Tarixlə müasirliyin vəhdəti Hadisə

Tarixlə müasirliyin vəhdəti

...Naxçıvana ilk dəfə gedəndə orta məktəbdə oxuyurdum. Araz boyu şütüyən qatarın yarıaçıq pəncərəsindən çılpaq dağların, sıldırım qayaların rəsmini gözlərimə, tikanlı məftillərə meydan oxuyan küləyin gətirdiyi buz kimi havanı ciyərlərimə çəkirdim. Kiçik bir dəftərçəm vardı o zamanlar. Rəhmətlik qardaşım bağışlamışdı. Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını, Məmməd Arazın şeirlərini və öz cızma-qaralarımı qoruyub saxlayırdım o dəftərçədə...
Yol boyu qatarın pəncərəsindən Arazın sularına şeir oxuyurdum... Daha doğrusu, pıçıldayırdım... Kimsə duymasın deyə...
...Oktyabr ayı idi. 1983-cü il... O zaman bir neçə günlük səfərdən yaddaşımda qalanları bəlkə də bir neçə sözə sığışdırmaq olardı: İkiyə bölünmüş Araz, tikanlı məftillər, sıldırım qayalar, bomboz və çılpaq dağlar...
Amma hər şey bu bir neçə Sözdən başladı. Və mən Araz boyu şütüyən qatarın yarıaçıq pəncərəsindən təkcə çılpaq dağların, sıldırım qayaların rəsmini gözlərimə çəkmədim, həm də öz yolumu çəkdim...


İlahi harmoniya

...Naxçıvana səbirsizliklə gözlədiyimiz səfər nədənsə yenə də oktyabr ayına təsadüf etdi.
Təyyarənin pəncərəsindən boylanıb yaddaşımda ilişib qalan kəlmələrin yaradığı təəssüratın yenidən canlanmasına çalışıram. Hər şey öz yerindədi... Amma sıldırım qayalar, bomboz və çılpaq dağlarla ilahi harmoniyada olan və hətta yüksəklikdən belə sezilən əsarəngiz bir tablo var gözümün önündə... Sanki bu tablonu təbiətin özü yaradıb, insan əli dəyməyib. Saxta heç nə yoxdu. Naxçıvanda təbiətlə insan təxəyyülünün və əlinin yaratdığı hər şey – yollar, binalar, parklar bir-birini heyrətamiz şəkildə tamamlayır. Və hər şey təbiətin ayrılmaz bir parçası kimi, tam, bütöv şəkildə görünür. Burada rəngdən rəngə, çalardan çalara sərt keçid yoxdu. Yeni yaranan hər bir rəng özündən əvvəlkinin bətnindən doğur – sakit, təmkinlə, haray salmadan... Bu səbəbdən də Naxçıvanda tarixlə müasirlik bir-birini sevə-sevə vəhdətdədir. Bir araya zorla gətirilməyiblər... Burada təbiət və tarix müasirliyin sərt keçidli çalarları içərisində boğulmur, əksinə daha cazibədar, daha qabarıq görünür.
2 günlük səfər ərzində mən sadəcə Naxçıvanı özüm üçün yenidən kəşf etmədim, həm də təbiətə, tarixə yanaşmanın yeni və bəlkə də heç vaxt qarşılaşmadığım bir nümunəsini gördüm...
...Hadisələr ildırım sürəti ilə cərəyan edir. Bir təəssüratdan ayrılmamış digəri ilə üz-üzə qalırsan. "2 gün çox azdır" deyə düşünürəm. "Bəlkə 1 həftə, 10 gün..." Naxçıvanla bağlı təəssüratlarımı yerbəyer etmək üçün yetər. Amma yox...
Burada təəssüratlarımı qəlibə salmaq üçün konkret bir zaman kəsiyinin anlamı olmadığı qənaətinə gəlirəm. Naxçıvanı kəşf etmək üçün Azərbaycanımızın ayrılmaz bir parçası olan bu əsrarəngiz diyarı kənd-kənd, şəhər-şəhər yenidən və İlahidən gələn ilkinliyini, harmoniyasını qoruyan vahid bir tablonun ayrılmaz hissəsi kimi qurmağı bacaran insanlar qədər sevmək, hiss etmək lazımdır...

İşğalçının qalası olmur!

...İllərdir arzusunda olduğum Əshabi-Kəhf ziyarətindən sonra Əlincə qalasına qalxıram. Addım-addım, pillə-pillə... Hər daşın, hər qaya parçasının rəsmini yaddaşıma həkk edərək.
Üzü zirvəyə doğru addımladıqca həmkarlarımın və bizə bələdçilik edən qardaş və bacılarımızın söhbətlərinə qulaq kəsilirəm. Əmir Teymurdan, Miranşahdan, Naxçıvan çamaatının misilsiz şücaətindən söhbət düşür. Həmkarlarımdan biri Əlincə qalası ilə qarşı-qarşıya olan yüksəklikdə Miranşahın qalasının yerləşdiyini deyir. Səfər boyu bizə Naxcıvan sakinlərinə xas yüksək qonaqpərvərlik nümayiş etdirən qardaşlarımızdan biri dərhal həmkarımın sözünü kəsir: - Qala yox, qərargah... İşğalçının qalası olmur!
Zənnimcə, Naxçıvanda doğulub boya-başa çatmış soydaşlarımızın Azərbaycanın dövlətçilik tarixində oynadığı rolun qaynağını, təməlini tapmaq və dərk etmək üçün bundan gözəl nümunə olmaz...
İşğalçının qalası olmur! Tarixə, Vətənə, torpağa, dosta-düşmənə, dövlətə və dövlətçiliyə münasibətdə haqqa, ədalətə söykənən bir mövqe. Çılın-çılpaq! Boyasız-filansız! Örnək ola biləcək bir nümunədir.
Təkcə bu sözü eşitmək üçün Naxçıvana səfər etməyə dəyərdi!
Zənnimcə "İşğalçının qalası olmur!" deyimi və bu deyimin ifadə olunduğu məqam Naxcıvanın müasir inkişafının haradan və hansı müqəddəs dəyərlərdən yol aldığını anlamaq üçün yetərlidir. Naxçıvanın tarixlə, təbiətlə harmoniyada, Vətənə, Dövlətə və Millətə sevgidən doğan inkişafının, uğurunun açarını da məhz burada axtarmaq lazımdır – Azərbaycanımızın ayrılmaz bir parçası olan bu gözəl diyarın qürurlu, mərd insanlarında...

Elçin Mirzəbəyli