“288 dayanacaq problemi həll etmir” Hadisə

“288 dayanacaq problemi həll etmir”

Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) paytaxtda avtomobillərin küçələrdə parklanması üçün 288 müvəqqəti duracaq yerinin yaradılması barədə təklif göndərib. Bunu NİİM-in İctimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı deyib. Onun sözlərinə görə, NİİM tərəfindən aparılan araşdırmalar göstərir ki, Bakıda qanunsuz parkinqlərin sayı həddindən artıq çoxdur: "Məsələn, araşdırma aparılarkən 2012-ci ildə 3050 qanunsuz avtomobil parkinqi qeydə alınmışdırsa, 2013-cü ildə onların sayı 8 minə çatıb. Qanunsuz parkinqlərə daha çox isə Üzeyir Hacıbəyov, Bülbül və Zərifə Əliyeva küçələrində rast gəlmək olur". NNİM-in sözçüsünün fikrincə, Bakı Şəhər İcra Hakimiyyətinin yol kənarlarında avtomobil saxlanılmasına qoyduğu qadağanı icra etmək isə heç də asan olmayacaq. Çünki hələki yerüstü qanuni avtomobil parkları yoxdur. Vəziyyətdən çıxış yolunu isə NİİM müasir intellektual parkinqlər yaradılana qədər müvəqqəti parkinqlərin yaradılmasında görür: "Mərkəz 2 il müddətində 185 nöqtədə apardığı araşdırmaların əsasında paytaxtda küçə parklanması üçün 288 müvəqqəti duracaq yeri təklif edir. Hazırda bununla bağlı NİİM və BŞİH arasında müzakirələr aparılır".
Mehmanqızı qeyd edib ki, NİİM-in işinin bir hissəsi də qanunsuz parklanmaya nəzarət etməkdən ibarətdir. Mərkəzin bütün texniki avadanlıq və kameraları, NİİM-in dayanacaqlarda avtobus-informasiya terminalları, DİN-in ümumi sistemə inteqrasiya olunmuş müşahidə kameraları, eləcə də sürücülərin baza məlumatları ona imkan verir ki, parklanma işlərinə nəzarəti tam həyata keçirə bilsin.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Bakının küçə və prospektlərindəki qanunsuz parkinq məsələsi ilə bağlı iradını bildirib. Dövlət başçısının iradından sonra aprelin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov 17-də paytaxtın küçə və prospektlərində yol kənarında avtomobillərin qanunsuz saxlanılmasına qarşı tədbirlər görülməsi barədə sərəncam imzalayıb.
288 duracaqda cəmi 6422 avtomoöil saxlamaq mümkündür ki, bu da yetərli deyil. Onu da əlavə edək ki, bu məsələdə daha bir problem qiymətlərin bahalığı ilə bağlıdır. Bu iki səbəb onu deməyə əsas verir ki, Bakıda faktiki olaraq parklama mümkün olmayacaq.
Qeyd edək ki, dayanacaqlarda qiymət 1-20 manat arasında dəyişdiyi üçün insanların əksəriyyəti şikayətçidir.
Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, paytaxtda şəxsi avtomobillərin sayı çox olduğu üçün ciddi problemlər yaranır: "Son günlərin ən çox müzakirə edilən məsələlərindən biri də Bakıda avtomobillərin yol kənarlarında saxlanılmasının qadağan edilməsidir. Təbii ki, tıxacların aradan qaldırılması və eləcə də piyadaların sərbəst hərəkətinin təmin edilməsi baxımından yollardan avtomobillərin yığışdırılması müsbət haldır. Etiraf etmək lazımdır ki, şəhərin mərkəzi küçələrindən avtomobillərin "qeyb olunması" bu zonada tıxac problemini müəyyən qədər yumşalda bilib. Bununla belə, burada digər reallıq da var: iş yerləri şəhərin mərkəzi küçələrində və ya mərkəzə yaxın ərazidə olanlar işə gələn zaman bütün hallarda avtomobilləri "park" etməlidirlər. Təbii ki, sual yaranır: Harada saxlamalı?". Ekspert bildirir ki, əslində avtomobil dayanacaqları dövlət tərəfindən tikilib ki, paytaxtda tıxacların sayını azaltsın: "Məhz bu səbəbdən də bu yerlərin inşası əsasən dövlət büdcəsi hesabına maliyyələşdirildi. Deməli, sözügedən xidmət kommersiya xarakterli olmamalıdır. Amma yüksək qiymətlər başqa reallığı gündəmə gətirdi: məşğul əhali sözügedən avtomobil dayanacaqlarından istifadə edə bilirmi? İş yeri şəhərin mərkəzində olan və avtomobildən istifadə edənlər üçün artıq bu dayanacaq yerləri avtomobillərini saxlamaq üçün demək olar yeganə seçimdir. İdeal halda əgər şəhərin mərkəzində işləyən şəxs həftədə 5 və aya 20 gün işləyirsə və gündəlik iş vaxtı 8 saatdırsa, o avtomobili "park" etmək üçün hər gün 6 manat ödəməklə ayda 120 manat xərcləyəcək. Həmin şəxs şənbə günləri də işləyirsə, onun avtomobil "park" xərci 144 manatadək yüksələcək. Ölkəmizdə orta aylıq əməkhaqqının 430 manat olduğunu nəzərə alsaq, o zaman avtomobil "park" xərci maaşın 1/3-ni təşkil edir. Yəni mərkəzdə işləyən şəxs qazandığı hər 3 manatın 1 manatını avtomobilini "park" etmək üçün verməlidir. Bu isə kifayət qədər yüksək xərcdir". Onun sözlərinə görə, bu baxımdan, Bakıda avtomobil "park" qiymətlərinə yenidən baxılması və dəyişdirilməsinə ehityac var: "Şəhərin mərkəzində avtomobil "park" yerlərində hər saat üçün 30 qəpik müəyyənləşdirilməsi daha məqsədəuyğundur. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) müqayisəli və əhalinin ödəmə qabiliyyəti nəzərə alınmaqla, eknometrik hesablamaları göstərir ki, məhz bu qiymət əhalinin gəlirlilik səviyyəsinə uyğundur. İkincisi, iş yerləri şəhərin mərkəzində olan və iş günlərində daimi olaraq avtomobil "park" yerlərindən istifadə edənlər üçün xüsusi güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Üçüncüsü, ödənişsiz zamanın 15 dəqiqədən 30 dəqiqəyədək artırılmasına ehtiyac var. Çünki hal-hazırdakı ödənişsiz müddətdən istifadə imkanları demək olar ki, yoxdur. Nəhayət, avtomobil "park" yerlərindən istifadə üçün aylıq və ya həftəlik kartların buraxılmasına ehtiyac var. Bu vətəndaşların daha güzəştli şərtlərlə bu xidmətdən faydalanmasına imkan verəcək".
Həqliyyat üzrə ekspert Azər Allahverənov bildirdi ki, hər gün Bakıda 100 minə qədər maşın daimi hərəkətdə olur. Onun sözlərinə görə, həmin dayanacaqlardan da istifadə edən faktiki həmin maşınlardır: "Məlumdur ki, daha çox Bakının mərkəzi rayonlarında sıxlıq yaşanır. Böyük müəssisələr, həmçinin təhsil müəssisələri mərkəzi rayonlarda deyil, ikinci ərazi adlanan rayonlarda yerləşir. Həmin 100 min avtomobilin dörddə bir hissəsi mərkəzi rayonlardan istifadə edir. Sıxlıq da orada müşahidə olunur. 288 dayanacaq da Bakının əksər rayonlarını əhatə edəcək. Bu da təqribən 25 min avtomobil deməkdir. 288 duracağın 6422 avtomobil üçün nəzərdə tutulduğunu təxmin etsək hardasa bu, gün ərzində bir qədər passiv rejimdə olan nəqliyyat vasitələri üçün nəzərdə tutula bilər. Ona görə də faktiki olaraq qeyri rəsmi dayanacaqlar fəaliyyət göstərəcək. Ona görə ki, 288 dayanacaq həmin problemi həll etmir. Problem müəyyən müddət gündəmdə olacaq".
Onu da əlavə edək ki, Bakıda qanunsuz parklanma faktlarının ən çox qeydə alındığı küçə və prospektlərin adları və statistikası açıqlanıb.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızı bildirib ki, 2014-cü ilin ilk 3 ayı ərzində NİİM tərəfindən qeydə alınan qanunsuz parklanma faktlarına daha çox paytaxtın Azadlıq və Bülbül prospektləri, eləcə də 28 May, Üzeyir Hacıbəyov və Rəşid Behbudov küçələrində rast gəlinib. Onun sözlərinə görə, ümumilikdə bu ilin I rübü ərzində adıçəkilən yollarda 3674 qanunsuz parklanma faktı qeydə alınıb.
Qeyd edək ki, bir neçə gün öncə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) paytaxtda avtomobillərin küçələrdə parklanması üçün 288 müvəqqəti duracaq yerinin yaradılması barədə təklif göndərib. Hazırda bununla bağlı NİİM və BŞİH arasında müzakirələr aparılır.

Əli