Professor Seyit Aydın: Qərbi Azərbaycanda ədalətin bərpası Türk dünyası gündəminin bir hissəsidir Cəmiyyət

Professor Seyit Aydın: Qərbi Azərbaycanda ədalətin bərpası Türk dünyası gündəminin bir hissəsidir

Diaspor təşkilatları tarixi reallıqların təbliğində daha fəal olmalıdırlar ki, Qərbi Azərbaycanın tarixi 86 milyon əhalisi olan Türkiyədə tanınsın. Bu birgə səy Qərbi Azərbaycan mövzusunun beynəlxalq gündəmdə möhkəmləndirilməsinə və BMT səviyyəsində vaxtaşırı müzakirələrin təşkil olunmasına kömək edəcək.

Bu fikri AZƏRTAC-a müsahibəsində Ankaradakı Qərbi Azərbaycan icmasının nümayəndəsi professor Seyit Aydın ifadə edib.

O, Qərbi Azərbaycan üçün ədalət məsələsinin təkcə Azərbaycan və ya Türkiyənin deyil, bütün Türk dünyası gündəliyinin bir hissəsinə çevrilməli olduğunu vurğulayıb.

Professorun sözlərinə görə, Qərbi Azərbaycandan olan insanların haqlı tələblərini nə qədər çox ölkə dəstəklərsə, azərbaycanlıların tarixi torpaqlarına dinc şəkildə qayıtması bir o qədər yaxınlaşacaq.

S. Aydın izah edib ki, Qərbi Azərbaycan sakinlərinin ilk qrupları 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi zamanı Anadoluya, xüsusən də Amasiya vilayəti bölgəsinə gəlib və qaçqın axını sonradan daha da güclənib.

“Onların bir çoxu öz vətənlərində firavan yaşayırdı, lakin bütün əmlaklarını, sərvətlərini və mal-qaralarını geridə qoymağa məcbur oldular ki, bu da nənə-babalarımızın nəsildən-nəslə xatırladığı hadisələrdir. Məsələn, qohumlarım əsrlər boyu Çəmbərək bölgəsinin kəndlərində yaşayıblar, oradan qovulub Amasyada məskunlaşıblar. Tarixi əhalinin bir hissəsi isə əksinə, şərqə - Azərbaycanın digər bölgələrinə köçüb. Eyni zamanda, Cənubi Qafqazda sayı minimal olan ermənilər fəal şəkildə Azərbaycan torpaqlarına köçürülüblər”, - deyə professor S. Aydın Rusiya imperiyası və Sovet İttifaqının siyahıyaalma statistikasına istinadla bildirib.

O qeyd edib ki, bu gün Türkiyənin Amasya vilayəti əhalisinin 30 faizinə qədəri Qərbi Azərbaycandan olan nəsilləridir. “Bir çox azərbaycanlı, həmçinin Qars, Sivas, Muş və Ərdəhan da daxil olmaqla Anadolunun digər bölgələrinə köçüb. Bəziləri Qaraqoyunlu vadisindən Göycəyə qaçıb. Bütün bu insanları nəsilbənəsil vətən həsrəti və tarixi torpaqlarını itirməyin ağrısı birləşdirir. Bir çox ailə hələ də samovar və köhnə əşyaları saxlayır”, - deyə Qərbi Azərbaycan icmasının nümayəndəsi qeyd edib. O əlavə edib ki, sonuncu qruplar 1952-ci ildə dolayı yollarla Türkiyəyə qaçıblar.

Professor bildirib ki, Qərbi Azərbaycan ailələrindən olan insanlar Türkiyənin inkişafına əhəmiyyətli töhfələr verməyə davam edirlər. İllər ərzində onlar dövlət strukturlarında yüksək vəzifələr tutublar və geniş ictimai sahələrdə tanınmağa nail olublar.

Seyit Aydın özü səkkiz il Kastamonu Universitetinin rektoru vəzifəsində çalışıb.

Ankaradakı Qərbi Azərbaycan icmasının nümayəndəsi Prezident İlham Əliyevin regionda uzunmüddətli sülhə və sabitliyə yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirib.

“Bu gün Qarabağ məsələsində ədalətin bərpa olunmasından qürur duyuruq və xoşbəxtik. Qərbi Azərbaycanın tarixi torpaqlarına qayıdışa səmimi-qəlbdən inanıram. Bu, xalqın beynəlxalq miqyasda tanınan qanuni hüququdur”, - deyə o vurğulayıb.

Müsahibənin sonunda professor Ankarada Qərbi Azərbaycan nümayəndəliyi üçün yer ayrılacağına ümid etdiyini bildirib.