“HƏMAS-ın böyükhəcmli müharibəyə başlaması inandırıcı deyil” Dünya

“HƏMAS-ın böyükhəcmli müharibəyə başlaması inandırıcı deyil”

“Son zamanlarda İsrail tərəfindən Livanda və Hizbullaha qarşı həyata keçirilən əməliyyatlar, eyni zamanda, İranla müharibə HƏMAS məsələsinı bir qədər arxa plana atmışdı. HƏMAS, ümumiyyətlə, Qəzzada elə bir infrastruktur qurub ki, tez bir zamanda özünü toparlayaraq yeni müharibələrə başlaya bilər. Bu, tez-tez İsrailin daxilinə sızmaq və orada müəyyən aktlar həyata keçirmək şəklində ola bilər. Ancaq bu, çox da inandırıcı deyil ki, HƏMAS böyükhəcmli müharibəyə başlasın. Çünki onun imkanları yoxdur”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Z.Əmrəliyev qeyd edib ki, HƏMAS-ın komando heyəti İsrail tərəfindən demək olar ki, tamamilə sıradan çıxarılıb: “Xüsusilə də təşkilatı bir arada tutan ən böyük şəxslərdən biri olan İsmayıl Haniyənin öldürülməsi HƏMAS-a çox ciddi şəkildə zərbə oldu. Eyni zamanda, təşkilatın digər liderlərindən olan Xalid Məşəlin də mühacirətdə olması, faktiki şəkildə Qəzzadakı HƏMAS-ın liderliyinin məhv edilməsi çox ciddi şəkildə problemlərin meydana çıxmasına gətirib çıxarır”.

Siyasi şərhçi düşünmür ki, HƏMAS hansısa böyük hücumla Qəzzada əməliyyatlar həyata keçirməyə hazırlaşsın və İsrailə qarşı əməliyyatlar həyata keçirsin: “Bundan sonrakı müharibə ancaq partizan müharibəsi şəklində ola bilər. HƏMAS gücünü, qüvvəsini toplayaraq İsrailə qarşı müəyyən qədər müqavimət təşkil edə bilər. Çünki İsrailin Qəzzada əməliyyat keçirmək planının olması barəndə məlumatlar var. Artıq İsrail Livanda Hizbullahın mümkün mövqelərini sıradan çıxarmaqla məşğuldur. Bundan sonra artıq Qəzzada özü üçün olan problemli məsələləri həll etmək üçün aktiv şəkildə Qəzzaya hücuma başlaya bilər. Buna görə də ehtimal ki, HƏMAS komandanlığı özünü toparlayaraq İsrail hücum etdikdə İsrailə qarşı müharibəyə başlamaq üçün indidən hazırlıqlar görə bilər”.

Röya İsrafilova