Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları Hadisə

Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları

4-cü yazı

Kempfer gündəliyində qeyd edir ki, dövlətdə ən böyük vəzifə "ali divanın" rəisidir. Bu vəzifəni Şahın müavini hesab olunan baş vəzir aparır. O, eyni zamanda, ölkənin bütün rəhbər işçiləri, əyanlarına başçılıq edir. Elə buna görə də, bəzən "etimadəddövlə" adlanan baş vəzirə "məmləkətin pənahı və dayağı" da deyirlər. Yerli idarəçilik və daxili siyasətlə bağlı bütün məsələlərdə baş vəzirin müstəsna hüquqları vardı. Bu sahədə bütün qərarlar onun məsləhəti ilə qəbul edilir və icra olunurdu.
Ölkədə baş verən bütün hadisələr barədə ona vaxtaşırı məlumatlar çatdırılırdı ki, bu barədə hər gün sarayda olan baş vəzir şaha hesabat verirdi. Həm də o baş vermiş hadisələrlə bağlı çətinlikləri aradan qaldırmaq üçün öz təkliflərini də şaha təqdim edirdi. Eyni zamanda, dövlət əhəmiyyətli məsələlərin müzakirəsi, başqa ölkələrdən gəlmiş elçilərin qəbulu ilə bağlı yığıncaqlarda giriş sözü ilə baş vəzir çıxış edərək bu barədə məlumatlar verirdi. Rəsmi yığıncaqlarda ölkədəki vəziyyətlə yanaşı, şikayətləri, müxtəlif məzmunlu rəsmi və qeyri-rəsmi məktubları da Şahın müzakirəsinə baş vəzir təqdim edirdi. Şahın bütün bu məsələlər haqqında fikir və mülahizələrini o əsas kimi qəbul edir və Şahın mülahizələri əsasında bütün məsələləri həll edirdi. Ancaq müəyyən məsələlərə o təkbaşına baxırdı. Belə ki, vilayət hakimlərinin göndərdiyi nümayəndələri şəxsən özü qəbul edib onları dinləyir və vilayətlərdəki çətinlik və sairə ilə bağlı işlər barədə adətən sərbəst sərəncamlar verirdi. Ancaq hakimlər, valilər, darğalar və s. ilə bağlı həlli çətin olan məsələlər ortaya çıxdıqda bu barədə şahın rəyini öyrənirdi. Adətən ölkə daxilində mülki, iqtisadi məsələlər divanbəyi, mustoufi, darğa, eşikağasıbaşı və s. yüksək rütbəli məmurlarla birlikdə müzakirə olunurdu. O, vilayət hakimləri, darğa və başqa dövlət məmurlarına nəzarət də edirdi. Divana mülazim və xidmətçi götürülən zaman baş vəzirin bu barədə hokum tələb olunurdu. Eyni zamanda, saray dəftərxanası münşiləri, biyutat işçilərini işə mustoufi əl-məmalik, biyutat nazirini xassə mustoufisinin razılığı ilə baş vəzir təyin edirdi.
Baş vəzir xarici ölkələrdən gələn elçiləri qəbul edərək onlarla ilkin danışıqları apardıqdan sonra bu nümayəndələri Şahın rəsmi qəbuluna təqdim edirdi. Eyni zamanda, müharibə və sülh məsələləri ilə bağlı rəsmi yığıncaqlarda əsas dövlət məmuru kimi iştirak edərək rəyi nəzərə alınırdı. E.Kempfer yazır ki, müharibə və sülh məsələlərində Şah bir qayda olaraq baş vəzirin fikirlərini öyrənir. Və bu məsələlərlə bağlı rəsmi müzakirələrdə baş vəzirin iştirakı xüsusi əhəmiyyət kəsb edirdi. Eyni zamanda, Şah bəzən xarici ölkələrdən gəlmiş elçilərlə danışıqları birbaşa baş vəzirə həvalə edirdi. Bu halda ona danışıqlar aparılanda geniş səlahiyyətlər verilirdi. Sansonun 1683-cü ildə I Şah Süleyman (1666-1694) sarayında Almaniya, Polşa, Rusiya elçiləri ilə aparılan danışıqlar haqqındakı qeydləri xarici siyasət sahəsində baş vəzirə verilmiş statusun qismən aydınlaşdırılmasına imkan yaradır. O yazır ki, Almaniya elçisi etimadəddövlə Şeyxəli xanın qəbulunda onunla Səfəvi-Osmanlı münasibətlərinə dair danışıqlar aparıb. Baş vəzir ona bildirib ki, Səfəvilər Osmanlılarla müqavilə bağlayıb, dinc şəraitdə yaşayır və şahın bu sahədə öz vədinə əməl etməsi ölkəmiz üçün çox faydalıdır. Arşevak de Abranel Almaniya imperatorunun məktubunu Şahın özünə təqdim etdikdən sonra Osmanlı-Səfəvi münasibətlərini pozmaq üçün vəzirlə yenidən apardığı danışıqlar baş tutmayıb. Baş vəzir alman elçisinə bildirmişdi: "Şah əhd-peymanı pozmağı hünər hesab etmir". Almaniya elçisindən bir qədər sonra baş vəzir Polşa səfiri Solomon Skurkini qəbul etmiş və onunla da Osmanlılarla bağlı məsələ müzakirə olunmuşdu. Polşa elçisinin Bağdad, Bəsrə, Ərzurumun geri qaytarılması ilə bağlı əlverişli şəraitin mövcud olması ilə bağlı irəli sürdüyü mülahizələr vəzir tərəfindən yaxşı qəbul olunmamışdı. Rusiya elçisi isə Osmanlı dövlətinin aradan götürülməsi işində Səfəvilərdən yardım almaq məsələsi ilə bağlı yenə də baş vəzirlə danışıq aparmışdı. Baş vəzir ona cavabında bildirmişdi: "Osmanlı dövləti zəifləsə belə, Səfəvilər bu dövlətin yox olmasını istəmir. Baxmayaraq ki, Osmanlı dövləti bizim çox qüdrətli qonşumuzdur və hətta bəzən bizim üçün qorxu da törədirlər. Ancaq biz istəməzdik ki, qonşuluğumuzda Osmanlı dövlətinin əvəzinə qeyri-müsəlman dövləti, yəni xristian dövləti olsun. Xristian dövləti ilə qonşuluq bizim üçün çox çətin olar. Osmanlı dövləti Səfəvilərlə xristian dünyası arasında çox davamlı bir sədd yaratmışlar. Bu sədd xristian dövlətlərinin ölkəmiz üzərində hücumlarının qarşısını alır".
Bu danışıqların nəticələrindən narazı qalan xristian dövlətləri Solomon Skurkini yenidən Səfəvi ölkəsinə göndərmişdilər. O, xristian dövlət başçılarının şaha məktublarını təqdim etməli və Osmanlı dövlətinə qarşı onu müqavilə bağlamağa razı salmalı idi. Ancaq danışıqları yenə də baş vəzir aparmış və ona qəti olaraq bildirmişdi: "Şah ölkəsinin ərazisinin bir qismini güzəştə gedər, ancaq Osmanlı dövləti ilə müqaviləni pozmaz, nə də ona tabe olan ölkələrə hücum etməz".
Avropa dövlətləri Şərqdə geniş əraziləri əhatə edən ölkələri işğal etmiş və bununla kifayətlənməyərək müstəmləkəçilik bayraqlarını sancmağa yeni ölkələr axtarırdılar ki, bu işdə də Bəsrədə, Kufədə, Şirazda missioner məntəqələri müsəlman dövlətçiliyi və ideolojisini pozaraq onların yardımçısı rolunu oynayırdılar. Belə bir vaxtda Osmanlı və Səfəvi ölkəsinə giriş əldə etmiş İngiltərə müstəmləkə nazirliyinin missioner proqramı ilə fəaliyyət göstərən casusları elçi, yaxud başqa adla bu iki şərq ölkəsi arasında münasibətləri ənənəvi xarici siyastlərinə uyğun şəkildə pozmağa və yolları üzərindəki ən böyük maneə olan sultanlığı aradan götürməyə çalışırdılar. Ancaq şahdan geniş hüquqlar almış və bu məsələnin mahiyyətini az-çox dərk edən Şeyxəli xan Avropa elçilərinin fitvasına nəinki getmədi və həm də onlara qəti cavablar verdi.
Əcnəbi ölkə səfirlərinin ölkələrinə yola salınması ilə əlaqədar təşkil edilən rəsmi məclislərdə də baş vəzir şahdan sonra əsas rol oynayırdı. C. Kareri yazır ki, 1694-cü ildə Şah elçiləri Ala qapıda fərşlərlə döşənmiş xüsusi bir salonda qəbul etdi. O, salonun yuxarı başında əyləşmişdi. Salona daxil olan elçiləri mehmandarbaşı və eşikağasıbaşı Şaha təqdim etdilər. Bu zaman Şahın sol tərəfində bir neçə xacə dayanmışdı. Polşa səfiri Şaha təzim etdikdən sonra etimadəddövlə Şahın məktubunu ona təqdim etdi. Xüsusi zərfdəki məktubu səfir ehtiramla qəbul etdikdən sonra baş vəzir Şahın adından ona bir neçə cümlə söylədi və səfirə ölkəni tərk etməsinə icazə verildi. Eyni qayda ilə baş vəzir Vatikan elçisinə də Şah tərəfindən papa və Venesiyaya yazılmış məktubları verdi. Vida mərasimi çox qısa oldu və naharla başa çatdı.
Şahın fərmanı və hökmləri ilə icrası həyata keçirilən mövcud qanunlar əsasında təsis edilən, fəaliyyəti tənzim olunan mərkəzi dövlət aparatı strukturunda ali nəzarət divanı və ona başçılıq edən baş vəzirin (vəzir-i əzəm) dövlətin maliyyə orqanlarının idarə olunmasında da çox geniş hüquqları vardı. Vəzir-i əzəm dövlət strukturunda Şahdan sonra yüksək vəzifə sahibi olub hüquq və səlahiyyətinə görə şahın naibi (müavin) hesab olunurdu. Mərkəzi dövlət aparatı strukturuna daxil olan bütün idarələrin, əyalət orqanlarının fəaliyyətinə tutduğu vəzifəyə görə nəzarət edən baş vəzir həm də xarici ölkə nümayəndələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq hüquqlarına da malik idi. Dövlətin qeyri-məhdud səlahiyyətə malik hökmdarının (şahın) naibi olan baş vəzirin təminatı haqqında məlumat verən Sanson yazır ki, o, hər ay xəzinədən xüsusi xərclərinə görə Fransa pulu ilə 540 min livr (1 tümən = 45 livr) yəni 1000 tümən məvacib alırdı. Ancaq V.Minorskiyə görə baş vəzir şah tərəfindən müəyyən olunmuş məvaciblə deyil, müxtəlif qaynaqlardan yığılan rəsm ül-vüzara adı ilə məlum olan təqaüd hesabına maliyyələşdirilirdi. Ancaq mənbələrdə məvacib müqabilində soyurqal verilməsi hallarına da təsadüf edilir. "Xolde bərin"də I Şah İsmayıl dövrünün baş vəzirlərindən Mirzə Şah Hüseynin Kaşanın "sahibi soyurqal"ı olması haqqındakı məlumat, baş vəzirin təminatında vahid qaydanın olmadığını göstərir.
Sanson dövlətin mərkəzi maliyyə idarəsinin strukturu haqqında məlumat verərək baş vəzirə tabe vəzarət divanın altı vəzirdən ibarət olduğunu qeyd edir. O yazır ki, vəzarət divanında birinci vəzir - mustofi əl-məmalik olub bütün maliyyə idarələrinin rəisi hesab olunurdu. İkinci vəzir - xassə-mustofi adlanır və sarayın xüsusi maliyyə müfəttişi olub həm də İsfahan müfəttişliyinə başçılıq edirdi. Üçüncü vəzir - vəzarət divanındakı dəftərxanaların darğası olub, maliyyə idarəsi dəftərxanalarına nəzarət edirdi. Dördüncü vəzir - vəzir əl-müluk adlanırdı. Və şahın dəftərxanasını qoruyub saxlamağa başçılıq edirdi. Beşinci vəzir-xassə əmlakının maliyyə məsələləri üzrə baş vəzirin müavini olub sarayın mədaxil və məxaric işlərinə baxırdı və xassə vəziri adlanırdı. Altıncı vəzir – kələntər (İsfahan şəhər kələntəri - Z.B.) adlanmaqla İsfahanın ticarət işlərinə və tacirlərin maliyyə məsələlərinə baxırdı. Sanson bu vəzirlərin Fransadakı baş maliyyə idarəsi rəislərinə oxşadığını qeyd edərək göstərir ki, onların hər biri öz vəzifə xidmətlərindən əlavə bir neçə əyalətin işlərinə də nəzarət edirdilər.
Baş vəzirə tabe altı vəzirdən başqa onun xidmətində iki katib var idi ki, onlar da "sahibi rəqəm" adlanırdı. Onlar hökm və fərmanları yazır və göndərilməsini təmin edirdilər. Baş vəzir, həm də ali divana rəhbərlik etdiyinə görə o, bəzən "sahib-I divan" da adlanırdı. Baş vəzirlə sahibi divan qaynaqlarda sinonim kimi işlədilirdi. Belə ki, Məhəmməd Yusif Qəzvini I Şah İsmayılın dövründən danışarkən yazır ki, "Vəzarət və sahebdivani" Əmir Zəkəriyyə Köcəciyə tapşırılmışdı.
Yəhya ibn Əbdüllətif Qəzvini I Şah İsmayılın 1503-1504-cü illərdə Ağqoyunlu Sultan Muradla savaşlarından bəhs edərkən Şərəfəddin Mahmudcan Deyləmi Qəzvinin Əmir Şəmsəddin Zəkəriyyə ilə vəzarət mənsəbində ortaq olduğunu qeyd edir. Azərbaycan torpaqlarının mərkəzləşdirilməsi uğrunda müharibələrin getdiyi bir dövrdə I Şah İsmayılın baş vəzir mənsəbini iki nəfərə tapşırması dövlət ərazisinin məmalik və xassəyə bölünməsi təcrübəsindən irəli gəlirdi. Ancaq bu mənsəb onların arasında xüsusi idarə səlahiyyəti ilə bölünməmiş və hər ikisi bərabərhüquqlu statusa malik olmuşdular.


Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor