Ərdoğan: NATO-nun çəkindirici rolunu və həmrəyliyini gücləndirməsi vacibdir Gündəm

Ərdoğan: NATO-nun çəkindirici rolunu və həmrəyliyini gücləndirməsi vacibdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hazırkı geosiyasi şəraitdə NATO-nun çəkindirici potensialının və daxili həmrəyliyinin əhəmiyyəti artıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti NATO-nun İstanbulda keçirilən parlament sammitində bəyan edib.

Ərdoğan müharibələrin təhlükəsizlik anlayışını dəyişdirdiyini vurğulayıb: "Mövcud şəraitdə NATO-nun çəkindirici potensialının artırılması və müttəfiqlər arasında həmrəyliyin möhkəmləndirilməsi daha böyük əhəmiyyət kəsb edir. Hazırkı geosiyasi vəziyyət NATO-nun rolunun vacibliyini artırıb", — deyib.

Dövlət başçısı vurğulayıb ki, "Türkiyə yeni dövrün ruhunu hər kəsdən daha yaxşı anlayır". "Böhran bölgələri ilə 1 800 km-dən çox quru sərhədi olan Türkiyə özünün güclü ordusu, müasir hərbi imkanları və inkişaf etmiş müdafiə sənayesi sayəsində 70 ildən artıqdır ki, NATO-nun təhlükəsizliyinə töhfə verən müttəfiqlərin ön cərgəsində yer alır", — deyə Ərdoğan bildirib.

İyulun 7-8-də Ankarada keçirilməsi planlaşdırılan NATO sammitinə toxunan Türkiyə prezidenti qeyd edib ki, "bu tədbirə təkcə müttəfiqlər deyil, bütün dünya böyük maraq göstərir". "NATO-nun təhlükəsizliyə kompleks yanaşması çərçivəsində qlobal və regional hadisələri, xüsusilə Ukrayna, Fars körfəzi və Fələstindəki vəziyyəti qiymətləndirəcəyik. Bu xüsusda, ABŞ və İran arasında atəşkəs məsələsinin daimi əsasda həlli üçün Pakistan və Qətər, eləcə də digər dost və qardaş ölkələrlə birlikdə lazımi dəstəyi verməyə davam edəcəyik", — deyə o bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, Ankara "İsrailin Livana etdiyi və əldə olunmuş razılaşmaları sarsıdan hücumlarını diqqətlə izləyir". İsrailin addımlarından danışarkən o bəyan edib ki, Türkiyə "bölgədəki sabitliyə dözə bilməyən və hətta bunu öz təhlükəsizliyinə təhdid kimi görən" Təl-Əvivin təxribatlarının qarşısını almaq üçün NATO üzvlərindən dəstək gözləyir. "Fələstin problemi Yaxın Şərqdəki gərginliyin kökündə dayanır. Təəssüf ki, İsrailin işğalına və torpaqları qəsb etməsinə son qoyulmadan regionumuzda qalıcı sülh mümkün deyil", — deyə o əlavə edib.

Məryəm Quliyeva