Çərşənbələrlə bağlı ənənələr Hadisə

Çərşənbələrlə bağlı ənənələr

I yazı

Novruz iri bir mərasim kompleksidir. Bu kompleksə daxil olan mərasimlərin əsas hissəsini Novruz bayramı gününə – Yeni ilin ilk gününə qədərki ilaxır çərşənbə mərasimləri təşkil edir. Qeyd edək ki, bu çərşənbələr təkcə köhnə ilin yola salınması baxımından deyil, həm də elmi mübahisələrə səbəb olması baxımından diqqətçəkicidir. Çünki son onilliklərdə Novruz bayramının xalqımızın həyatında yeri və rolu artdıqca ilaxır çərşənbələrlə bağlı mübahisələr də böyüməkdədir. Bu mübahisələrin əsas məzmun və mahiyyəti həmin çərşənbələrin adları ilə bağlıdır. Lakin bu mübahisələrin ən faydalı cəhəti ondan ibarətdir ki, polemikalar, mübahisələr fonunda Novruz bayramı ilə bağlı çoxlu maraqlı faktlar, tədqiqatlar meydana çıxır.
İlaxır çərşənbələrin sayı 4-dür. Bu, ən geniş yayılmış xalq inancıdır. Belə inanc mətnlərindən birində deyilir ki, qışda hər şey yatıb donur. Yaz gəlib dörd dəfəyə bunları ayıldır. Bunların ayılması Novruz bayramında olur. Ona görə də Novruz bayramı dərd həftədir. Bu dörd çərşənbə xalq təqvimində qışın son ayı olan Boz ayın dörd çərşənbəsidir. Xalq təqvimində də qışın müddəti 3 aydır. Əvvəlcə dekabrın 20-dən yanvarın 30-dək davam edən 40 günlük Böyük çillə, ardı ilə fevralın 1-dən 20-dək davam edən Kiçik çillə, sonda fevralın 21-dən martın 21-dək davam edən Boz ay gəlir. Boz ay həm qışın, həm də ilin son ayıdır. Onun 4 çərşənbəsi köhnə ilin sonu – yeni ilin ərəfəsi kimi xalq içərisində əlamətdar günlər kimi xüsusi fərqləndirilir və qeyd olunur. Bəzi bölgələrdə xalq təqvimindəki Boz ayın 4 çərşənbəsi ilə bərabər onlardan əvvəlki 3 çərşənbə də əlamətdar hesab olunur və onların da öz adları var.
Qeyd edək ki, tədqiqatçılar bu adlar barəsində öz aralarında mübahisə edərkən bəzi hallarda Novruzun folklor düşüncəsi olduğunu, folklorun da əsas xüsusiyyətinin variantlılıq olmasını diqqətdən kənarda qoyurlar. Fərqanə Kazımova qeyd edir ki, folklorda çoxvariantlılıq əsas xüsusiyyətlərdən biridir. Hətta kiçik bir məhəllədə bir neçə variantın olması təbii və düzgündür. Bu müstəvidən çıxış etsək, Novruz bayramının qeyd edilməsinə dair müxtəlif variantların olmasını da təbii qəbul etməliyik.
Göründüyü kimi, şifahi düşüncədə yaşayan mətn müxtəlif folklor mühitlərində dəyişmələrə məruz qalır. Məsələn, hətta adı bəlli məşhur aşıqların sevilən şeirləri aşıqlar arasında yayıldıqca onların fərqli variantları yaranır. Novruz bayramı da öz tipologiyasına görə folklordur və variantlaşma onun ruhundadır. Bu amilə bağlı olaraq ilaxır çərşənbələr, onların adları, bu adlara uyğun sıralanmalara müxtəlif bölgələrdə fərqli şəkildə rast gəlmək mümkündür.
Bayramın ümummilli səviyyəsi onun milli səviyyələrinin ümumiləşdirilməsini, vahid sistemə salınmasını tələb edir. Fərqanə Kazımova ümumiləşdirmə zərurətinin folklorun çoxvariantlılıq xüsusiyyətindən doğduğunu vurğulayaraq yazır ki, ədəbi, eləcə də bütün ictimaiyyətin nəzər-diqqətinə çatdırılan konkret mərasim (Novruz mərasimi – S.Q.) toplanmış materiallar əsasında ümumiləşdirilmiş formadır. Dünya ictimaiyyətinin də diqqətinə ümumiləşdirilmiş formanın çatdırılması çox düzgündür. Tədqiqatlara gəldikdə isə hər bir bölgəni ayrıca araşdırmaq gərəkdir. Belə bir ümumiləşdirmə-sistemləşdirmə işini ilk dəfə folklorşünas Azad Nəbiyev aparıb, "İlaxır çərşənbələr" adlanan kitabçasında bu dörd çərşənbəni aşağıdakı adlar altında bu ardıcıllıqla sıralayıb:

– Su çərşənbəsi;
– Od çərşənbəsi;
– Yel çərşənbəsi;
– Torpaq çərşənbəsi.

Müstəqillik dövründə televiziya və radiolar Boz ayın bu 4 çərşənbəsini (bəzən müəyyən yerdəyişmələrlə) göstərilən adlar altında ardıcıl olaraq qeyd etməyə başladılar. 2008-ci ildə Bəhlul Abdulla və Tofiq Babayevin tərtibatı ilə buraxılmış "Novruz Bayramı Ensiklopediyası"nda da bu adlar təsbit olunub. Ensiklopediyada deyilir: "Boz ayda qeyd olunan dörd ilsonu çərşənbələr öz mərasim və ayinlərinin zəngin və təmtəraqlı olması ilə həmişə seçilib, elə bundan belə də seçiləcək. Sonuncu dörd çərşənbənin məxsusi adları olub. Bu adlar elə indi də var. Xalq arasında, el içində bu adlar "Əzəl çərşənbə" ("Yalançı çərşənbə", "Müjdəçi çərşənbə" də deyilir), "Kül çərşənbə", "Gül çərşənbə", "İlaxır çərşənbə şəklindədir. XX əsrin 80-ci illərinin axırlarından "abi-atəş-xaki-bad"ın təsiri ilə Boz ayın dörd çərşənbəsi "Su çərşənbəsi", "Od çərşənbəsi", "Torpaq çərşənbəsi", "Yel çərşənbəsi" adıyla da tanınmaqdadır.
Ramazan Qafarlı bu 4 çərşənbənin keçən əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq televiziya və radiolar tərəfindən xüsusi qeyd olunmasının tarixçəsi haqqında yazır ki, o zaman BDU-nun Folklor kafedrasında çalışırdım. Mərhum professor Azad Nəbiyevlə birlikdə dünyanın yaranmasında iştirak edən dörd ünsürlə (su, od, torpaq, yel) bağlı qədim inancları, atalar sözü və məsəlləri toplayıb ilk dəfə 1987-ci ilin fevral ayından başlayaraq hər çərşənbə günü "Kommunist" qəzetində su, od, torpaq və yelə aid çoxlu materiallar çap etdirdik. Bu təşəbbüs gözləmədiyimiz maraqla qarşılandı, o vaxtdan çərşənbələri ünsürlərlə qeyd etmək ənənə halını aldı. 1988-ci ildə "Əzəl çərşənbələr" adında bir toplu da buraxdıq. Bundan sonra hər il Novruzla bərabər dörd çərşənbə də bu adlarla qeyd olunmağa başladı. Bir vaxtlar "Əkinçi" qəzetində belə bir məlumat dərc olunmuşdu ki, ötən çağlarda yazqabağı çərşənbələrdə təntənələr ab, atəş, xak və bada həsr olunurdu. Biz bu məlumata əsaslanaraq rituallar sistemini bərpa etməyə təşəbbüs göstərmişdik. Sonra mütəxəssis və həvəskarların bu məsələ ətrafında mübahisələri KİV-lərə yol tapdı. Çərşənbələrin ardıcıllığını hərə bir cür yozmağa başladı. Müxtəlif konsepsiyalar irəli sürdülər. Əslində, çərşənbələrin adları ideyasının xalqa elm adamları tərəfindən ötürülməsinin heç bir ziyanı yox idi. Novruzun yaradılış, törəyiş, uğur, bərəkət bayramı olmasını elm sübut edir. Biz dünyanın yaranışının mifoloji modelinin tədqiqinə əsaslanaraq ilkin ünsürlərlə bağlı inancları gündəmə gətirmişdik.
Qeyd edək ki, dörd ünsürlə bağlı mifologiyada, folklorda çox geniş və zəngin faktlar var. R.Qafarlı başqa bir kitabının "Azərbaycanda yazqabağı rituallar" adlanan yarımfəslində və ayrıca bir məqaləsində həmin fakt-mətnləri dörd çərşənbə ilə əlaqədə əhatəli şəkildə ümumiləşdirib.
Son dövrlərdə rəsmi adlanmaya (Su, Od, Külək, Torpaq çərşənbələri) etiraz olunur. Etirazın əsas məzmun və mahiyyəti bundan ibarətdir ki, ilaxır çərşənbələrin "Su çərşənbəsi", "Od çərşənbəsi", "Torpaq çərşənbəsi", "Yel çərşənbəsi" adları altında qeyd olunması düzgün deyil. Bu adlar Şərqdə məşhur olan dörd ünsürün [ab (su)-atəş (od)-xak (torpaq)-bad (yel, külək)] adına uyğun olaraq sonradan süni şəkildə düzəldilib və xalq ilaxır çərşənbələri heç vaxt bu adlarla adlandırmayıb. Məsələn, Güllü Yoloğlu bu adlara qarşı kəskin şəkildə etiraz edərək yazır ki, çərşənbələrin dörd ünsürlə adlandırılması məsələsini ortaya atan alimlər "ab, atəş, xak, bad" (heç biri türk sözü deyil – G.Y.) fikrinə dayanaraq, insanın bu dörd ünsürdən yaranmasına əsaslanaraq çərşənbələri də su, od, torpaq, yel deyə dörd yerə bölürlər... Lakin bu dörd ünsürün sıralanmasında da alimlərimiz fərqli fikir nümayiş etdirirlər. Onu da qeyd edək ki, türkün mifik təfəkküründə insanın var oluşunda dörd ünsür deyil, beş ünsür böyük rol oynayır. Bunlardan beşincisi dəmirdir.
Bəhlul Abdulla da bu adlandırmanı düzgün hesab etməyərək yazır: "Amma bir müddət var ki, "abı-atəş-xaki-bad"ın təsiri ilə Boz ayın dörd çərşənbəsi "Su çərşənbəsi", "Od çərşənbəsi", "Torpaq çərşənbəsi", "Yel çərşənbəsi" adıyla deyilir, yazılır, təbliğ olunur. Bu cür adlara biz mifoloji fikrimizdə də, filoloji fikrimizdə də tuş olmuruq".
Ramin Allahverdiyev bu barədə fikirləri ümumiləşdirərək çərşənbələrin "Su çərşənbəsi", "Od çərşənbəsi", "Yer çərşənbəsi" və "Yel çərşənbəsi" kimi təqdim edilməsini aşağıdakı beş arqumentlə inkar edir. Birincisi, sadə məntiqə əsasən fəlsəfi (və yaxud dini-fəlsəfi, dini) təfəkkürün məhsulu olan istənilən fəlsəfi (və yaxud dini-fəlsəfi) konsepsiya özündən əvvəlki təfəkkür (mifoloji təfəkkürün) mərhələsinin məhsulu olan ritual-mifoloji köklərə malik çərşənbələrin əsasında dayana bilməz. İkincisi, çərşənbələrin sayı el arasında (tədqiqatçıların da qeyd etdikləri kimi) dörd yox, yeddidir. Belə olduğu halda dörd ünsürün üstünə üç əlavə ünsür də gəlmək lazımdır.
Üçüncüsü, Novruz bayramı və çərşənbələrlə bağlı ritual-mifoloji görüşlərin, inamların cəmləşdiyi mifoloji mətnlər və digər folklor materiallarında, demək olar ki, ancaq su və od simvolu əksini tapır. Yəni ritual simvolu kimi torpaq və yel elementləri yoxdur. Ümumiyyətlə, çərşənbə ritualları, inancları, görüşləri ilə bağlı əlimizdə olan bütün mifoloji və digər folklor mətnləri göstərir ki, çərşənbələrdə əsasən iki element su, od ünsürü əksini tapır. Bu məqam Y.V.Çəmənzəminlinin də diqqətini cəlb edib. O, yazır "Ənasiri-ərbəə (dörd ünsür – S.Q.) deyilən bu dörd amil xalqımızın arasında təqdis olunur. Bunların içində böyük bir qüdsiyyət daşıyan od və axar sudur. Ocağa və çırağa and içərlər, suyu murdarlamazlar. Novruza yaxın çərşənbələrdə sabah erkən axar su üstə çıxarlar, çillə kəsdirərlər və i. a.".
Torpaq və yel ünsürü demək olar ki, bu mətnlərdə ümumiyyətlə, əksini tapmır. Bu da çərşənbələri "Yer çərşənbəsi" və "Yel çərşənbəsi" kimi adlandırmağın əsassız olduğunu göstərən fakt təsiri bağışlayır. Düzdür, yellə bağlı ayrıca "Yel baba" kimi mərasimlər var (taxıl məhsul yığımı və digər təsərrüfatçılıqla bağlı mərasimlərdə qeyd olunur). Lakin bu o demək deyil ki, hansısa Novruzla əlaqəsi olmayan mövsüm mərasimini çərşənbələrə aid etmək olar. Eləcə də torpaqla bağlı hansısa əski inamların olması çərşənbə rituallarını bu cür adlandırmağa əsas vermir. O ki qaldı, od və su ünsürlərinə hər iki element demək olar ki, bütün çərşənbələrdəki ayinlərdə, mifoloji görüşlərdə əksini tapır və hər iki element ritual simvolu statusunda çıxış edir.
Dördüncüsü, demək olar ki, eyni ünsür bütün çərşənbə rituallarında iştirak edir. Məsələn, bütün çərşənbələrdə tonqal qalandığına görə, çərşənbələrdən birinə "Od çərşənbəsi" adı vermək, ümumiyyətlə, absurddur. Deməli, bütün çərşənbələrdə, demək olar, eyni ilə əksini tapan bu elementlərin şərəfinə (bu və ya digər dərəcədə çox və ya az olmasına baxmayaraq) çərşənbələri adlandırmaq da məntiqsizdir.
Beşincisi, ən əsası bu və ya digər ənənəni təqdim etmək yalnız və yalnız etnosun, xalqın özünün ixtiyarındadır. Xalq özünün çərşənbələrini "Əzəl çərşənbə", "Müjdəçi çərşənbə" "Ölü çərşənbəsi" , "İlaxır çərşənbə", və s. bu kimi adlarla təqdim edirsə, onu elə bu cür də qəbul edib təbliğ etmək lazımdır.


S.Qasımova
araşdırmaçı