Xankəndi sakini: Bir daha doğma şəhərimdən heç yerə getmək istəmirəm - FOTO Hadisə

Xankəndi sakini: Bir daha doğma şəhərimdən heç yerə getmək istəmirəm  - FOTO

"Ən böyük arzum bütün Xankəndi sakinlərinin doğma yurda geri dönməsini görməkdir".

Bunu APA-ya Xankəndidə yaşayan keçmiş məcburi köçkün Kamran Nəsirov deyib.

O, doğma şəhərinə dönüşün onun üçün böyük mənəvi dəyər daşıdığını deyib. Kamran Nəsirov bildirib ki, 1952-ci ildə Xankəndidə anadan olub, uşaqlıq və gənclik illəri burada keçib. Elə bu şəhərdə təhsil alıb, ailə qurub, övladları doğulub.

Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasəti nəticəsində ailə doğma yurdunu tərk etməyə məcbur qalıb. K.Nəsirovun sözlərinə görə, 1988-ci ildə erməni millətçiliyi və separatizmi səbəbindən ailəsi Xankəndidən çıxmağa məcbur olub:

“Evimiz yandırıldı, sentyabr ayında buradan çıxdıq. Bizə Bakıya və başqa yerlərə getməyi təklif edirdilər, amma razı olmadıq. Xocalıya köçdük, orada məskunlaşdıq. Dağılmış evləri bərpa edib yenidən həyat qurmağa çalışdıq. Çünki inanırdıq ki, bir gün öz torpağımıza qayıdacağıq”.

K.Nəsirov bildirib ki, münaqişə ailəsinə ağır itkilər yaşadıb. Onun oğlu 44 günlük Vətən müharibəsində şəhid olub. Bundan başqa, ailə Daşaltı əməliyyatı və Xocalı soyqırımı zamanı da yaxınlarını itirib: “Üç gün meşədə qaldıq. Dayım oğlu və qardaşım Daşaltıda, digər dayım oğlu isə Xocalı faciəsində şəhid oldu. Bu itkilər bizim üçün ağır olsa da, şərəflidir. Çünki onlar Vətən uğrunda canlarından keçiblər”.

Xocalının işğalından sonrakı illərdə ailə ölkənin müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayıb.

Hazırda ailəsi ilə birlikdə Xankəndidə yaşayan K.Nəsirov dövlət tərəfindən yaradılan şəraitdən razılığını ifadə edib. O bildirib ki, ailə üzvlərinin bir qismi artıq şəhərdə məskunlaşıb, böyük oğlu Ceyhun şəhərin su idarəsində operator kimi çalışır, digər övladları da gələcəkdə burada yaşayacaq.

K.Nəsirov bir daha doğma Xankəndidən heç yerə getmək istəmədiyini bildirib.

Xankəndi sakini: Bir daha doğma şəhərimdən heç yerə getmək istəmirəm - FOTO Xankəndi sakini: Bir daha doğma şəhərimdən heç yerə getmək istəmirəm - FOTO Xankəndi sakini: Bir daha doğma şəhərimdən heç yerə getmək istəmirəm - FOTO