Gənc ananın həyatı xilas edilib Hadisə

Gənc ananın həyatı xilas edilib

Təbii doğuşdan bir ay sonra gənc ana S.F.-nın sol aşağı ətrafında qəflətən kəskin ağrı və ödem yaranıb. Bundan ciddi narahat olan 26 yaşlı ana doğuşun qəbul edildiyi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının I mama-ginekologiya şöbəsində assistent Nigar Allahverdiyevaya təkrar üz tutmaq məcburiyyətində qalıb. Tibb Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, professor Məmməd Kərimov tərəfindən konsultasiya olunandan sonra xəstənin vəziyyəti kritik qiymətləndirilib və ürək-damar cərrahiyyəsi şöbəsinə köçürülərək təcili müayinələrə başlanılıb. Dupleks müayinəsində sol aşağı ətrafın demək olar ki, bütün venoz sisteminin total zədələnməsi – dərin, səthi və kommunikant venaların yayılmış trombozu aşkar edilib. Klinik olaraq onda venoz qanqrenadan şübhələnilərək təcili olaraq müasir yüksək texnoloji müalicə üsullarından istifadə edilməsinə qərar verilib. Bununla əlaqədar klinikanın invaziv kardioloqu Qalib İmanov dəvət olunub, məsləhətləşmədən sonra trombun proksimal ucunun sol xarici qalça venasına çatması və flotasiyaya şübhəli olmasına görə təcili aşağı boş venaya kava filtr yerləşdirmək barədə yekun qərar qəbul edilib.
Aparılan hazırlıq tədbirlərindən sonra xəstə üzərində angioqrafiya otağında prosedura başlanılıb, lakin prosedur zamanı trombun aşağı boş venaya sirayət etməsi emboliya riskini atırdığı üçün onu femoral (qasıq) venasında icra etmək mümkün olmayıb. Bunun səbəbi aydınlaşdırılarkən trombun çox sürətlə böyüyüb aşağı boş venaya yayılması və onun mənfəzini tam bağlaması müəyyən edilib. Ona görə də vaxt itkisinə yol vermədən boyundan vidaci venaya, oradan yuxarı boş, sonra isə aşağı boş venaya daxil olunaraq kava filtr məhz həmin səviyyədə böyrək venalarının altına yerləşdirilib və xəstənin həyatı xilas edilib. Bundan sonra xəstəyə intensiv konservativ müalicə davam etdirilib və çox qısa müddətdə ağrılar, ödem əhəmiyyətli dərəcədə azalıb, ətrafın rəngi normallaşıb. Gənc ana ambulator müalicə üçün kafi vəziyyətdə evə yazılıb.