Azərbaycan milli iqtiqlal mücadiləsi Hadisə

Azərbaycan milli iqtiqlal mücadiləsi

Azərbaycanın iqtiqlal bəyənnaməsinə (28 may, 1918-ci il) qədərki torpaq rejimi

Hüseyn Baykara

5-ci yazı

Torpaqlara aşağıdaki şəkildə sahiblik edilir və mülkiyyət aşağıdakı kimi bölünürdü:
1. Xanlara, bəylərə, ağalara və başqa torpaq mülkiyyətinə sahib olan şəxslərə (mülkədar) aid yerlər.
2. Əkinçilər (camaat) tərəfindən əkilib-becərilən ümumi yerlər.
3. Məscidlərə və ruhanilərə verilən vəqf torpaqları.
4. Xəzinəyə aid dövlət torpaqları.
Torpağa mülk şəklində sahib olan mülkədarların çoxu Qərb ölkələrində və ya Amerikada olduğu kimi torpaqlarından bilavasitə istifadə etmirdilər. Bu torpaqları əkib-becərmək üçün torpaqsız kəndlilərdən istifadə edir, həm də bu yolla mülkədar istismarını davam etdirirdilər. Onların torpaqlarını əkməyə məcbur olan torpaqsız kəndli yenə köhnə vergiləri qismən də olsa vermək məcburiyyətində qalırdı. Mülkədarlar iqtisadi dəyəri olan torpaq vasitəsilə torpaqsız kəndlilər üzərindəki zülmlərini davam etdirə bilirdilər.
Mülkədarların artıq o dövrdə əkinçilərdən aldıqları hissələrə vergi deyilmirdi. Çünki vergilər hüquqi cəhətdən ləğv edilmişdi.
1 "Mali cihət" yenə də əvvəlki kimi qalırdı ancaq adına icarə deyilirdi. Miqdarı da əvvəlki kimi məhsulun onda biri idi.
2. Yardarlıq; əgər əkinçi əkdiyi yerin toxumu ilə işçi qüvvəsinin yarısını mülkədarlardan alırdısa, məhsulun yarısı mülkədara çatırdı, yarısı da özünə qalırdı.
3. Rəncbərlik; yeri, heyvanı, toxumu olmayan əkinçi mülkədarın toxumu, heyvanı və kənd təsərrüfatı alətlərindən istifadə edirdisə və işlədiyi günlərdə yeməyini mülkədar verirdisə, məhsul yığımı zamanı həmin ərazinin adətinə görə məhsulun üçdə və yaxud dörddə birini özünə götürür, yerdə qalanını mülkədara verirdi.
4. Bunlardan başqa yerli ərazilərdəki qaydalara görə məhsulun 1/3, 1/4, 1/5, 1/6, 1/7, 1/8 muzd haqqı almaq şərti ilə mülkədarın torpağını əkib-becərmək üsulu vardı.
Otlaq yerlərin biçilməsi çox zaman əkinçilərə icarəyə verilirdi. Biçilən otun üçdə biri kəndlilərə, qalanı da mülkədara çatırdı. Otlaq yerlər mülkədarlar tərəfindən heyvandarlıqla məşğul olan köçərilərə verilirdi. Bunun müqabilində onlardan pul, heyvan və ya süd alınırdı. Mülkədarın sahib olduğu meşələrdən kəndlilər pul vermək şərti ilə odun və ağac kəsmək ixtiyarına malik idilər. Bəzi kəndlərdə bütün sakinlərin malı sayılan ağaclıqlar var idi ki, belə yerləri kəndlilər özləri idarə edirdilər. Bəzi ərazilərin şərtlərinə görə, kəndlilərin özlərinə məxsus "mülk" adlanan yerləri vardı. Yaşadıqları ev, xırman, bağ, ağaclıq və başqa bu kimi torpaq sahibliyi üçün ilk növbədə gərəkli olan yerlər, varislik yolu ilə kəndliyə çatan, onun alıb-sata və icarəyə verə biləcəyi yerlər mülk sayılırdı. Varisi ölən ailələrin yerləri xəzinəyə keçirdi. Bunlardan başqa vəqf deyilən torpaqlar var idi ki bunlar ruhanilərə, məscidlərə, məktəblərə verilirdi. Bunun idarəsi mütəvəlilik yolu ilə aparılırdı. Xəzinəyə aid meşələr, otlaqlar, əkin yerləri, mədənlər, neft çıxan torpaqlar, göllər, nəhr və çaylar da vardı ki onlardan istifadə edənlər xəzinəyə müəyyən məbləğdə pul ödəməyə məcbur idilər.
Bütün bu incələmələr göstərir ki, tarix boyu Azərbaycan kəndlisi indiyə qədər mülk sayıla bilən nə bir parça torpağa, nə orta rifaha və nə də cüzi azadlığa qovuşmuş, xanların zülmü, mütləqiyyətin yetişdirməsi olan təhkimçilik və çarizmin Azərbaycandakı üsul-idarəsinin istinadgahı olan bəylərin istismarı altında inləmişdi. 1917-ci il rus inqilabından sonra qurulan müstəqil Azərbaycan Respublikası zamanında bir parça torpaq əldə edib xoş gün görəcəkdi ki, çox çəkmədən rus kommunist rejiminin yenidən qurduğu kolxoz və sovxoz adlanan əsarət və köləlik rejiminə məruz qaldı.
Çar rejimindən fəqrli olaraq bu hökümətin havayı əldə etdiyi torpaqlarda kəndlilərə necə zülm etməsini bir misal çəkmək istəyirəm. 1917-ci il fevral inqilabı nəticəsində çar taxtdan devrildi. Çar üsul-idarəsinin valiləri, polis xidmətçiləri və başqa bu kimi məmurlar Azərbaycandan qaçdılar. Ölkədə hökumət artıq öz nüfuzunu itirdi. Azərbaycanda kəndlilər bu anarxiyadan istifadə edərək bəylərin və ağaların təsərrüfatlarını əllərindən aldılar, mülkədarların malikanələrini evlərini yandırıb, talan etdilər, əllərinə keçən ağa və bəyləri öldürdülər. Şamxorda (Şəmkirdə - red.) Allahyar bəyin təsərrüfatını və evini kəndlilər əhatəyə alıb yandırmaq istəyərkən, Allahyar bəyin arvadı Quranı əlinə alaraq eyvana çıxmış, Quranı açaraq dua etmiş və kəndlilərə - bizi bu Qurana bağışlayın, - deyə yalvarmışdı. Amma kəndlilərdən biri əlindəki mauzerlə qadına atəş açmış, güllə Quranı dələrək qadının başını parçalayıb öldürmüşdü. Beləliklə, əsrlərlə zülm və istismara məruz qalmış xalqın aldığı bu intiqam zülm və istismarın dözülməzliyinə parlaq bir misaldır.
1918-ci il 28 Mayda istiqlalını elan edən Azərbaycan dövləti quruldu. Azərbaycan hökuməti rəhbərlərinin çoxu "Müsavat" partiyasının üzvləri idi. Mənə elə gəlir ki, bu səbəbə görə "Müsavat" partiyasının proqramındakı torpaq siyasətindən yazmaq daha məqsədəuyğun olardı.
Torpaq məsələsi: Millətin əksəriyyəti rəncbərdir. Rəncbərin məişəti, həyatının təmini torpaqladır. Torpaq abad olarsa, millət də xoşbəxt olar. Bunun üçün rəncbər olan millətə, zəhmətkeş xalqa torpaq vermək millət üçün faydalıdır. Əksəriyyəti rəncbər olan bir millətə xidmət üçün təsis edilmiş olan Müsavat partiyası cümhuriyyət torpaqlarının ümumi dövlət fondu təşkil etməklə bərabər, aşağıdakı kimi həll olunub rəncbərlər arasında bölüşdürülməsini tələb edir:
Xəzinəyə, keçmiş Rusiya çarına, çar nəslinə və eləcə də xüsusi mülkədarlara məxsus torpaqlar pulsuz və əvəzsiz, təmənnasız olaraq zəhmətkeş və rəncbər xalqa veriləcək.
Beləliklə, zəhmətkeşlərə, rəncbərlərə veriləcək torpaq, onların şəxsi mülkiyyətləri olacaq və onlar bu yerlər üzərində bütün hüquqa malik olacaqlar.
Onlara veriləcək torpağın miqdarı qanunla təyin olunacaq və bundan başqa bir kimsəyə torpaq sahibliyi hüququ verilməyəcək. Torpaq xüsusi sahiblərindən alındıqca, kəhrizlər və su çıxaran cihazların qiyməti dövlət tərəfindən mütərəqqi gəlir vergisindən hasil olmuş xüsusi bir fond hesabına sahiblərinə verilməlidir. Mülkiyyət hüququ yalnız torpağın üzərinə aiddir, yerin altındakı xammal dövlət xəzinəsinə məxsusdur. Ondan istifadə olunması qoyulan xüsusi qanunla həyata keçirilir.
Meşələr, cəngəlliklər, göllər, düzənliklər və axar sular ümumidir. Onların idarə olunmasına yerli idarələr baxır. Xüsusi adamların onlardan istifadə etməsi yuxarıda göstərilən idarələrə aiddir.
Bu müddəalar 1919-cu il yanvarın 2-dən 11-nə qədər Bakıda davam edən partiya qurultayı tərəfindən qəbul edilmişdi.

Azərbaycan azadlıq mübarizəsinin iqtisadi təməli

Neftin dövrümüzdəki iqtisadi rolu haqqında söz açmağa lüzum yoxdur. İndi XX əsrin əvvəllərinə nisbətən neft məhsulunun dünyada birə min artmış olduğu təxmin edilə bilər. Halbuki 1901-ci ildə dünyada istehsal olunan neftin yarısından çoxu Bakıda istehsal olunurdu (Azərbaycan ədəbiyyatı tarixi. I cild, Bakı, 1960, səh. 358). Çar Rusiyası 1864, 1869 və 1872-ci illərdə Amerikadan satın aldığı fotogen qaz yağı üçün 35.000.000 qızıl pul vermişdi. Başda Nobel olmaqla, xarici kapitalistlər 1872-ci ildə Bakıya gələrək neft sənayesində maşınlardan istifadə etdilər. Çar Rusiyası 1897-ci ildə Qərbə 25.000.000 və 1900-cü ildə isə 46.000.000 manatlıq neft ixrac etmişdi (A.Kaspari. Pokoryonnıy Kavkaz. Sankt-Peterburq, 1904, səh. 500-588).
Azərbaycanın başqa rayonlarında istehsal edilən mis, duz, kobalt və başqa xammalları, ipək, balıq, kürü kimi məhsulları bir tərəfə qoysaq, yalnız Bakıda istehsal olunan neft Azərbaycan və Rusiyanın inkişaf etməsinə kifayət edərdi. Bakı yalnız neft mərkəzi kimi deyil, eyni zamanda Qərb ilə Şərq arasında (İran, Türküstan və Əfqanıstan) Bakı – Batumi dəmir yolu vasitəsi ilə bir tranzit mərkəzi olmaq baxımından da Azərbaycanın iqtisadi həyatında böyük rol oynamışdı. Bundan sonra verəcəyimiz statistik məlumatlar bu məsələ haqqında əsaslı fikirlər söyləməyə kömək edəcək.
1881-ci ildə Bakı şəhərində 1445 ticarət müəssisəsi olduğu halda, 1890-cı ildə bu miqdar 1711-ə, 1900-cü ildə isə ticarət müəssisələrinin sayı 2669-a çatmışdı. Bu rəqəmlər on doqquz il ərzində ticarət müəssisələrinin 87,3% artdığını göstərir. Ticarət müəssisələrinin artması ilə bunların jirolarının (həvalə haqqında çek və s. Pul sənədləri üzərində qeyd - red.) da artacağı təbiidir. 1862-ci ildə Bakı şəhərindəki ticarət müəssisələrinin bir illik jiroları 35,6 milyon qızıl pul idisə, 1897-ci ildə 109,1 milyon qızıl pula və 1900-cü ildə isə 147,7 milyon qızıl pula çatmışdı. Bu vəziyyət səkkiz il ərzində ticarət müəssisələrinin jiro miqdarının dörd dəfə artdığını göstərir.
1887-ci ildə bank və ticarət müəssisələri arasında 3703 ticarət sazişi bağlandığı halda 1895-ci ildə 7118 ticarət sazişi bağlanmışdı və beləliklə, səkkiz il ərzində 92,2% artmışdı.
Beləliklə, topdansatış ticarəti edən müəssisələrin miqdarı 1892-1897-ci illərdə xeyli artmışdı. Bir misal verməklə bu məsələni daha da dəqiqləşdirək. 1892-ci ildə Bakıda topdan neft satışı ilə məşğul olan ticarət müəssisələrinin sayı on doqquz olduğu halda, 1897-ci ildə isə 49-a çatmışdı və ticarət jiroları 13 milyon manatdan 46,1 milyon manata yüksəlmişdi. Burada neft istehsal etmək üçün qazılan quyularda istifadə olunan inşaat avadanlığı ticarəti ilə məşğul olan ticarət müəssisələrinin, mal dövriyyəsi həcminin artdığını və dəmir, taxta, mismar kimi gərəkli inşaat malları satışının çoxaldığına da diqqət etmək lazımdır.
1897-ci ildə bir illik qazancı 500 manata qədər olan ticarət müəssisələrinin sayı, bütün ticarət müəssisələrinin 41,6%-ni təşkil etdiyi halda ümumi gəlirdən bu ticarət müəssisələrinin hamısının payına düşən qazanc 1,6% olmuşdu. İllik gəlirləri 2000 manata qədər olan ticarət müəssisələrinin miqdarı 79,6% olduğu halda, illik ümumi gəlirdən, bu müəssisələrin payına düşən qazanc 7,4% olmuşdu. İllik qazancları 5.000 manata qədər olan ticarət müəssisələrinin miqdarı, ümumi ticarət müəssisələrinin 20,5%-ni təşkil etdiyi halda, illik ümumi gəlirdən onların payına 32,6% miqdarında qazanc düşmüşdü. İllik qazancları 100.000 manata qədər olan ticarət müəssisələrinin miqdarı 1,6% olduğu halda, onların payına düşən gəlir ümumi gəlirin 60,4%-ni təşkil etmişdi.