Permyakov Rusiya qanunları ilə mühakimə olunacaq Dünya

Permyakov Rusiya qanunları ilə mühakimə olunacaq

Erməni deputat Putinə məktub göndərib

"Gümrüdə erməni ailəsini qətlə yetirmiş Rusiyanın hərbi qulluqçusu Valeri Permyakov Rusiya Federasiyasının qanunları ilə mühakimə ediləcək". Bu fikirləri Rusiya Federasiyası prezidentinin mətbuat karibi Dmitri Peskov "qala tv"-yə verdiyi müsahibəsində deyib.
Onun bildirdiyinə görə, Vladimir Putin Ermənistanın prezidenti ilə apardığı telefon danışığında deyib ki, hərbi qulluqçu Rusiya vətəndaşı olduğu üçün əlbəttə ki, Rusiya qanunvericiliyində olan müddəalarla mühakimə ediləcək. Cinayət işinin araşdırılmasında erməni tərəfinin fəaliyyət göstərməsinə rəğmən, Premyakov və bu işdə əli olan digərləri Rusiya qanunları çərçivəsində cəzalandırılacaqlar.
Peskov onu da qeyd edib ki, Rusiya və Ermənistan prezidentlərinin telefon danışıqları zamanı Premyakovun Ermənistan tərəfinə verilməsi mövzusuna toxunulması haqqında informasiyaya malik deyil.
Xatırladaq ki, Ermənistan ictimaiyyəti rusiyalı hərbçinin Rusiya deyil, Ermənistan qanunları çərçivəsində mühakimə olunması tələbi ilə çıxış edirlər. Lakin Rusiya tərəfi cinayətkarın Ermənistana verilməsinin mümkünsüzlüyünü bəyan edir.
Rusiyalı politoloq Qriqori Trofimçuk bildirib ki, Gümrüdə Rusiya Federasiyasının hərbçisi tərəfindən erməni ailəsinin güllələnməsindən sonra bir məsələ tam aydındır: "Faciədən Ermənistanda anti-Rusiya əhval-ruhiyəsini gücləndirmək üçün istifadə etməyə çalışırlar. Əslində, Ermənistan və Rusiya arasında strateji əlaqələrə bu faciə hər hansı şəkildə təsir etməyəcək. Lakin çox şey istintaqın gedişindən və nəticəsindən asılıdır. Əgər süründürməçiliyə yol verilərəsə, proses anlaşılmaz və qeyri-şəffaf olarsa, prezident Serj Sarkisyanın opponentləri bu faktı mütləq ona qarşı mübarizədə nəzərə alacaqlar. Buna görə də, qatilin mühakiməsi mümkün qədər tez və qanunun icazə verdiyi dərəcədə maksimum sərt olmalıdır. Ancaq ən doğrusu qatili güllələmək olardı. Nəzər almaq lazımdır ki, Rusiya qanunvericiliyi buna imkan verir və beləliklə də, bütün suallar aradan qalxardı. Yalnız son onilliklərdə ölüm cəzasına müvəqqəti moratorium qoyulub. Bu halda həmin cəza tədbiri istisna olmalıdır. Əgər bu həyata keçirilməsə, onda hər hansı bir sonraki buna oxşar hadisə hər bir şeyi yerindən oynadan sonuncu "damla" ola bilər. Bu zaman Ermənistan-Rusiya münasibətlərinin pozulmasını istənilən maraqlı tərəf edə bilər".
Qriqori Trofimçuk bildirib ki, Ermənistanda prezidentə qarşı çıxan siyasi qüvvələr aktivləşib: "Hazırkı president Serj Sarkisyanın səlahiyyət müddətinin bitməsinə indi olduğu kimi üç il yox, bir il qalsaydı, onda qətlə yetirilmiş ailəyə görə, ona qarşı təzyiqləri maksimum həddə çatdırmağa cəhd olunardı. Lakin təəssüf ki, ona qarşı çıxan qüvvələr üçün həm prezident, həm parlament seçkiləri yaxın zamanda keçirilib. Bu səbəbdən etirazları növbəti seçki kampaniyasına kimi süni surətdə dartıb uzatmaq mümkün deyil".
Ermənistanın "İrs" partiyasının deputatı Zarui Bostancyan isə Rusiya prezidenti Vladimir Putinə və RF-nın baş prokuroru Yuri Çaykaya tələb məktubu göndərib. Bu barədə "armtoday.info" saytı yazır. Sözügedəm tələb məktubunda ittiham xarakterli ifadələr qeyd edən erməni deputatı yazıb ki, nəhayət Siz (V.Putin – red.) kifayət qədər gecikməklə, Rusiyanın birinci şəxsi qismində telefon vasitəsilə Gümrüdə həlak olanların yaxınlarına və erməni xalqına baş sağlığı verdiniz: "Ermənistan vətəndaşları Rusiyada və Ermənistanda baş verən çətin siyasi-iqtisadi vəziyyəti yaxşı başa düşür. Lakin həmin vəziyyət Sizin uzunmüddətli susqunluğunuza və Ermənistanın suverenliyinə qarşı haqsız hərəkətlərinizə heç bir bəraət qazandırmır".
Zarui Bostancyan məktubunda Putinə xatırladıb ki, Ermənistan Rusiya Fderasiyası üçün yeganə yerdir ki, SSRİ dağıldıqdan sonra bu ölkədə birgə sərhəd mühafizəsi və hərbi bazaların mövcudluğu qorunaraq-saxlanılıb: "1992ci ildə Rusiya ilə Ermənistan arasındakı razılaşmaya əsasən, RF sərhədçilərinin Ermənistandakı sərhədlərin birgə mühafizəsi statusu müəyyənləşdirildi. Həmin vaxt Ermənistan Rusiyanın tərəfdaşı kimi rusiyalı sərhədçilərin Türkiyə və İranla olan sərhədlərdə mühafizə aparmasına şərait yaratdı".
Erməni deputat Putinə yazdığı məktubunda bu yaxınlarda RF bazalarının Ermənistanda qalması barədə gəlinən 49 illik razılaşmanı da xatırladaraq, yazıb ki, həmin bazaların saxlanmasındakı bütün xərcləri Ermənistan trəfi ödəyir.
Bostancyan yuxarıda qeyd edilən razılaşmaların Rusiya üçün nəhəng, eyni zamanda əvəzolunmaz imkan olduğunu bildirib və əlavə edib ki, Ermənistan vətəndaşları son zamanlar Rusiya tərəfinin qeyri-rasional davranışlarından xəbərdardırlar.
O, daha sonra Gümrüdəki qətl hadisənini qabardaraq yazıb ki, V.Putinin gecikmiş başsağlığı diləyi heç bir yaranı sağaltmır: "Sizin gecikmiş başsağlığınız bizim ağrımıza təsir etmədi və dərdimizə dərman olmadı".
Zarui Bostancyan qatilin erməni tərəfinə verilməməsini Rusiyanın Ermənistanın konstitusiyasını pozması kimi qiymətləndirib. Məktubunun sonunda isə erməni deputatı Premyakovun dərhal Ermənistanın hüquq-mühafizə ortqanlarına təhvil verilməsi tələbini irəli sürüb.