Yeni aerovağzal kompleksi açılıb Hadisə

Yeni aerovağzal kompleksi açılıb

Prezident İlham Əliyev və xanımı açılış mərasimində iştirak ediblər

Dünən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı olub. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri açılış mərasimində iştirak ediblər.
Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası ilk dəfə 1933-cü ildə yaradılıb. Bakı aeroportunun ərazisində ilk ikimərtəbəli aerovağzal binası 1965-ci ildə tikilib istismara verilib. 1980-ci ildə Bakı aeroportunda yeni aerovağzal kompleksinin layihələndirilməsinə və tikintisinə başlanıb. Lakin bu layihənin həyata keçirilməsi yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra baş tutub. Beynəlxalq standartlar səviyyəsində aerovağzal kompleksinin açılışı 1999-cu ildə olub. Bir neçə il ərzində Bakı aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulub, uçuşları idarəetmə sistemləri müasirləşdirilib, radionaviqasiya və meteoavadanlıq yenilənib, digər silsilə tədbirlər reallaşdırılıb. Dünən açılışı olan yeni aerovağzal kompleksinin təməli 2011-ci il martın 17-də prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
Açılış mərasimində "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov yeni aerovağzal kompleksinin ilk rəmzi sərnişin biletlərini dövlət başçısına və xanımına təqdim edib.
İldə 6 milyon sərnişin daşıma gücünə malik olan yeni aerovağzal kompleksinin sahəsi 65 min kvadratmetrdir.