Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları Hadisə

Səfəvi dövlətində hakimiyyət orqanları və türk əyanları

7-ci yazı

Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi h. 953(1546)-cü il hadisələrindən bəhs edərkən zamanın ən nüfuzlu əmirlərindən Sevindik bəy Əfşarın qorçubaşı olduğunun və onun qeyd olunan ildə Əlqas Mirzənin itaətsizliyini aradan qaldırmaq üçün Şirvana göndərilən mötəbər əyanların tərkibində olduğunu yazır. Sevindik bəy Əfşar 1538-ci ildən 1562-ci ilə qədər qorçubaşı vəzifəsində olmuşdu Əfşarlardan Qulu bəy Əfşarı II Şah İsmayıl qorçubaşı təyin etmiş və o, Sultan Məhəmmədin də dövründə (1578-1587) bu vəzifədə olmuşdu.
I Şah Abbas taxta çıxdıqda (1587) Əbərqu (Əbərguh) hakimi olan Yusif xan Əfşar qorçubaşı vəzifəsinə təyin edilmişdi. Onun atası Qulu bəy Əfşar da Sultan Məhəmməd dövründə qorçubaşı olmuşdu. Yusif xanın bu vəzifəyə təyin olunmasında atası ilə yaxın olmuş Mürşüdqulu xan Ustaclının böyük rolu olmuşdu. Ancaq buna baxmayaraq Yusif xan Mürşüdqulu xan Ustaclını aradan götürmək istəyən əmirlərə qoşulmuş, ancaq onlar uğursuzluğa düçar olmuş və Yusif xan Əfşar da yaxalanmışdı.
Fəqət Mürşüdqulu xan Ustaclının ricası ilə onu edam etməyib, həbs cəzasına məhkum etmişdilər. Qorçubaşı vəzifəsi isə Bədr xan Əfşara verilmişdi. O, 1588-ci ildə Astrabada hakim göndərildikdə ali divanda böyük mənsəb olan qorçubaşı vəzifəsinə Vəli xan Əfşar təyin edilir. İskəndər bəy Münşinin yazdığına görə qorçubaşılıq ali divanda çox yüksək mənsəb olub dövlətin əsas dayağı idi. I Şah Abbasa qədər böyük və nizami qorçular silkində olan Allahqulu bəy Qapanoğlu Qacar yüzbaşı rütbəsinə yüksəlmiş və 1591-ci ildə qorçubaşı olmuşdu. O, I Şah Abbasın hakimiyyətinin on doqquzuncu ilində də bu vəzifədə idi və Şahın buyruğu ilə Mərəndin Osmanlı ordusundan qorunmasına göndərilmişdi.
1611-ci ildə Seyid bəy bin Məsum bəy Səfəvinin oğlu İsa bəy qorçubaşı təyin edilir. O, şahlıq sülaləsi ilə qohum olub, yüzbaşı rütbəsindən qorçubaşı mənsəbinə yüksəlmişdi. I Şah Səfi də dövlətin hərbi təşkilatında əsasən qorçulara arxalandığına görə, bu əsgəri heyətin başçısı əvvəlki Səfəvi şahlarının dövründəki kimi, türk əsilzadələrindən təyin edilirdi. "Zeyl-ı-tarix-i alamara-yi Abbasi" də qeyd edilir ki, I Şah Səfinin hakimiyyətinin ilk illərində qorçubaşı Məsum bəy Səfəvinin nəvəsi və I Şah Abbasın qızı Zübeydə bəyimin əri İsa xan Səfəvi olub, o, ata xətti ilə Şeyx Cüneydin nəslindən idi. Şeyxavənd soyundan İsa xan kimi nüfuzlu əyanın qorçubaşı vəzifəsində olmasından I Şah Səfi ehtiyat etmiş və hakimiyyətinə kölgə salacağından qorxub onun aradan götürülməsini qərara almışdı. O, bu işi Şeyx Zahid Gilanın nəslindən olan dövlət məmuru Çıraq xan Zahidiyə tapşırır. Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi yazır ki, Çıraq xan qorçubaşı İsa xanla söhbətində onun Səfəvi nəslindən olduğuna işarə edərək böyük oğlu Seyid Məhəmməd xanın şahlığa layiq olmasını söyləmiş, ancaq İsa xan ona cavabında bildirmişdi ki, Səfəvilərlə əmizadə olsalar da, şahlıq Şah İsmayıl və Şah Təhmasib ailəsinə mənsubdur. Lakin bu söhbət şaha olduğu kimi çatdırılmamış, həm də Şaha İsa xan haqqında başqa yanlış məlumatlar da söylənilmişdi.
H. 1041 (m.1632)-ci ildə Xızır Nəbi bayramında Şeyxavənd nəslindən olan bütün xanlar, əsilzadələr saraya dəvət edilir. Bu bayram günü şah sipəhsalar Rüstəm xan və Çıraq xan Zahidliyə göstəriş verir ki, qorçubaşını övladları ilə birlikdə qətl etsinlər. Onlar qorçubaşının evinə gedib onun oğlunun üçünün də hərbi vəzifədən azad edilib Ələmut qalasına göndərilməsi barədə Şahdan buyruq aldıqları adı ilə Çaharbağa gətirib orada öldürdülər. Qorçubaşı vəzifəsi 1632-ci ildə Çıraq xan Zahidliyə tapşırılır. İsa xan Səfəvinin tiyulu, bütün əmlakı və evi müsadirə edilib ona verildi.
İsa xan Səfəvi Çıraq xanın nəzarəti altında ibadətlə məşğul olmalı və gündəlik xərcləri üçün ona 100 tümən verilməli idi. Ancaq çox keçmədi ki, İsa xan Ərdəbil yaxınlığında ölüm cəzasına məhkum edildi və onun nəşi Kərbəlaya göndərilib, orada dəfn edildi. Qorçubaşı vəzifəsi bir qayda olaraq türk əsilzadələrinə aid olduğuna görə, Çıraq xan Zahidi bu vəzifədə çox qalmamış və 1633-cü ildə hərəkətlərində qüsurlara yol verməsi bəhanə edilmiş, edam olunmuşdu. Həmin ildə qorçubaşı vəzifəsi Kirman hakimi, həm də möhürdar vəzifəsində olan Zülqədər türk tayfasının Söklən obasının böyük əmirlərindən Əmir xan Zülqədərə tapşırılır. O, uzun müddət siravi qorçu olmuş, kifayət qədər hərbi təcrübə qazanıb yüzbaşı rütbəsinə layiq görülmüş və sonra möhürdar, Xar-Simnan, və nəhayət Kirman hakimi kimi məsul vəzifələrdə çalışmış və nəhayət qorçubaşı hərbi vəzifəsinə yüksəlmişdi.
Molla Kamal 1638-ci ildə Osmanlı ordusu Bağdadı mühasirə edərkən Canı bəy Şamlının qorçubaşı olduğunu qeyd edir. O, 1645-ci ilə qədər bu vəzifədə olmuşdu. "Abbasnamə"nin verdiyi məlumata görə 22 şaban 1055 (m.1645)-ci ildə qorçubaşı Canı xan (Şamlı) öldürüldükdən sonra bu vəzifəyə yenə türk Şamlı elinin Biçərli obasından olan hərbi əsilzadə Murtuzaqulu xan təyin edilmişdi. Molla Kamal yazır ki, h. 1059 (m. 1649)-cu ildə qorçubaşı Murtuzaqulu bəy (xan) Şamlı sərxoşluq və bir çox başqa bəd əməllərinə görə edam edilir və bu vəzifə Qızılbaş-Türk əsilzadəsi Mehrab xanın oğlu Murtuzaqulu xan Qacara verilir. "Abbasnamə" də Murtuzaqulu xan Qacarın da pis əməllərinə görə h. 1074 (m.1663)-cü ildə edam olunduğu və əmlakının da müsadirə edildiyi göstərilir. Onu Şahın göstərişi əsasında şəmşir qorçusu Hüseynqulu xan Şamlı qətl etmişdi. Şahın buyruğu əsasında Murtuzaqulu xan Qacarın Təbriz bəylərbəyinin canişini olan oğlu Mustafaqulu xan da həbs edilib Kelat qalasına göndərilmiş, əmlakı da müsadirə olunmuşdu. Mənbənin verdiyi məlumata görə qorçubaşı yenə də Qacar elindən təyin edilir (h.1074-m. 1663). Yeni qorçubaşı Qarabağ bəylərbəyi İmamqulu xan Qacar idi. Qullarağası orduda rütbəsinə görə ikinci yeri tuturdu.
Ancaq Sansona görə, Şahın qulamlarının rəisi olan qullarağası ali dövlət strukturunda üçüncü yerdə dayanırdı. "Təzkirət əl müluk"da "alicah" qullarağasının da canqı əmirlərindən olduğu qeyd edilib. Əsərdə göstərilir ki, qullarağası qorçubaşıdan sonra işıqlı dövlətin dayağı və əmirlərinin ən böyüyü və Şahın şərəfli xassə qulamlarının hamısının ağsaqqalıdır. Bütün qulamların tiyul, həmesale məvacibi və mükafatları, barat, yəni məvacib qəbzləri və onların köçürülməsi onun təqdimatından sonra, ali divan vəziri tərəfindən yazılı icazə ilə öz həllini tapırdı. Dövlət və əyalətdə qulluq, yüzbaşılıq, minbaşılıq vəzifələri və bütün qulların tiyul, məvacib və mükafatı qullarağasının yazılı müraciəti əsasnda baş vəzirin tərtib etdiyi təliqəyə görə verilirdi. Qulamlara aid bütün işləri həmin idarənin ağsaqqalı olan qullarağası araşdırıb həll edirdi.
Qulamların qulluq məvacibləri, tiyul, həmesale və mükafatları haqqındakı hökm və sənədləri qullarağası təsdiq edib möhürləyirdi. Qulamların rütbə siyahısı, bu təşkilatın vəzir və mustoufisi tərəfindən Şahın hüzurunda şəxsən onun özünə ərz olunurdu. Dövlət şurası əmirlərindən olan eşikağasıbaşı dövlətin ən mötəbər qulluqçularından olub, onlara hətta elçilik kimi məsuliyyətli missiya da tapşırılırdı. Adam Oleari bu barədə yazırdı ki, onlardan İmamqulu xan hazırda Holşteyn hersoqunun sarayına göndərilmişdi. Adam Olearinin yazdığına görə Holşteynli elçilər İsfahana çatdıqları zaman Murtuzqulu xan adlı şəxs eşikağasıbaşı vəzifəsində idi ki, o, özündən əvvəlki eşikağasıbaşını çuğullayaraq edam etdirməyə nail olduqdan sonra bu vəzifəni tutmuşdu. O, çoban oğlu olub atası çadır, yaxud komada yaşayırdı. Bu qəbildən olan adamları burada türk adlandırırlar. Hansi ki, əski çağlardan bəri kəndlər salmış əkinçiliklə, sənətkarlıqla məşğul olan, Şamaxıda da, Ərdəbildə də özünün yazdığı kimi onları "xoş gəldi" deyə qarşılayanlar da türklər idilər. Səfəvi ölkəsində şəxsən gördüklərini, öyrəndiklərini gündəliyində bəzən təhlil etmədən olduğu kimi yazıya alan səyyah müəyyən ziddiyyətlərə də yol vermişdir. Ancaq onun gündəliyindəki bu ziddiyyətli faktları tutuşdurub təhlil etməklə doğru elmi nəticələr əldə etmək mümkündür. Onun qeydlərində "çadır" yaxud "komada" yaşayanların türk olub dövlətdə yüksək vəzifələrdə çalışdıqları bildirilir. Əslində səyyahın gündəliyində "çadır"larda yaşayanlar kimi qeyd edilən ölkə əhalisi xüsusi imtiyazlarla təmin olunmuş və dövlətin əsas dayaqlarından ibarət olan yarımköçəri türk elləri idilər. Sarayı içəridən qoruyan yasovullara və sarayı dişarıdan mühafizə edən cəzair alayına başçılıq edən eşikağasıbaşı saray məclislərində nizam-intizamın yaradılmasına birbaşa məsuliyyət daşıyırdı.
Eşikağasıbaşı haqqında Mirzə Səmia yazır ki, o, bütün söhbət yasavullarının, divan eşikağasılarının, divan qapıçıları və ağalarının divan carçı və yasovullarının ağsaqqalıdır və Şah məclisində iştirak edən əcnəbi ölkə elçilərinin, əyanların, xidmətçilərin, qulluqçuların davranış qaydalarını müəyyənləşdirmək, nizam-intizamı qorumaq birbaşa onun səlahiyyətinə aid idi. Məclisdə qayda-qanunlara ciddi əməl olunması ilə bağlı məsələlərdə də eşikağasıbaşı birbaşa əmrlərə aid təlimat üzrə məsuliyyət daşıyırdı. Tavernye yazırdı ki, bir neçə nəfər yüksək mənsəbli məmura başçılıq edən eşikağasıbaşı vəzifəsi Fransadakı təşrifat rəisinə bənzəyirdi. Eşikağasıbaşını "baş marşal" adlandıran Adam Oleariyə görə isə onun tabeliyində qırx nəfər eşikağası çalışırdı ki, onlar dörd-dörd, yaxud beş-beş növbə ilə yarım il müddətində sarayda xidmətlərini yerinə yetirirdilər. Onlar şah sarayının giriş qapısını qoruduqlarına görə həm də qapıçı adlanırdılar. Əcnəbi ölkələrindən gələn elçiləri də eşikağasıbaşı rəsmi qəbul günlərində yerli qayda əsasında şaha təqdim edirdi. Bu məclislərdə şahın xidmətində olan yasavullar da eşikağasıbaşına tabe idilər.
Eşikağasıbaşının əmri altında olanların məvacib, tiyul və həmesaləsi barədə, onun özünün təqdimatını baş vəzir qəbul etdikdən sonra bu barədə yazılı hökm verilirdi. Müəyyən xidmətçiləri əvəz etmək istəyənlərin məvacibi, həmesale, tiyulu, baratı eşikağasıbaşının icazəsi və möhrü ilə müəyyən edilirdi. Eşikağasıbaşı ona tabe olan mülazimlərin məvaciblərinə əlavələr barədə olan hökmləri, onların tiyul, həməsale, məvaciblərinin hökmlərini imzası və möhrü ilə təsdiqldəməli idi. Yüksək divan ləşkərnəvisi, vəziri və sərxəttnəvisi həmin eşikağasıbaşının idarəsinin musoufiləri idilər.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor