Azərbaycanın rəqəmsal inkişaf strategiyası: Yeni mərhələnin əsas hədəfləri Siyasət

Azərbaycanın rəqəmsal inkişaf strategiyası: Yeni mərhələnin əsas hədəfləri

Akademik İbrahim Cəfərov

Azərbaycan rəqəmsal transformasiya sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun olaraq ölkədə rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik sahələrində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu istiqamətdə qəbul edilən qərarlar yalnız dövlət idarəçiliyinin müasirləşdirilməsinə deyil, həm də iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsinə xidmət edir.

Bu məqsədlə 2026-cı ilin fevralında "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" təsdiq olunub, eyni zamanda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Yeni idarəetmə modeli rəqəmsallaşma siyasətinin vahid koordinasiya əsasında həyata keçirilməsini, dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsini və texnoloji inkişafın sistemli şəkildə idarə olunmasını təmin edir.
Fəaliyyət Planının əsas istiqamətlərindən biri dövlət xidmətlərinin vahid platformada cəmləşdirilməsidir. Hazırda müxtəlif dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlər mərhələli şəkildə "mygov" və "mygov Biznes" platformalarına inteqrasiya olunur.

Artıq "e-Sosial", "e-Təbib" və "e-Su" sistemləri tam şəkildə "mygov" ekosisteminə qoşulub. "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" xidmətlərinin də ilin sonunadək tam inteqrasiyası planlaşdırılır.

2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planı Azərbaycanın rəqəmsal transformasiya prosesini sistemli şəkildə sürətləndirməyi hədəfləyir. Dövlət xidmətlərinin vahid platformada təqdim olunması, innovasiya və startap ekosisteminin gücləndirilməsi, süni intellektin idarəetməyə inteqrasiyası, kibertəhlükəsizlik infrastrukturunun möhkəmləndirilməsi və rəqəmsal insan kapitalının inkişafı ölkənin gələcək iqtisadi modelinin əsas dayaqlarını təşkil edir.