Gürcüstan müdafiə nazirinin müavini Bakıya gəlib Hadisə

Gürcüstan müdafiə nazirinin müavini Bakıya gəlib

Mixeil Darçiaşvilinin Zakir Həsənovla görüşündə bölgədəki hərbi-siyasi vəziyyət müzakirə olunub

Dünən Müdafiə Nazirliyində Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvilinin rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M.Darçiaşvilini əvvəlcə Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov qəbul edib. Hər iki dövlətin Müdafiə nazirliklərinin nümayəndələrinin görüşündə ölkələr arasında hərbi və hərbi-təhsil sahələrində əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Daha sonra M.Darçiaşvilini Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. Naziri qonağı salamlayaraq iki ölkənin münasibətlərinin strateji xarakter daşıdığını, beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış etdiklərini, Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdirildiyini vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov ölkələrimizin ərazilərindəki mövcud qaynar bölgələrdəki dondurulmuş münaqişələrin regionun inkişafına ciddi maneə olduğunu diqqətə çatdırıb. O, eyni zamanda Ermənistanla Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Gürcüstan müdafiə nazirinin müavini M.Darçiaşvili də öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi bazaya və qarşılıqlı səmimi münasibətlərə əsaslandığını, Gürcüstanla Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edib, hər iki ölkənin müdafiə nazirlikləri arasında müxtəlif sahələr üzrə əməkdaşlığın ölkələrin ümumi mənafelərinə xidmət etməsini bildirib.
Sonra Azərbaycan-Gürcüstan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze də iştirak edib.