“Türkiyədə 15 min azərbaycanlı tələbə təhsil alır” Hadisə

“Türkiyədə 15 min azərbaycanlı tələbə təhsil alır”

Azərbaycan Dövlət Pedaqoji Universitetində türkiyəli və azərbaycanlı tələbələrin iştirakı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 94 illiyinə həsr edilmiş tədbir keçirilib.
ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, tədbir tarixi bir günə həsr edilib: "29 oktyabr - Cumhuriyyət bayramı bütün türk dünyasında, o cümlədən Azərbaycanda müxtəlif tədbirlərlə qeyd olunur. Dünyada 5 mindən çox xalqdan yalnız 200-ə qədərinin dövləti var ki, onlardan da ikisi Azərbaycan və Türkiyədir. Hər iki ölkənin tarixən bütün sahələrdə dostluq və qardaşlıq münasibətləri var. Azərbaycan və Türkiyə tələbələri qarşılıqlı olarq ali məktəblərdə təhsil alırlar".
Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat isə hər iki ölkənin təhsil əlaqələrinin inkişafını, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib: "Bu gün Azərbaycanda təhsil alan çoxsaylı türk tələbələrindən gələcək üçün gözləntilərimiz böyükdür. İnanırıq ki, onlar dost ölkədə lazımi səviyyədə təhsil alaraq ölkəmizə gələcək və gələcək inkişaf üçün çalışacaqlar".
Müşavir deyib ki, Azərbaycanla Türkiyə arasında təhsil əlaqələri yüksək səviyyədədir. O, hazırda 15 min azərbaycanlı tələbənin Türkiyədə təhsildığını qeyd edib: "Bu çox ciddi rəqəmdir. Türkiyədə oxuyan əcnəbi tələbələrin arasında azərbaycanlı gənclər ilk sıradadır".
Təhsil müşaviri qeyd edib ki, Azərbaycanda isə Türkiyədən 3 min tələbə təhsil alır: "Hər iki ölkə tələbələrinin təhsil aldıqları sahələr fərqlidir. Azərbaycandan Türkiyəyə gedən tələbələr memarlıq, tibb, mühəndislik, iqtisadiyyat və turizm sahələrində təhsil almağa maraq göstərir. Bu sahələrə bir neçə ildə də tələbələrin marağı artıb. Türkiyədən Azərbaycana gələn tələbələr isə əsasən, tibb sahələri üzrə təhsil almağa üstünlük verir. Bundan başqa, pedaqoji, psixoloji, memarlıq, inşaat və digər sahələrdə də təhsil alan tələbələrimiz var".
Onun sözlərinə görə, Azərbaycanın rəsmi dairələri tərəfindən Türkiyədə universitet yaradılması təşəbbüsü irəli sürülüb:"Bununla bağlı danışıqlar aparılır: "İnanırıq ki, Türkiyədə Azərbaycan universitetinin yaradılması məsələsi gerçəkləşəcək. Türkiyədə yeni yaradılan Maarif Vaqfı vasitəsilə isə Azərbaycanda Türkiyə universitetinin qurulması mümkündür. Azərbaycan ali məktəblərində türk tələbələrə yüksək səviyyədə təhsil verilir. Bunun nəticəsində son illər türk tələbələrin Azərbaycana ciddi axını başlayıb".