“Avro” standart Hadisə

“Avro” standart

Arzu Şirinova

Aprelin birindən etibarən "Avro-4" standartlarına cavab verməyən avtomobillərin ölkəyə gətirilməsi qadağandır. Xatırladaq ki, bu proses 2010-cu il iyulun 1-dən etibarən "Avro-2" standartı ilə başlayıb. Davamı güman ki, olacaq. O da bildirilir ki, ölkədə mövcud avtomobillərə nəzarət isə gücləndiriləcək. "Avro-4" standartının tətbiqi təkcə avtomobillərə deyil, o cümlədən işlədilən yanacağa da təsirsiz ötüşməyəcək. Əslində təqdir olunası bir işdir, deyildiyi səviyyədə əməl olunsa. Ancaq deyəsən əməl olunmur. Çünki maşın sahiblərinin sözlərinə gərə, yanacağın keyfiyyəti bərbad gündədir. Əslində maşınlara tətbiq olunan "Avro" standart və yaxud yanacağın keyfiyyətilə işim yoxdur. Maşınım olmadığı üçün hansı standartların tətbiq olunması maraq dairəmdə deyil. Yalnız istədiyim budur ki, Azərbaycanda çox sahələrdə "Avro" standart tətbiq olunsun. Birinci növbədə insanların yaşayış səviyyəsi bu standartlara çatdırılmalıdır. Ancaq neft ölkəsi sayılan Azərbaycanda belə məsələlərdən danışmağa dəyməz. Çünki əhalinin əksəriyyəti gündəlik çörək pulu üçün əziyyət çəkməli olurlar.
Yaşayış səviyyəsinə yeni tikilən hündürmərtəbəli binaların da aidiyyatı var ki, bu sarıdan da bəxtimiz gətirməyib. Bir necə dəfə olub ki, ayrı-ayrı vəzifəli şəxslər, o cümlədən baş nazirin müavini Abid Şərifov bildirib:"Bakıda, eləcədə Bakı ətrafında tikilən yeni binalar standartlara cavab vermir". Onların fikrincə, paytaxtda əgər zəlzələ baş versə, dağıntıların miqyası ölçüyə gəlməz həddə olar. Təkcə hündürmərtəbəli binalar deyil, elə yeni inşa olunan körpülər və yeraltı keçidlər də bu gündədir. Bir ili tamam olmamış əksər körpülərdə çatlar əmələ gəlir. Hələ mən bu körpülərin ətrafında küllü miqdarda pul xərclənməklə salınan və baxımsızlıq üzündən yanıb külə çevrilən yaşıllıqları demirəm.
Yaşayış səviyyəmizə və birbaşa sağlamlığımıza təsir göstərən digər məsələ isə ölkəyə gətirilən qida məhsullarının, dərman peraparatlarının keyfiyyətsizliyidir. Azərbaycandakı işbazlar pul qazanmaq üçün bu millətə zəhər yedizdirirlər desəm, daha düzgün olar. Çünki ölkəmizə gətirilən məhsulların böyük əksəriyyəti digər ölkələrdə yasaqlanıb. Bəlkə də elə buna görədir ki, hamilə qadınların hər on nəfərindən doqquzunun qanında müxtəlif infeksiyalar aşkarlanır. Bu da nəticədə doğulan uşaqların tam sağlam olmamasına gətirib çıxarır.
Ölkəyə gətirilən zərərli məhsullardan başqa, işbazlar insanlarımıza eşşək əti sırımaqdan da qalmırlar. Bir neçə də onların bu əmməlləri televiziyalar vasitəsilə göstərilib. Ancaq faydası nə...
Avropa ölkələrində standartlara cavab verən ən ümdə məsələ isə, təhsildir. Çünki hər bir ölkənin gələcəyi, rifahı təhsillə bağlıdır. Bizdə təhsil nəinki "Avro" standartlara, heç öz standartlarımıza da cavab vermir.
Bir sözlə, "Avro" standart təkcə ölkəyə gətirilən avtomobillərə deyil, eyni zamanda yuxarıda sadaladığım və sadalamadığım bütün sahələ tətbiq olunmalıdır.