
Mübariz Qurbanlı: "Cinayət və İnzibati Xətalar məcəllələrinə ediləcək əlavələrlə bağlı şeyxülislamın narahatlığı var"
"Dini etiqad azadlığı haqqında" qanuna edilmiş dəyişiklik əsasında əcnəbilərin dini təbliğatı, ictimai yerlərdə dini atributların təbliği və dini ekstremizmlə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə tutulan əlavələrə yenidən baxılacaq.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsində Məhərrəmlik ayına həsr olunan tədbirdə deyib. O bildirib ki, buna səbəb müəyyən sanksiyaları nəzərdə tutan həmin əlavələrlə bağlı QMİ sədri Allahşükür Paşazadənin narahatlığıdır: "Buna görə də biz o sanksiyalara şeyxülislamın iştirakı ilə yenidən baxacağıq. Bu sanksiyalar lazımdır, çünki "Dini etiqad azadlığı" haqqında qanuna edilmiş dəyişikliklərin tələbidir".
Komitə sədri qeyd edib ki, Azərbaycanda ənənəvi olaraq dini ayinlər, dini tədbirlər həmişə sakit və qaydasında keçib: "Amma son vaxtlar dini tədbirlərin, ayinlərin keçirilməsi ilə əlaqədar yeni qaydalar gətirmək istəyənlər var. Xüsusilə Məhərrəmlik ayında Hüseyn əzadarlığını yeni qaydada keçirmək istəyənlər var ki, bu da başqa məqsədlərə xidmət edir".