
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük haqq savaşımızda sinəsini Vətənə sipər edib, qanı bahasına onu alınmaz qalaya döndərən igidlərdən biri də Vahib Ramiz oğlu Əliyevdir. Belə də olmalı idi. Çünki yurd yanğısı, qeyrət, mərdlik ana südü ilə birgə hopmuşdu Vahibin canına. O, yetkinlik yaşına çatanda insanlara gərək olmağı, Vətənini canından əziz tutmağı özünə həyat amalı seçmişdi. Məhz buna görə də müharibə meydanında min əzab-əziyyətli yollar keçsə də, son nəfəsə qədər erməni dığalara qan qusdurub. Ölüm ayağında da “Təki Vətən yaşasın”,- deyə əbədi olaraq gözlərini yumub. Beləcə, qısa ömrü tarixə yazılan hünər dastanı kimi dillərə düşüb. İndi Vahib öz xalqı üçün yolunda canını fəda etdiyi Vətən səmasını parlaq günəşidir. Həmçinin dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, Qubadlının, Cəbrayılın azadlığına görə medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni Vahibin müharibə meydanında göstərdiyi misilsiz şücaətinə gözəl nümunədir.
Ölümü əsl qəhrəmanlıq məktəbi olaraq tarixə yazılan, özünə ürəklərdə əzəmətli abidə ucaldan Vahib Ramiz oğlu Əliyev 24 mart 1997-ci ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olub. Halal bir ailə ocağında boy atan Vahib yetkinlik yaşına çatıb müstəqil həyata qədəm qoyanda kənddə hamı onun mədəniyyətinə, əxlaqına, bacarığına, fəal vətəndaşlıq mövqeyinə, doğma yurduna ülvi məhəbbətinə qibtə edib. Ən əsası hər əməlində xalq, Vətən üçün yararlı övlad olduğu bilinib.
Əsgərlik yaşı çatanda, yəni 2015-ci ilin iyun ayında Vahib ordu sıralarına gedib. Azərbaycanın müqəddəsliyinə tapınan gənc cəbhə bölgəsində xidmətə başlayıb. Vətənə sevgi, düşmənə nifrət ruhunda formalaşan gənc nümunəvi xidmət göstərməklə çox keçmir əsgərlərin, zabitlərin dərin hörmətini qazanıb. Ən çətin sınaqlardan uğurla çıxıb. Vahib hərbin sirlərinə bələd olmaq üçün qatıldığı təlimlərdə döyüş igidliyinə görə fərqlənib. Düşmənlə mübarizə aparmaq üçün özündə tükənməz qüvvə hiss edəndən ondan qisas almaqdan ötrü məqam gözləyib. Əsgər yoldaşlarına da deyib ki, yağı əsarətində olan əzəli-əbədi yurd yerimiz Qarabağ illərdir xilaskar ərənlərin yolunu gözləyir. Bu şərəfli vəzifəni yerinə yetirmək bizim üzərimizə düşür. Düşmənin başını əzmək gərəkdir. Əminəm ki, tezliklə ordumuzun qeyrətli, mətin oğulları Vətən torpaqlarının azadlığı uğrunda odlardan, alovlardan keçərək işğalçı dığalara öz yerini göstərərlər. Mən də onların cərgəsində olmaqla, döyüşə gedib son qarış torpağın azad olunacağı günədək vuruşacağıma and içirəm. Fəqət, torpaq yolunda şəhid olmağı bacaran ərənlərin çiynində Vətən olur.
Əsgərlikdən sonra Vahibin ailəsi ilə günləri nə qədər xoş keçsə də, Qarabağın düşmən əsarətində olması onu rahat buraxmayıb. Xəyalı gecə-gündüz döyüş bölgələrində dolaşıb. Qəlbi düşməndən qisas almaq arzusu ilə döyünən Vahib İkinci Qarabağ müharibəsinin başlanması xəbərini evdə eşidib. Damarlarındakı qeyrət qanı daha da coşub, düşməndən doğma Azərbaycana yaşatdığı acıların əvəzini çixmaq üçün könüllü olaraq döyüşən cəbhənin ən qaynar nöqtələrinə gedib, canından artıq sevdiyi Vətəninin azadlığı uğrunda ölümün üzünə dik baxa-baxa vuruşub, dığalara ilk ağır zərbəni vurub. Nəticədə göstərdiyi misilsiz fədakarlığı yağını ciddi itkilər qarşısında qoyub. Mərdliyi, igidliyi əsgər yoldaşlarına da nümunə olub. Hər döyüşdə də dığalara qarşı nifrəti alovlanıb. Silahdan möhkəm yapışıb, cəsur döyüşçü kimi səngər yoldaşlarını da qələbəyə doğru aparıb.
Vahib Əliyevin düşmənə vurduğu ölümcül zərbələr günü-gündən artıb. Cəbrayılın, Füzulinin, Zəngilanın azadlığı uğrunda sözün əsl mənasında tarix yazıb. Polad sinəsini irəli verib düşmənin üstünə qartal tək şığıyan qəhrəman Vətən oğlu onun xeyli sayda canlı qüvvəsini məhv edib, texnikasını sıradan çıxardıb.
Vahibin son savaşı Qubadlıya girən zaman olub. 4 noyabr 2020-cil ildə gedən şiddətli döyüşdə qəhrəmancasına şəhadətə yüksəlib.
Vətən, torpaq sevgisi ilə Vahib şüurlu sürətdə canını fəda edərək vətənpərvərliyin ən ali məqamına yetişib. Odur ki, sonsuz ehtirama, sevgi və məhəbbətə layiq olan Azərbaycanın qəhrəman oğlu xalqımızın qəlbində əbədi yaşayacaq.
Zəfər Orucoğlu