Baş Prokuror Rusiyanı ittihamlayıb Dünya

Baş Prokuror Rusiyanı ittihamlayıb

Gevorq Konstanyan: "Ermənistan Rusiyaya nota verməlidir"

Ermənistan baş prokuroru Gevorq Konstanyan erməni parlamentində çıxışı zamanı Rusiya sərhədçilərini sərt tənqid edib.
Konstanyan deyib ki, Gümrüdə Avetisyan ailəsinin 7 üzvünü qətl etdikdən sonra Türkiyə sərhədinə qaçmış Valeri Permyakov tutulduqdan sonra hərbi hissəyə qaytarılmalı deyildi. Onun sözlərinə görə, rus hərbçilər onu Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verməli idilər.
Erməni mətbuatı buna ciddi reaksiya verib. "Bu, siyasi ittihamdır, bu cür ittihamdan sonra Ermənistan Rusiyaya nota verməlidir",- deyə şərhçi Naira Hayrumyan bu gün yazdığı məqaləsində bildirir.
Ermənilər Avetisyanlar ailəsinin qatili olduğu iddia edilən Valeri Permyakovun erməni məhkəməsinə verilməsini tələb edirlər. Moskva isə Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz.
Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir.
Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.
Valeri Permyakovun yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirdiyi iddia edilir. Hadisıə zamanı yalnız 6 yaşlı Seryoja sağ qalmışdı. Bu günlərdə dünyasını dəyişmiş Seryoja Gümrüdə dəfn edilib. Valeri Permyakovun Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutulduğu bildirilib.
Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.
Ermənistanın beynəlxalq məsələlər və təhlükəsizlik institunun rəhbəri Stepan Səfəryan da Rusiya tərəfinin erməniləri məsələni siyasiləşdirməkdə ittiham etməsinin doğru fikir olmadığını deyib. "Rusiya erməni ictimaiyyətini elə bir situasiya ilə qarşı-qarşıya qoyub ki, artıq Ermənistan rəhbərliyindən nə isə tələb etməyə lüzum qalmır. Çünki cinayətkar hərbçi Rusiya hərbi bazasında saxlanılmaqdadır. Nəticədə Rusiya strukturlarına qarşı olan etirazlar siyasiləşdirilmiş olay kimi qiymətləndirilir"-deyə, Səfəryan bildirib.
İnstitut rəhbəri qeyd edib ki, Rusiyanın xarici işlər naziri və hökumətinin özü bu məsələ ətrafında spekulyasiya edir, o cümlədən, bu vasitə ilə etiraz səslərini boğur. Səfəryanın fikrincə, məsələnin həlli Rusiya tərəfindədir və bu ölkə bilməlidir ki, mövcud vəziyyət erməni-rus münasibətlərinə ciddi təsir edəcək: "Rusiya XİN-in rəhbəri erməni ictimaiyyətinə nəyi demək olar, nəyi demək olmaz dərsini keçməməlidir. Bu, təhqirdir. Çünki Gümrü ictimaiyyəti öz tələbini ortaya qoyur, geosiyasi məsələdə spekulyasiya etmir. Əslində, Rusiya düşünməlidir ki, hansı geosiyasi oyunlar oynayır. Bu baxımdan, Gümrü ictimaiyyəti ümumiyyətlə, geosiyasi oyunlar oynamaq marağında deyil və buna ehtiyac da görmür".
İrəvan mətbuat klubunun sədri Boris Naovosardyan isə hesab edir ki, Rusiyanın xarici işlər naziri məsələnin siyasiləşdirilməsi dedikdə nəyi nəzərdə tutur: "Çünki bu məsələdə baş verən hadisənin nəticlərini siyasiləşdirməmək olmur. Qətl hadisəsi başqa ölkənin hərbi qulluqçusu tərəfindən törədilib və bu hadisə hərbi bazadan kənarda- başqa ölkənin ərazisində baş verib. Qətldə başqa ölkəyə məxsus silah işlədilib. Ona görə də bu hadisədə istəsək də, istəməsək də siyasi tərəflər var".