“Hələ də zorakılıq faktlarına rast gəlinir” Hadisə

“Hələ də zorakılıq faktlarına rast gəlinir”

Komitə sədri: "Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır"

"Bütün dünyada, eləcə də Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlayır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox işlər görülməlidir". Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə layihəsinin açılış mərasimində çıxışında deyib.
Komitə sədri bildirib ki, hazırda bütün yerli icra hakimiyyətlərində gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb: "Təəssüf ki, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlinir. Ermənistanın Azərbaycana təcavüzü və torpaqların 20 faizinin zəbt olunması, ölkədə bir milyondan çox vətəndaşın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi çətin ictimai-siyasi vəziyyət yaradıb. Xüsusilə, hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadın və uşaqlar olur. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Məhz buna görə də zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiyası vacibdir. Dövlətin əsas prioriteti qadınların öz hüququnu bilməsi, onların fəallığını artırmaqdır. Lakin bəzi hallarda qadınların məlumatsızlığı bir çox çətinliklər yaradır. Bundan başqa, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalır. Qadınlar fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşir".
"Azərbaycan rəhbərliyinin dəstəyi ilə ölkədə güclü hüquqi qanunvericilik bazası yaradılıb"-deyən Hicran Hüseynova bildirib ki, mövcud qanunların prioritet istiqamətlərindən biri də məişət zorakılığının qarşısının alınmasıdır. Onun sözlərinə görə, artıq qadınlar onların arxasında güclü dövlət müdafiəsinin dayandığını bilir. Komitə sədri vurğulayıb ki, təkcə qanunların qəbul olması əsas deyil, onların implementasiyası da vacibdir: "Məhkəmə qərarlarında bu sahədə qəbul olunan qanunlara və qoşulduğumuz konvensiyalara istinad edilməlidir. Hakimlər ölkə qanunları ilə yanaşı, dövlətin qoşulduğu beynəlxalq sənədlər haqqında da ətraflı məlumata malik olmalı, məhkəmə qərarları çıxaran zaman həmin hüquqi aktlardan istifadə edilməlidir".
H.Hüseynova qeyd edib ki, məişət zorakılığın qarşısının alınması istiqamətində Məlumat Bankı yaradılıb. Onun sözlərinə görə, məlumatlar toplanaraq statistik təhlil aparılır və problemlər araşdırılır: "Burada əsas iki məqsəd var. ilk növbədə biz araşdırmalara əsaslanaraq ictimaiyyətin diqqətini bu məsələyə yönəldir, xüsusilə regionlarda seminarlar, görüşlər keçiririk. İkincisi isə hansı istiqamətdə işin aparılmasını müəyyənləşdiririk. Bu günlərdə Ailə qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə, Təhsil, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən "Məişət zorakılığının qarşısının alınması ilə bağlı" 2016-2018-ci illər üçün birgə tədbirlər planı təsdiq olunub".