Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları Hadisə

Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları

Səfəvi dövləti tarixinə həsr edilmiş bir çox əsərlərin dövlət quruluşunda "əmarət" institutunun rolu ilə bağlı bəhslərində əmirlərin saray əmirləri (üməraye dövlətxane-ye mübarək, yaxud üməra-ye dərgah), qoşun əmirləri (üməra-ye ləşkər) və sərhəd əmirlərindən (üməra-ye sərhəd) ibarət üç zümrəyə bölündükləri və dövlət idarəçiliyində nüfuzlarına görə "yüksək əmirlərə" böyük, əzəmətli, alimiqdar, alitəbar kimi fəxri ünvanlarla müraciət olunduğu qeyd edilir. Bu əsərlərdə "əmarət" və xüsusilə qoşun əmirlərinin ikinci qrupa daxil olmaları ilə bağlı ziddiyyətli fikirlərə də təsadüf olunur. "Təzkirət əl-müluk" da Səfəvilərin dövlət və idarə quruluşunda əmirlərin rolu və statusları ilə bağlı məsələləri araşdırıb təhlil etməklə qeyd olunan bu ziddiyyətli məqamlara aydınlıq gətirmək mümkündür.
Mirzə Səmianın yazdığına görə Səfəvi dövlətində əmirlər iki zümrədən ibarət idilər ki, onlardan biri "üməra-ye qeyri dövlət", yəni sərhəd əmirləri adlanırdı. Sərhəd əmirləri valilər, bəylərbəyilər, xanlar və sultanlardan ibarət dörd qrupa bölünürdülər. Valilər vəzifələrinə görə bəylərbəyilərdən yüksəkdə dayanır və bəylərbəyilər isə rütbələrinə görə xanlardan üstün idilər. Bəylərbəyinin başçılıq etdiyi inzibati vahiddəki hakimlərin hamısı ona tabe olmaqla onun məsləhəti əsasında vəzifəyə təyin olunur və vəzifədən azad edilirdilər. Hər bir əyalətdəki sultanlar da öz növbələrində həmin əyalətə başçılıq edən xanlara tabe idilər.
Səfəvi dövlətində ali hakimiyyətin irsi mahiyyət kəsb etməsinə baxmayaraq, mərkəzi və yerli idarə orqanlarında vəzifə, titul, rütbələr atadan övlada irsən verilmirdi. Qısa zaman kəsiyində Səfəvi dövlətinin idarə quruluşunu dərindən öyrənən Adam Oleari yazırdı ki, igidliyi və digər şücaəti ilə seçilən insanlara xan titulu verilib vilayətlərə göndərilirlər. Şaha və vətənə sədaqətli xidmətlərə görə də böyük titul əldə etmək olur. Elə buna görə də, müharibə çağlarında yüksək məqama çatmaq arzusunda olanlar fədakarlıq göstərib, xan titulu qazanırlar. Məsələn, I Şah Abbas (1587-1629) qacarlardan adi çoban oğlu olan Əmirgünəyə igidlik və fədakarlığına görə xan titulu verib Çuxur Sədə hakim təyin etmişdi.
Yaxud I Şah Səfi (1642-1666) dövründə Şirvan hakimi Sərablı Ərəb xan da adi kəndli oğlu olub, şəxsi keyfiyyətinə görə xan titulu ilə yüksək bir vəzifəyə göndərilmişdi. Ancaq əvvəl qeyd olunduğu kimi, titul və rütbə qan qohumluğu ilə ailənin digər üzvlərinə irsən keçmirdi. Baxmayaraq ki, xanların övladları xüsusi ehtirama layiq olub, hətta atalarının mülklərinə sahib çıxırlar, ancaq onlara nə atalarının vəzifəsi, nə də titulu şamil edilmir və bu məqam onlara özlərinin igidlik, fədakarlığına görə verilə bilərdi.
Ölkədə on üç bəylərbəyi və dörd vali vardı ki, onlardan Ərəbistan valisi şəxsi şücaəti və elinin nüfuzuna görə şan-şöhrətli olub, həm də yüksək rütbə sahibi idi. Ondan sonra ikinci yerdə duran Luristan valisi isə müsəlman olduğuna və dövlət qarşısında xidmətlərinə görə Gürcüstan valisi ilə müqayisədə etibarı daha çox idi. Nüfuzuna görə isə Gürcüstan valisindən sonra dördüncü yerdə Kürdüstan valisi dayanırdı.
Mirzə Səmia yazır ki, digər zümrəyə daxil olan əmirlər isə bir qayda olaraq mərkəzdə şahın xidmətində olan xüsusi vəzifə sahibləri olub, onlar "üməra-ye dövlətxane-ye mübarək" mübarək dövlətxana əmirləri adı ilə məlumdurlar. Onlardan qorçubaşı, qullarağası, eşikağasıbaşı, tüfəngçi ağasından ibarət dörd nəfər dövlətin əsas dayaqları hesab olunurdu. Qeyd olunan bu dörd nəfərlə birlikdə vəzir-i əzəm (baş vəzir), divanbəyi, vaqiyənəvis, yəni cəmi yeddi nəfər əski çağlardan bəri "üməra-ye canqi" adlanırdı. Bir çox qaynaqlarda moğollar və teymurluların dövründə dövlətin məşvərət, yəni gənəşik şurası "Canqi və məsləhət" şəklində verilmişdi ki, bu da Səfəvilər dövrünün qaynaqlarında da "canqi" istilahının gənəşiyə sinonim olaraq işlədildiyini deməyə əsas verir. Şah Sultan Hüseynin zamanında nazir, mustoufi əl-məmalik və əmir-e şikarbaşı da canqi əmirləri tərkibinə daxil olmuşdular. Əgər "Canqi", yəni Gənəşik şurası məmləkətin hər hansı bir tərəfinə sipəhsalar göndərmək istədikdə, bu məsələnin müzakirəsi ilə bağlı onların toplantısında sipəhsalar özü də mütləq iştirak etməli idi.
Sanson yazır ki, məmləkətin bütün işləri Dövlət şurasında həll edilir ki, bu şura bərabər sayda məzhəbi, hüquqi və hərbi müşavirlərdən ibarətdir. Onlar ağıllı, təcrübəli adam arasından seçilmiş, hamısı bacarıqlı, düşüncəli, çevik, nüfuzlu və fəaldırlar. Sansonun Dövlət şurası, yaxud dövlət heyəti adlandırdığı bu orqan "gənəşik şurası", yəni Ali məclis olub, dövlət əhəmiyyətli məsələlər bu məclisdə müzakirə edilir və əcnəbi ölkələrdən gələr səfirlər də şuranın üzvlərinin iştirakı ilə rəsmi qaydada qəbul olunurdular. Məclis baş vəzirin çıxışı ilə açılır və burada vəzifələrə təyinat, müəyyən yüksək vəzifəli məmurların maaşının artırılması, mükafatlara təqdimata, ərizə və şikayətlərə də baxılırdı.
Hakimiyyətin irsi xüsusiyyəti və hökmdarın qeyri-məhdud səlahiyyəti ilə yanaşı, mərkəzi idarə sistemində məşvərətçi orqan olan məclisi əla (ali məclis) fəaliyyət göstərirdi. Dövlət əhəmiyyətli mühüm məsələlərin on iki nəfər üzvü olan bu məclisdə müzakirəsinə baxmayaraq son sözü Şah deyir, yəni onun rəyi əsasında qərarlar qəbul olunurdu. Müqavilə bağlamaq, müharibə elan etmək, ölkə qanunlarında dəyişikliklər şahın qeyri-məhdud səlahiyyəti olub, bu məsələlərdə onun qarşısında heç bir maneə yox idi.
Baş vəzir dövlət şurasının, yəni məşvərətçi orqan olan ali məclisin (məclisi əla) üzvü olub onun iclaslarında əmir-i əzəm statsu ilə iştirak edir və burada son sözü şah desə də, əslində iclası o aparırdı. Engelbert Kempfer bu barədə yazırdı ki, dövlət şurası iclası Şah salona daxil olub salam verdikdən sonra baş vəzirin ölkənin ümumi durumu ilə bağlı nitqi ilə açılırdı. O, iclasda ölkə əhalisinin yazdıqları müxtəlif ərizələri Şahın nəzərinə çatdırdıqdan sonra, Şaha əhalinin rifahı haqqında da məlumat verirdi. Baş vəzir müxtəlif adamların vəzifə tutmaq haqqındakı müraciətlərini, məvaciblər, mükafatlar və bir çox siyasi məsələləri məclisin müzakirəsinə çatdırırdı.
Bütün bunlar onun dövlətin idarə quruluşunda səlahiyyət bölgüsü baxımından Şahdan sonra ikinci yerdə dayandığını və faktiki olaraq əmir-i əzəm statusuna malik olduğunu təsdiq edir.
"Təzkirət əl-müluk" da göstərilir ki, ali divanın yüksək rütbəli baş vəziri dövlətin əsas dayağı olub, saray və məmaliki məhrusənin sərhəd əmirləri içərisində ən böyük əmir idi. Dövlət vergilərinin alınması, xəzinəyə ölkə üzrə ödənilən vəsaitlərin mədaxil-məxaric əməliyyatı onun divanında təliğə və hökmü əsasında qeydiyyata alınırdı.
Tavernye gündəliyində Səfəvi dövlətinin idarə quruluşu haqqında yazırdı ki, ölkənin birinci şəxsi "Etimadəddövlə" adlanır və bu osmanlılarda Vəziri-əzəm (baş vəzir) anlamında olub ona uyğundur. Fərq yalnız ondadır ki, Səfəvilərdə etimadəddövlə qələm əhli olur, yəni savadlı adamlar arasından seçilib bu vəzifəyə təyin edilir və ölkənin bütün mülki, maliyyə məsələlərinə baxır. Ancaq osmanlılarda "vəziri əzəm" şəmşir əhlidir və müharibədə qoşuna başçılıq edir. Kiçik bir təqsir və ya xəta üzündən başı bədənindən dərhal ayrılır. Ancaq Səfəvi hökumətinin idarə üsulu daha mülayim və mötədildir. Çünki vəzirləri adətən vəzifə başında ölürlər. Onların günahları olanda isə paytaxtdan kənar şəhərlərin birinə sürgün olunurlar. Və orada qeyri-rəsmi adamlar kimi yaşayırlar. Xülasə, etimadəddövlənin, yəni hər kəs ki, bu mənsəbə, məqama malikdir, onların qarşısında çox böyük çətinliklər olur. Onlar öz işlərində çox ehtiyatlı və diqqətli olmalıdırlar. Məclisi vüzərada etimadəddövlənin müəyyən məsələ barəsində qərarı qəti olmalıdır. Qərar qəti olmayanda sarayın yüksək məqamlı əyanları, xanımları xüsusilə şahın cavanlığından istifadə edərək etimadəddövlənin gündüz gördüyü işləri gecələr heç nə edirlər.
Adam Oleari dövlət idarəçiliyində geniş hüquq və səlahiyyətlərə malik olan etimaddövlənin dövlət kansleri və şahın məxfi müşaviri olduğunu qeyd edir. Baş vəzirin hüquq və səlahiyyətləri Tavernye, Adam Oleari ilə müqayisədə Engelbert Kempferin gündəliyində daha geniş bir səpkidə təsvir olunub. Onun yazdığına görə baş vəzir çox yüksək vəzifə sahibi, ali divan yaxud mərkəzi dövlət divanın başçısı və vəzifəsinə görə həm də şahın naibi hesab olunurdu. Müqavilələrin təsdiqi və yaxud imzalanmaması onun səlahiyyətinə daxil idi. Zərbxənalarda sikkələrin zərbinə nəzarət edən baş vəzirin razılığı olmadan dövlət işlərində dəyişikliklərin həyata keçirilməsinə və qərarların qəbul olunmasına icazə verilmirdi. Valilər, hakimlər, darğalar başçılıq etdikləri inzibati vahidlərdəki bütün məsələlərin həllində onunla məsləhətləşməli onun razılığı olmadan hər hansı bir işi təkbaşına həll etməməli idilər. Ölkə miqyasında qayda-qanuna baş vəzir nəzarət edirdi. Bütün vəkillərin, yerli hakimlərin mərkəzə göndərdikləri məlumatları, ərizələri Şaha baş vəzir məruzə edir, ölkənin ümumi durumunu da şaha o çatdırırdı".
"Təzkirət əl-müluk" adlı qaynaqda baş vəzirin statusu haqqındakı bəzi məlumatlara səyyah gündəliklərində təsadüf olunmur. Qaynaqda qeyd olunduğuna görə dövlət vergiləri, xəzinənin bütün mədaxil və məxarici baş vəzir divanında qeydiyyatdan keçirdi. O cümlədən dövlət idarə orqanlarına məmurların vəzifələrə təyinatı ilə bağlı fərmanlar da baş vəzirin möhürü olmadıqda onlar şahın möhürü ilə təsdiqini tapa bilməzdi. Ezamiyyətə göndərilən bütün məmurların da əmr sənədlərinə əvvəlcə onun möhürü vurulurdu. Mülki, hərbi-inzibati sahədə çalışan bütün qulluqçuların məvacibləri də baş vəzirin yazılı göstərişindən sonra maliyyə məmurları tərəfindən hesablanıb müəyyən edilirdi. Ümumiyyətlə, ölkənin maliyyə divanı ilə bağlı bütün məsələlərə o nəzarət edir və sənədlər onun möhürü ilə təsdiq olunurdu. Məmaliki məhrusənin (yəni bütün ölkənin) bütün gəliri toplanıldıqda bu sahədə mövcud olan qaydaya əməl etməyən şəxsə baş vəzir öz tövsiyəsini edir və bu hal bir daha təkrar olunsa, dərhal Şaha məlumat çatdırır, Şahın bu barədə çıxardığı hökmü yerinə yetirirdi. Divan mühasibləri, bəylərbəyilər, sultanlar, vəzirlər (vilayət vəzirləri) mustoufilərin hesablarında qüsur, yaxud kəsir olduqda bu məsələyə baş vəzirin xidmətində baxılırdı. Dövlətin bütün maliyyə haqq-hesabına baş vəzir nəzarət etməklə yanaşı, bu işdə mövcud olan qüsurlar da ona çatdırılmalı idi. Divan-i məmalik (məmalik divanı) dəftərxanasının münşiləri, xasse-yi şərifə (divan-i xassə) münşiləri haqq-hesab əməliyyatlarını və buradakı nöqsanları baş vəzirin təliqəsi əsasında icra edirdilər. Hər iki divanın ümumi haqq-hesab sənədlərinə, xərc sənədlərinə, vergi yığanların və onun təhvildarlarının (təhvil götürənlər) təliqələrinə baş vəzir möhür vurub təsdiq edirdi.



Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor