“Türkiyə Avropadan asılı deyil” Gündəm

“Türkiyə Avropadan asılı deyil”

“Avropa İttifaqı hazırda həm iqtisadi, həm də hərbi təhlükəsizlik baxımından ən mürəkkəb dövrlərindən birini yaşayır”.

Bu barədə Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, qlobal geosiyasi dəyişikliklər Avropanın təhlükəsizlik arxitekturasına yenidən baxmasını zəruri edib:
“Artıq NATO əvvəlki kimi yalnız Şimali Atlantika məkanı ilə məhdudlaşmır, Avropanın təhlükəsizlik sistemində daha böyük rol oynamağa başlayıb. Lakin burada da müəyyən balans problemləri yaranır. Avropanın təhlükəsizliyini Atlantik əməkdaşlıq olmadan təsəvvür etmək mümkün deyil. Avropanın qarşılaşdığı problemlər yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır.
Dünyada istehsal mərkəzlərinin Avropadan digər regionlara, xüsusilə Çin, Cənub-Şərqi Asiya və Hindistan kimi istiqamətlərə keçməsi Avropa iqtisadiyyatına ciddi təsir göstərir. Bununla yanaşı, demoqrafik problemlər və əmək bazarında yaranan çətinliklər də Avropa üçün əlavə çağırışlar yaradır”.

Deputatın sözlərinə görə, bütün bu problemlərə baxmayaraq, Avropa İttifaqının Türkiyəni tamhüquqlu üzv kimi qəbul etməsi yaxın perspektivdə real görünmür:
“Avropa İttifaqının Türkiyə ilə münasibətlərində müəyyən məhdudiyyətlər qalır. Mən hesab edirəm ki, Türkiyə üçün də bu gün əsas məsələ yalnız Aİ üzvlüyü deyil. Türkiyə öz gücü, iqtisadi imkanları və hərbi potensialı ilə artıq regional və qlobal miqyasda mühüm aktora çevrilib.
Türkiyənin gələcək inkişaf perspektivləri yeni əməkdaşlıq formatları ilə də bağlıdır.
Azərbaycan-Türkiyə münasibətləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan əməkdaşlıq gələcəkdə mühüm güc mərkəzlərindən birinə çevrilə bilər. Türkiyə daha da gücləndikcə, onun qlobal siyasətdə imkanları və təsir dairəsi də genişlənəcək”.

Günel Elxan