Xocavənd rayonunun işğalı yaddaşlarda Hadisə

Xocavənd rayonunun işğalı yaddaşlarda

II yazı

Söyləyicilər bəzən birbaşa ermənilərin törətdikləri soyqırımlardan danışır, bəzən də dolayı yolla bu məsələyə toxunurdular. Məsələn, "Qanlı dərə" adlı ərazinin adının verilmə tarixindən danışan söyləyici istər-istəməz yenə ermənilərin törətdikləri qanlı hadisələrdən danışmalı oldu (Söyləyicilərin danışıq üslubu olduğu kimi saxlanılıb – red.): "Qanlı dərə vardı. Ora uşaq vaxdı atamla gedirdik. O vaxdı orda lager varıdı, piyaner lageri. Məni aparırdı piyaner lagerinə. Orda da hamısı erməniydi. Ordan keçəndə dedi ki, bala, bura Qannı dərədi. Dedim ki, niyə Qannı dərə deyillər, ata? Sual verdim da. Dedi ki, burda azı min nəfər azarbaycannını qırıflar. Dağdan gələndə burda pusqu eliyiflər. Dərin dərədi. Burda pusqu eliyiflər. O pusquda azərbaycannılar hamısı düşüv o erməninin arasına. Burda gülləliyif qırıflar. Dedi, bax orda. Mana bir ağaş gösdərdi. Böyüy ağacıdı. Dedi ki, bax bu ağacın dibində azarbaycannıların birinin belinə qaynammış samavarı bağlıyıf, belində samavar ora-bura qaçmağa məjbur eliyiflər. Sajayax deyillər, qoyurdular ojağa, qalıyırdılar, qızırdı möykəm. Bax o spiral kimi qızaranda deyir, götürüv taxırdılar müsəlmannarın başına. Çılpaxlıyırdılar, lütdüyürdülər, deyir, taxırdılar onun boynuna ki, bunnara zulum eliyək. 1905-ci ildə, 1918-ci ildə, sora Savetin vaxdında da onnar müsəlmanı qırıflar" (Qarabağ, VII kitab).
Söyləyicilərin dediyinə görə, bəzən ermənilər özləri də ya bilərəkdən, ya da bilməyərəkdən əraziyə gəlmə olduqlarını etiraf edirmişlər: "Səkkiz evim qaldı Qarabağda. Savetdikdə dörd kəndi qarışdırmışdılar bir yana. Haxulluydu, Ağbulaxıdı, Edilliydi, Düdükçüydü. O kəndl’rin üçündə erməni yaşıyırdı. O Düdükçü dediyim kənd bəylər kəndi olub. Ermənidən qabax. Edilliynən Ağbulaxda da uje erməni yaşıyırdı. Amma hamsı İrannan gəlif. Müharbə olanda gəliflər hamısı (söyləyici Rus-İran müharibələrini nəzərdə tutur – top.). Özü də İranın Ğırdehli kəndi var. Ordan gəlif hamsı. İranın kəndidi. Özdəri bir-biriynən dalaşmırdı? Dalaşanda söyüşürdülər. Sən Ğırdehlidən gəlmisən, sən hardan gəlmisən? Onçun da biz bilirdik ki, hə, bu adam ordan gəlif də, İranın Ğıdehli kəndinnən. Olar hamsı gəlmeydi dana", "Edilli varıydı, Düdühçü varıydı, sora Məmədəzor vardı, sora Çırauz varıydı, erməni kətdəri. Olar İranan gəlməydi. 28-dəki köçürmədə gəlif bu kəntdərin camahatı (Söyləyici 1828-ci il Türkmənçay sülh müqaviləsini nəzərdə tutur – top.). Mən ermənilərin özünnən danışırdım. Deyirdilər ki, bizim babalarımız İranan gəlip. Ulu bavası gəlif. Edilli erməniləri boynlarına alırdılar ki, İrannan gəlmişih. Sora Çırauzda yol çəkirdih. Yolu bulduzer genişdəndirirdi. Bir qəbir çıxdı, qədim qəbir. Belə gəldim (mən də prarabam də). Belə baxdım. Kəndin də sədr əvəzi birqadiri vardı, sağ qolu yox Şirin deyirdilər ona. Bu da gəldi. Belə baxdım ki, qəbrə əhlət daşı qoyuluf. Bizdə qəbrə, uzax evdən, əhlət deyillər, hörgü kimi, üsdünə də daş qoyullar də. Bu, elə qanuni müsəlman qəbridi də. Dedim, ə, ora bax e, əhlət daşıdı, bu erməni qəbri döyül, bu burda nə gəzir, bu azərbaycannı? Bu, mənim başımı belə yozdu ku, ə, yox, bizdə qavax erməniləri də belə basdırırdılar də. Sora uje yolu çəhdih, getdih, kəndin içinə çatanda baxıram ki, kəndin o biri tayında Azərbaycan qəbirsannığı var, Çırauzda. Getdim qəbirsannığı fırrandım. Gördüm qolu yox Şirin belə şey baxır, pisihmiş halda. Ə, dedim, bə burda da qəbirsannığ var axı. Sora boynuna aldı ki, bə vaxdilə burda azərbaycannılar yaşıyıf də. Sora olar köşdü getdi. O birinci erməni-musurman davasında oları qoluyuflar, qırıflar" (Göyüşov Ramiz).
Dağlıq Qarabağda ermənilər 1967-ci ildə növbəti dəfə separatçılığa başlamışdılar. Əslən Xocavənd rayonunun Qaradağlı kəndindən olan, Kuropatkin kəndində məktəb direktoru işləyən Ərşad müəllimin və iki nəfər qohumunun şərlənərək tutulması bu hadisələrə başlanğıc olmuşdu. Tutulmuş üç nəfərin Xankəndində vəhşigəsinə qətlindən sonra dövlət strukturlarının və bilavasitə Heydər Əliyevin məsələyə qarışması erməni separatizminin həmin dövrdə yatırılmasına səbəb olmuşdu.
1988-ci ildə Xankəndində ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistana birləşdirmək tələbi ilə separatçı mitinqlərə başlayandan bu bölgənin əhalisinin də qara günləri yenidən başlayıb. Əhali həmin dövrü "daşlaşma", "ağaclaşma" dövrü kimi xatırlayır. Nisbətən yüksəkdə yerləşən erməni kəndlərindən, demək olar ki, hər gün Azərbaycan kəndlərinə daş yağdırılır, od vurulmuş təkərlər ot tayalarına, tövlələrə doğru yuvarladılır, yolla gedən dinc sakinlər təklikdə ələ keçən kimi ağacla döyülürdülər. Az bir müddət içində "daşlaşma", "ağaclaşma" dövrü ən müasir silahlar vasitəsilə edilən gülləbaranlarla əvəzləndi. Tuğ kənd sakini Tanrıverdiyeva Zenfira Tanrıverdi qızı o illəri belə xatırlayır: "Kətdə axrıncı vaxlarıydı. Hələ döyüş yoxudu. Ancağ elə-belə ağaş davası varıdı. Nəysə, nümayiş gedir. İdarə də bizim evin yanındaydı. Topalaşıf ağsakqallar (bizimkilər) idarənin üsdündə gəliv oturuflar. Yenif gəliflər idarəyə. Bizim evin belə qapısınacan ermənidi, bax belə, yolun ortasında bir belə, acca yer var. Bu tərəfi də bizim camahatdı. Elə bil, idarə qalıv ortada. Burdan də gəliflər, burdan da. (Allah rəhmət eləsin) Ramizin atası gəlif, bu da bizdədi. Qayıtdım ki, Sərdar dayı, axşam gəlsin, neyniyəjiyih bularnan? Bular bizi batırıf qırır. Dedi, bala, oları bircə ağaşnan qaldırıf qoyjam Hatvotun (Hatvot – Xocavənd rayonunda kənd) başında. Dedi, aparıv oracan qoluuf gələjiyih. Evin böyrünə hərrəndim. Cavannar (bizim kəndin cavannarı) belə yekə-yekə payaları yığıflar bizim evin arxasına. (Bizim ev sentirdədi.) Allah, ağacı görəndə ağlım başımnan çıxdı. Bu nədi? Axşam düşdü. Axşam düşəndə uşaxlar payaları götürdü, düşdü erməninin canına. Ermənini şil-küt eliyiv aparıf çıxartdılar Hatvota. Daldan bu urus gəldi. Nə elədi, urus elədi. Erməninin güjü dünyada çatmazıydı bizə. Hələ özü də bizim kənt bax belə erməninin içindeydi. Yazıx kişi qayıtdı, bax gördün? O da bir ağaş götürüf gəlif. Dedi, gördün, ağaşnan apardıx. Hamsının başını-gözünü yarmışdılar.
Xocavənd rayonunun işğalı 1991-ci ilin 30 oktyabrında Tuğ kəndinin didərgin düşməsi ilə başlayır və 1993-cü ilin 23 avqustunda Günəşli kəndinin işğalı ilə başa çatır. Bu gün bütövlükdə Dağlıq Qarabağdan əlimizdə kiçik bir ərazi – yalnız Nərgiztəpə abidəsi qalıb. Rayon 13-ü qadın, 13-ü uşaq olmaqla, ümumilikdə 145 nəfər şəhid verib. Qaradağlı müsibəti Xocavənd rayon sakinlərinin məruz qaldığı dəhşətli faciələrdən biridir. Hər tərəfdən vaxtilə ermənilərin zəbt edərək yaşadıqları kəndlərlə əhatə olunan Qaradağlı camaatı, demək olar ki, hər gün gülləbaran altında qalsa da, təslim olmaq istəmirdi. Odur ki, arvad-uşağı kənddən çıxarıb əli silah tutan kişilər və onların qulluğunda duran qadınlar kənddə qalırlar. Ancaq 1992-ci ilin 17 fevralı onların kənddə keçirdikləri son gün olur. Kəndi hər tərəfdən mühasirəyə alan ermənilər 118 nəfəri əsir alırlar. Onlardan 10 nəfəri də qadın idi. Əsirlərdən 66 nəfər cavan seçilərək güllələnir və ölülərlə birlikdə yaralılar da silos quyusuna gömülür. Sağ qalanların az bir qismi sonradan geri qaytarılsa da, bir qismindən bu gün də xəbər yoxdur. Xocavənd sakinlərinin bir çoxu, xüsusilə də Qaradağlı kənd sakinləri Qaradağlı soyqırımı ilə bağlı kədərli xatirələrini bizimlə bölüşdülər: "Doxsan ikinci ildə, noyabrın on yeddisində Qaradağlını ermənilər mühasiriyə alıflar, kəndi yandırıf, dağıdıfdılar. Sora saysız miqdarda əhalini əsir götürüfdülər, öldürüfdülər. Öldürdühləri əhalini silos quyusuna töküv üsdün basdırıfdılar. Çoxların aparıflar. Soradan bəzilərini qaytarıfdılar, olların da çoxları uzun yaşıya bilmiyifdi. Yetmiş-həşdat nəfərə qədər əhali gediv orda qırılıfdı. Ona görə də biz hər il onu qeyd eliyirih. Qaradağlı soyqırımdı. Çox dəhşətli, tarixdə görümməmiş şəkildə işgəncə verdilər camahata ermənilər. Başdarın kəsməh, ciyərin çıxartmax, nə bilim, uşaxların gözün çıxartmax. Hamilə kadınnarın qarnın cırıv uşağı çıxartmax. Bıllar o qədər dəhşətlidi ki, heç danışmax mümkün döyül kü, belə hərəkəti hər hansı millət eliyər? Almannar da belə eliyə bilməzdilər" (Qarabağ, VII kitab).
"Qaradağlı faciyəsi vaxdı arvatdarı-zaddarı çıxartdılar, gəldih. Mən dekabır ayında ordan çıxmışam. Qalırdım, gedirdim dayna. Yoldaşım da, oğlum da Qaradağlıda qalmışdı. Hə, gedirdim ollara çörəh pişirirdim, paltarrarın dəyişdirif qayıdıf gəlirdim. Vertalyotnan. Camahat söyüş qoymuşdu ki, hara gedirih qəvirsannığımızı qoyuf? Dedilər ki, ə, Muğannıda ratsiya var, danışıflar, deyir ki, kəndi akrujeniya alıflar. Dokquz nəfər ölüf, qalanı da əsir götürüllər. Durdum elə ağlıya-ağlıya yüyürdüm, getdim ora-bıra. Bir oğlan gəldi qavağıma. Dedi ki, xala, hələ almıyıflar, amba elə muhasirədədi kənt. Amba arxayın ol, oğlun, yoldaşın salamatdı, yığıflar idariyə. Oğlum nağıl eliyir ki, dolduğ ora. Gəldilər. Bir arvat da ratsiyaynan xəbər verir İrəvana ki, belə gəlmişiy, almışıx. Ermənicən, uruscan. Ollar da, deyir, o qədər atdılar, idarələrin şüşəsi dağıldı, abışqalar dağıldı. Neçə nəfər orda öldü. Patronumuz qutarmışdı. Yendidilər aşağı, bizim silahlarımızı aldılar. Afdamatdarı varıdı, onu alıflar. Cavannarı bir yığıflar, qojaları da bir. Bıları da aparıllar o Bəylih bağı deyilən yerdə, (oğlum nağıl eliyir e mana) deyir, orda maşınnarı saxladılar. Yolda da iki nəfəri gülləynən öldürüv atdılar. Sora da ağacınan birinin başına vırıv öldürüflər. Biri deyir, əmr elədi ki, (o başı qara lentdi) on nəfər düşsün. Mametcan deyirdilər ona. Kim düşər? Kimin ürəyi gələr? İki dəfə deyir, afdamatı maşının içinə belə atdılar. İki nəfər yaralandı, deyir, qalanı da ora yıxıldı, bıra yıxıldı, töküldüh maşınnan. Töküldülər deyir. Telman adında oğlan vardı, kişinin əmisi oğlunun oğludu. O deyir, bax belə bırdan (qoynunnan) bir qranat çıxardıv atanda erməni də öldü neçə nəfər. Onnan sora başdadılar bılları qırdılar. Deyir, qalanımız maşındadı. Bir on-on beş nəfər maşındadı. Gəldi, deyir, maşınnan məni götdü, erməni gətdi tulladı bı meyitdərin üsdünə. Bax topa belə meyitdərin üsdünə tulladı, avdamatı belə zarajit elədi ki, məni vıra. O dediyim erməni, o Mametcan gəldi məni tokqam qarışıx götdü atdı maşına, vırmağa qoymadı. Aradan bir az keşdi, böyühləri gəldi, yerdə adamı sanadı, meyidi sanadı, maşının dalın bağladı, dedi, xvatit. Amba üç uşağı deyir, düşürdülər, körpə uşaxları – on dörd, on beş yaşında. Ollara dedi ki, biz sizi vilisinən aparejeyix. Olları qoydular vilisə. Biri də vardı deyir, Ağdamnanıdı. Bizim kətdən evləmmişdi. Ona da deyflər ki, qaç, qaç, səni vırmıyejeyıx. Deyif, mənim beş uşağım var, beş qızım var, məni öldümüyün. Elə qaça-qaça deyir, vırdılar, qaldı o ağacın dibində.


Ləman VAQİFQIZI,
filologiya üzrə fəlsəfə doktoru