Yaxın Şərq geosiyasi dəyişikliklər burulğanında Dünya

Yaxın Şərq geosiyasi dəyişikliklər burulğanında

Səudiyyə Ərəbistanının hazırki modelinin ömrü artıq sona çatmaqdadır

Cavid

Səudiyyə Ərəbistanının rəhbərləri uzun müddət nüfuzlarından ehtiyatlı şəkildə istifadə ediblər. Onlar ölkə daxilində stabillik yaratmaq, xarici dövlətləri tabe etmək və islam dinini yaymaq üçün neft ixracından gələn gəlirlərdən istifadə ediblər. Hazırda isə Yaxın Şərqdə qarışıqlıq hökm sürür və İranla rəqabət artmaqdadır, bütün bunların arasında səudiyyəlilər daxili, xarici və iqtisadi siyasət üzrə özlərinə xas olmayan cəsarət göstərirlər. İstər qəsdən, istərsə də bilmədən olsun, səudiyyəlilər ərəb dünyasında başlıca qüvvə kimi seçilirlər.
Ərəblərin artıq müasir, dinamik liderlərə ehtiyacları var. Ancaq Səudiyyənin yeni liderlərinin fəaliyyəti nəinki regionun, öz ölkələrinin əsl problemlərini həll etməyə cəhd göstərməkdən çox düşünmədən oynanılan qumara bənzəyir. Səudiyyə Ərəbistanında rəhbərliyin yaxşı işləməsi üçün fərqli forma götürməlidir.
"Economist" yazır ki, islam dinində ən müqəddəs sayılan iki yerin yerləşdiyi və son zamanlara qədər dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanının ərəb və islam dünyasında önəmli yer tutması labüddür. Ancaq bu gün baş verən öyrəşilməmiş hadisələr öyrəşilməmiş aktivizmin başlamasına səbəb olub. Səudiyyə Ərəbistanı neft qiymətləri düşəndə bazarı stabilləşdirmək üçün istehsalı azaltmadı, əksinə rəqiblərini sıradan çıxarmaq üçün neft çıxarmağa davam etdi. Misirdə xalq üsyanından sonra islamçılar hakimiyyətə gələndə Səudiyyə Ərəbistanı və digər körfəz ölkələri Məhəmməd Morsinin devrilməsi ilə nəticələnən hərbi çevrilişi dəstəklədilər, həmin vaxtdan bəri də generallara maddi baxımdan dəstək göstəriblər. İranın dəstəklədiyi husilər bu il Yəməni ələ keçirməyə çalışdıqda isə müharibəyə başladılar.
Ölkə daxilində kral Salman konstitusiya inqilabına nəzarət edir. O, hakimiyyətin ən yaşlı şəxsə ötürülməsi prinsipi ilə sülalənin banisi Əbdül Əziz bin Saudun oğullarına keçməsinin tərəfdarı deyil. Onun istədiyi hakimiyyəti öz oğlunu gətirməklə yeni nəslin fəaliyyətə keçməsidir. Ölkədə iqtisadi siyasətin qərarlaşdırılmasında əsas şəxsə çevrilən 30 yaşlı Məhəmməd müdafiə naziri kimi Səudiyyənin bayrağındakı qılıncı təcəssüm etdirir.
Bunun həyata keçməsi köklü dəyişiklik deməkdir. Ancaq Səudiyyə Ərəbistanı üçün müxtəlif faktorlar var. Ümumi götürdükdə, ərəb dövlətləri ya tənəzzül edib, ya da zəifləyiblər. Bir vaxtlar İrana qarşı ərəblərin istinadgahı olan İraq Suriya kimi viran qalıb. Ən çox əhalisi olan ərəb ölkəsi Misir əks-inqilabı gücləndirməklə məşğuldur.
İkinci faktor geosiyasi dəyişikliklərdir: Amerika xaosdan geri çəkilmək istəyir, İran isə daha da irəliləyir. Amerika İranla nüvə sazişi razılaşdırmaqla, ərəb monarxların qorxularını gücləndirib.
Üçüncü faktor neftlə əlaqədardır. Amerika Səudiyyə Ərəbistanının dünyanın ən böyük neft istehsalçısı statusunu əlindən alıb. Səudiyyə Ərəbistanı neft qiymətləri düşdüyündən öz bazar payını saxlamağa və yüksək xərcli istehsalçıları işdən kənarlaşdırmağa çalışır.
Problem odur ki, plan işə yaramır. Yəməndə gedən müharibədə vəziyyət yaxşı deyil. Həftələrlə sürən bombardmandan sonra husilər hələ də irəliləyirlər. Müharibə və Qərb ölkələrindən silah alınması dövlət maliyyəsini zəiflədir. Neft qiymətlərinin əvvəlki vəziyyətinə qayıtma ehtimalı çox az olan bir vaxtda ölkədə ikirəqəmli büdcə kəsiri var.
Xalqın əliaçıq, Amerika tərəfindən qorunan rəhbərlərini sorğulamadıqları köhnə Səudiyyə modelinin ömrü artıq sona çatmaqdadır. Köhnə sosial məhdudiyyətlərə görə krallıq insanlara artıq heç bir zəhmət tələb etməyən dövlət işləri verə bilmir. Alternativ dolanışıq qaynaqları tapmaq üçün xarici dünyaya açıq bir iqtisadiyyat və Quran oxumaqdan daha çox iş görə biləcək dərəcədə təhsil almış əhali lazımdır. Bunun üçün Riyad və Dubaya baxmaq kifayətdir. Biri tutqun, digəri isə parlaq.
Səudiyyə Ərəbistanı neftdən də ayrılmalıdır. Vətəndaşlara maddi yardım göstərilməsindən daha çox vergi qoyulmalıdır. Bu və ya digər yolla ölkədə dəyişiklik özü göstərəcək. Hakimiyyətdə olanlar bundan islahat keçirmək üçün istifadə etməlidirlər. Bu, eyni zamanda liderlik göstərmək, İrana və radikalizmə qarşı mübarizə aparmaq, Qərblə zəifləməkdə olan müttəfiqliyi qorumaq üçün olduqca işə yarayardı.