“Yeni qaydalar uşaqların təhlükəsizliyinə xidmət edir” Cəmiyyət

“Yeni qaydalar uşaqların təhlükəsizliyinə xidmət edir”

“Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə dünyanın əksər ölkələrində uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib”.

Bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva Xalqcəbhəsi.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycanda da bu istiqamətdə mühüm hüquqi addım atılıb: “Milli Məclisdə sosial şəbəkələrdə qeydiyyat zamanı yaş yoxlanılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin üçüncü oxunuşda qəbul edilməsi uşaqların rəqəmsal mühitdə müdafiəsinin gücləndirilməsinə yönəlmiş yeni mərhələnin başlanğıcı hesab olunur. Bu dəyişikliklərin məqsədi sosial şəbəkələrə qadağa tətbiq etmək deyil, uşaqların yaşına uyğun olmayan məzmunlardan, zərərli təsirlərdən və rəqəmsal təhlükələrdən qorunmasını təmin edən müasir hüquqi mexanizmlər yaratmaqdır”.

Deputat qeyd edib ki, yeni qaydalara əsasən, 16 yaşınadək uşaqların sosial şəbəkə platformalarında hesab açmasına icazə verilməyəcək: “16–18 yaş arası yeniyetmələr isə valideynlərinin razılığı ilə platformalarda qeydiyyatdan keçə biləcəklər. Bunun üçün sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın yoxlanılması mexanizmi tətbiq olunacaq.
Bu dəyişikliklərin əsas məqsədi uşaqların təhlükəsiz və sağlam inkişafını təmin etməkdir. Uşaqların zərərli informasiyalardan qorunması və rəqəmsal təhlükəsizliyinin təmin olunması bu gün bütün dünyada prioritet məsələlərdən biridir”.

Deputat bildirib ki, yaş məhdudiyyətinin tətbiqi uşaqların sosial şəbəkələrdə yaş xüsusiyyətlərinə uyğun olmayan məzmunlarla qarşılaşma ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq: “Eyni zamanda, bu yanaşma onların təhsilə, idmana, mütaliəyə, ailə münasibətlərinə və sosial fəaliyyətə daha çox vaxt ayırmasına imkan yaradacaq.
Yeni qaydalar valideyn məsuliyyətini də artıracaq. Xüsusilə 16–18 yaşlı yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi üçün valideyn razılığının tələb olunması ailələrin övladlarının rəqəmsal davranışlarını daha yaxından izləməsinə və onlarla internet təhlükəsizliyi mövzusunda daha fəal dialoq qurmasına şərait yaradacaq.
Bu, təkcə hüquqi mexanizm deyil, həm də maarifləndirici vasitədir. Valideynlər uşaqlarının rəqəmsal mühitdə hansı risklərlə qarşılaşa biləcəyini daha yaxşı anlayacaq, uşaqlar isə internetdən daha məsuliyyətli istifadə vərdişləri formalaşdıracaqlar”.

Könül Nurullayeva qeyd edib ki, yeni tələblər sosial şəbəkə platformalarının da məsuliyyətini artıracaq: “Platformalar yaş məhdudiyyətlərinə və təhlükəsizlik standartlarına daha ciddi əməl etməli, uşaqların hüquqlarının qorunması istiqamətində daha effektiv mexanizmlər tətbiq etməli olacaqlar. Bu dəyişikliklər nəticəsində daha sağlam və təhlükəsiz rəqəmsal mühit formalaşacaq. Uşaqların sağlamlığı, psixoloji rifahı və gələcəyi hər zaman prioritet olmalıdır. Məlum olduğu kimi, ölkəmizdə 2018-ci ildə qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun uşaqların informasiya təhlükəsizliyinin təmin olunması sahəsində mühüm hüquqi çərçivə yaradıb. Hazırda sosial şəbəkələrə dair yeni tənzimləmələr müasir rəqəmsal çağırışlara uyğun yeni mexanizmlər formalaşdırır. Dünyada da oxşar proseslər müşahidə olunur. Avstraliya, Fransa, Böyük Britaniya, İrlandiya, Almaniya, Norveç, İspaniya, Kanada, Türkiyə, Hindistan və bir sıra digər ölkələr sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi və uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi istiqamətində qanunvericilik tədbirləri həyata keçirirlər. Yəni, görünən budur ki, uşaqların rəqəmsal mühitdə müdafiəsi artıq qlobal prioritetə çevrilib. İnternet və sosial media müasir həyatın ayrılmaz hissəsi olsa da, uşaqların təhlükəsizliyi və sağlam inkişafı bütün dövlətlər üçün əsas məsuliyyət olaraq qalır”.

Günel Elxan