarəti daha da gücləndirməkdir.
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Viktor Çurkin Rusiyanın Ukraynadakı hərəkətlərini tam uyğun və legitim adlandırıb.
Ukraynanın TSN telekanalının jurnalistləri isə Rusiya hərbçiləri tərəfindən tutulmuş və ya mühasirəyə alınmış obyektlərin aktual xəritəsini hazırlayıblar.
Hazırda Krımın Fiolent burnunda silahlı insanlar Ukrayna hərbi-dəniz qüvvələrinin kəşfiyyat mərkəzini mühasirəyə alıblar. Sak rayonunun Novofedorovka qəsəbəsində dəniz aviasiyası hərbi hissəsi mühasirədədir. Hərbi hissənin ətrafında Rusiya hərbçiləri perimetr üzrə düzülüb. Kerçdə dəniz mühafizəsi dəstəsinin girişinə avtomatla silahlanmış naməlum adamlar gəliblər. 4 avtobusdan birinin nömrəsi Rusiyaya məxsusdur.
Sevastopolda Ukrayna hərbçiləri havadan müdafiə sursatlarını sinələri ilə qoruyurlar. Ərazi Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınıb, giriş yük maşınları ilə bağlanıb. Ukrayna hərbi-dəniz qüvvələrinin qərargahı mühasirəyə alınıb, elektrik cərəyanı kəsilib və s.
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) isə bəyanat yayaraq Rusiyadan gələn təhlükənin getdikcə artdığını bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq bəyan edib ki, Rusiya Krım üzərində nəzarəti tam ələ keçirib.
"Röyter"in məlumatına görə Kiyevdə olan diplomat bildirib ki, situasiya olduqca gərgin olaraq qalır.
Uilyam Heyq Rusiyanın Ukraynanın qərbinə doğru irəliləyə biləcəyindən də narahatlıq ifadə edib.
Ukrayna Müdafiə Nazirliyi isə bildirir ki, martın 3-nə keçən gecə Rusiya qırıcıları Qara dəniz üzərindən iki dəfə ölkənin hava məkanına daxil olmağa cəhd ediblər. Ukrayna Hərbi-Hava Qüvvələrinin "Su-27" qırıcıları həyəcan siqnalı ilə havaya qaldırılıb və təxribatın qarşısını alıb.
Digər məlumata görə, Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) kəşfiyyatçıları Krımda ələ keçirdikləri hərbi hissələrdən ukraynalı sərhədçilərə öz şəxsi əşyalarını götürməsinə icazə vermir. Rusiya baş naziri Dmitri Medvedyev isə bildirib ki, hökumət artıq Krımı Rusiyaya birləşdirən və Kerç körfəzi üzərindən keçən körpünün inşası layihəsinə başlamağa hazırlaşır.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, Ukrayna ərazisində Qara dəniz donanmasına qarşı "yeni təxribatlara" hazırlıq gedir. O, Qərb tərəfdaşlarını Ukrayna məsələsində geosiyasi hesabları kənara qoyub Ukrayna xalqının maraqlarını nəzərə almağa çağırıb.
Rusiyanın bir patron da istifadə etmədən Krımı bütünlüklə işğal etdiyi bir vaxtda Qərb liderləri Vladimir Putini dayandırmağın yollarını axtarırlar və bu məqsədlə intensiv telefon danışıqları aparırlar. Qərb KİV-ləri xəbər verir ki, ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkellə telefon danışığı aparıb və Krımdakı vəziyyəti müzakirə edib.
Həmçinin Obama Böyük Britaniyanın baş naziri Devid Kemeronla telefon danışığı aparıb. Kemeronun bildirdiyinə görə, onlar Obama ilə razılaşıblar ki, Rusiya indiki kursu dəyişməsə, bunun əvəzini çox baha ödəyəcək.
Bundan əvvəl ABŞ dövlət katibi Con Kerri Rusiyaya cavab olaraq hərbi güc variantının da masa üzərində olduğunu bildirmişdi.
Ukrayna martın 5-dən 7-dək olan dövrdə MDB Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasını keçirməyi təklif edir.
Minskdə Birliyin İcraiyyə Komitəsinə Ukrayna Xarici İşlər Nazirliyinin müvafiq notası daxil olub. MDB Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının keçirilməsi təşəbbüsü Ukraynanın ayrı-ayrı regionlarında, o cümlədən Krımda yaranmış vəziyyətlə əlaqədar irəli sürülüb. MDB İcraiyyə Komitəsi isə münasibət bildirmək üçün həmin notanı Birliyin iştirakçısı olan ölkələrin xarici siyasət idarələrinə göndərib. Qeyd edək ki, 2014-cü il yanvarın 1-dən Ukrayna MDB-də sədrlik edir.
Bu arada ABŞ-da Senat Rusiyanın aktivlərinin dondurulması və Rusiya vətəndaşları viza qadağası müzakirə edib. Bu barədə senatın Avropa məsələləri üzrə komitəsinin rəhbəri senator Kris Mörfi məlumat verib.
Bununla yanaşı Mörfi "Reuters" agentliyinin əməkdaşı ilə telefon danışığı zamanı qeyd edib ki, əgər Avropa da analoji tədbirlər görməsə, ABŞ tərəfindən qoyulan birtərəfli sanksiyaların effekti az olacaq.
Bu fikri Senatın demokrat çoxluğunun lideri Harri Rid də səsləndirib. Onun sözlərinə görə, ABŞ avropalıların iştirakı olmadan Ukraynada rus hərbi-hissələrinin iştirakı ilə bağlı hələ ki hər hansı hərəkət etməməlidir.
"Biz gərək avropalılarla əməkdaşlıq edək. Əgər hansısa sanksiyaya qaçmaq istəyiriksə gərək onların maraqlarını rəhbər tutaq".
Əgər sanksiyaya əl atmaq qərara alınsa, Ridin fikrincə, o sanksiyaları rus bank sistemlərinə yönəltmək lazımdır.
Milli Məclisin deputatı Vahid Əhmədovun fikrincə bu mübarizə əslində demokratiya davası deyil, Qərblə Rusiya arasında açıq savaşın nəticəsi idi: "Əslində bunun kökləri indiyə yox, bir neçə il öncəyə gedib çıxır. Viktor Yuşşenkonun iqtidara gəlişi ilə Qərblə Rusiya arasında Ukraynaya nəzarət uğrunda mübarizə gedirdi. Müəyyən dövlərdə Qərb, müəyyən dövrlərdə Rusiya üstünlük qazansa da, bu mübarizə səngimirdi. Bilirsiniz ki, Viktor Yanukoviç Rusiyanın kadrı idi və o, açıq şəkildə rusmeylli mövqe ortaya qoymaqla, Qərblə Rusiya arasındakı savaşı şiddətləndirdi. Hesab edirəm ki, bu xəmir hələ çox su aparacaq və hətta Ukrayna siyasi krizisi adlasa da, iqtisadi baxımdan uzun müddət özünə gələ bilməyəcək".
Rusiya ilə Ukrayna arasında son günlərdə başlamış qarşıdurma politoloq Qabil Hüseynli tərəfindən Putinin çox dərin düşünülmüş siyasətinin olmaması kimi dəyərləndirilib.
Politoloq Putinin özünü tora saldığını deyib: "İndi onun bu tordan çıxması, Rusiyanın da olmasa, Putinin karyerası hesabına başa gələ bilər. Çünki bütün dünya Rusiyanın Ukraynaya təcavüzü olayları ilə bağlı etiraza qalxıb".
Qabil Hüseynli iqtisadi müstəvidə Rusiyaya təzyiqlər edilməyə başlanıldığını bildirib. Onun sözlərinə görə, artıq Rusiya birjasının və "Qazprom" da daxil olmaqla şirkətlərin aksiyalarının qiymətləri sürətlə aşağı düşməkdədir. Bu onunla əlaqədardır ki, qərb Rusiyaya qarşı açıq təhdidə keçib. Onun sözlərinə görə, qərb eyni zamanda Rusiyaya siyasi xarekterli sanksiyalar tətbiq etməyə başlayıb: "Səkkizlərin mart ayında Soçidə keçiriləcək sammiti artıq baş tutmayacaq. Bu isə o deməkdir ki, Rusiya artıq səkkizlərin üzvü ola bilməyəcək".
Politoloqun fikrincə, həm də Rusiya qazının və neftinin alınması ilə bağlı müəyyən sanksiyalar ola biləcək: "Bu isə Rusiyanın əsas gəlir mənbəyidir. Dünya bazarında dollardan aslı olan Rusiya böyük maliyə itkiləri ilə üzləşəcək. Rusiya bır sıra şirkətlərdən aldığı malları indi ala bilməyəcək. Böyük şirkətlərin Rusiyadan getməsi prossesi sürətlənəcək".
Qabil Hüseynli bildirib ki, Kremlin Ukraynaya qarşı zorakılığına qarşı Rusiyanın özündə də etirazlar yüksələcək: "Sankt Petrburuqda, Tatarıstanda, Başqırdıstanda, Moskvada bu cür etirazlar keçirilir. Bu isə Rusiyanın özündə də mövcud rejimə qarşı fikirlər səsləndirildiyi deməkdir. Putin indi başa düşüb ki, hansı avantürayaya əl atıb və sonda hansı problemlərə gətirib çıxara bilər. Ukrayna hadisələri Rusiyanın özünə qarşı çeviriləcək. Rusiyanın özündə ciddi təlatümlər yaranacaq".
Onun fikrincə, Krımı qətiyyən Cənubi Osetiya və Abxaziyanın aqibəti gözləmir. Krım məsələsi Abxaziya və Cənubi Osetiya məsələsi deyil: "Bu məsələdə Rusiya dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən qınaq obyektinə çevriləcək. Rusiya ciddi sanksiyalara məruz qalacaq. Və bir növ Krımdan başını götürüb qaçmaq məcburiyyətində qalacaq. Ən yaxşı halda Ukrayna ordusunun güclü müqaviməti nəticəsində oradan çıxmaq məcburiyətində qalacaq. Bu da Rusiya tarixində görünməmiş hadisə olacaq. Bu, Rusiyanın içində böyük narazılıqlarla müşayət olunacaq".
Politoloq Tofiq Abbasov isə Rusiyanın özbaşınalığını beynəlxalq güclərin fəaliyyətsizliyi ilə əlaqələndirib: "Hazırda biz dünya nizamında dərin bir böhranı müşahidə edirik. Dünyada qəbul edilən nizam artıq işləmir. Bunu xarici qurum və təşkilatların Azərbaycana qarşı münasibətindən də görmək mümkündür. Azərbaycan 20 ildən çoxdur ki, beynəlxalq qüvvələri məsuliyyətə, BMT qətnamələrinin icrasına çağırsa da, hələ ki, bir nəticə əldə olunmayıb. Mənim fikrimcə, İkinci Dünya Müharibəsindən sonra qəbul olunan normativ aktlar, beynəlxalq konvensiyalar kağızda qalaraq heç bir təsir göstərmir. Yəni gücə malik olan bloklar, tərəflər istədiklərini edirlər. Hazırda gərək güc sahibləri əlahiddə danışıqlar aparsınlar. Burada təmas prosesinə böyük ehtiyac duyulur. Bu xaos dərinləşir, kəskinləşir. Ukraynanın təzə hakimiyyəti isə çox kövrəkdir. Ukraynanın şərqində və cənubunda rusdilli əhalinin çoxluğu faktoru da öz rolunu oynayır. Bu özlüyündə Rusiyanın bu bölgələrə yiyə durmasına şərait yaradır. Ukraynanın öz daxili gücü hesabına bu gərgin vəziyyətdən çıxmaq ehtimalı azdır. Gərək bu vəziyyətdə qərb dövlətləri və ABŞ məsələyə müdaxilə etsin. Ukrayna böhranı ilə bağlı beynəlxalq konfransın keçirilməsinə artıq ehtiyac yaranıb. Bu danışıqlarda "ağsaqqal"lığı ABŞ və Rusiya öz üzərinə götürməlidir".
Onu da qeyd edək ki, ABŞ Ukraynada baş verənlərlə bağlı Rusiya ilə hərbi əməkdaşlığı dayandırır. Belə ki, ABŞ rəsmi Moskva ilə ticarət və investisiya, o cümlədən hərbi əməkdaşlığı dayandırmaq qərarına gəlib.
ABŞ Ticarət İdarəsinin Rusiyadakı Nümayəndəliyinin rəsmi açıqlamasında bildirilib ki, ABŞ hökuməti bununla bağlı qərarını qətiləşdirib.
Pentaqonun mətbuat xidmətinin rəhbəri kontr-admiral Jon Kirbi də ABŞ-ın Rusiya ilə əməkdaşlığının dayandırması ilə bağlı xəbərini təsdiqləyib.