“Avropa Ukraynaya dəstəyi daha da artıracaq” Dünya

“Avropa Ukraynaya dəstəyi daha da artıracaq”

“Bu gün Ukrayna-Rusiya cəbhəsində müharibə yeni bir mərhələyə daxil olub. Tərəflər qarşılıqlı hücumlarını daha da artırıblar və hər iki tərəf davamlı olaraq bir-birinin infrastrukturuna müxtəlif zərbələr həyata keçirir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

C.Məmmədov bu yöndə atılan addımların xüsusi diqqət çəkdiyini qeyd edib: “YArtıq Ukraynaya daha çox dəstək olunur, daha çox yardım edilir. Qeyd etmək lazımdır ki, son vaxtlar Qərbin Ukraynaya dəstəyi nəticəsində Ukrayna özünün imkanlarını daha da genişləndirir, daha çox hücum etməyə başlayıb. Hesab edirəm ki, Parisdə keçirilən görüş önəmlidir. Bu gün Ukraynanın hərb cəbhəsində Rusiya üzərində üstünlüyü hiss olunur və bunu Qərb də bilir. Qərb bu məsələyə Avropa-Rusiya müharibəsi kimi yanaşır və bu yöndə Ukraynaya daha çox dəstəyin göstərilməsi məsələsi əksini tapır”.

Deputat hesab edir ki, növbəti günlərdə Avropa dövlətləri Ukraynaya dəstəyi daha da artıracaq: “Həm iqtisadi sanksiyalar artır, həm də Ukraynanın müdafiə qabiliyyəti, eləcə də hücum qabiliyyəti artırılır. Düşünürəm ki, bu da növbəti günlərdə Qərbin Ukraynaya daha çox dəstək, yardım göstərdiyinin, bu istiqamətdə addımlar atdığının şahidi olacağıq”.

Röya İsrafilova