11:17
609
Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri və yeni formalaşan qlobal logistika mərkəzləri sırasında yer alır.
"APA-Economics" xəbər verir ki, bu barədə “Allianz Trade”in (AT) hesabatında bildirilib.
Sənəddə qeyd olunur ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Asiya–Avropa ticarət marşrutlarında Orta Dəhlizin rolu artıb. 2023-cü ildə bu dəhliz üzrə daşınan yüklərin həcmi illik 86%, Qazaxıstan üzrə dəmir yolu daşımaları isə 2024-cü ildə 63% yüksəlib.
Bildirilib ki, Azərbaycan, Türkiyə, Gürcüstan və Qazaxıstan tərəfindən həyata keçirilən dəmir yolu, liman və Xəzər dənizi bərə daşımalarına yönəlmiş investisiyalar Orta Dəhlizin inkişafında həlledici rol oynayır. Bu layihələr regiondaxili ticarəti gücləndirib və Avropa İttifaqının marağını artırıb.
Hesabatda həmçinin vurğulanır ki, Azərbaycan, iqtisadiyyatının miqyasca nisbətən kiçik olmasına baxmayaraq, Oman, Uruqvay və Panama ilə yanaşı yeni yaranan qlobal logistika mərkəzləri sırasında yer alır. AT-yə görə, ölkənin liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətindəki yatırımlar onun Asiya ilə Avropa arasında strateji körpü rolunu möhkəmləndirir.