Azərbaycanda insan azadlığına verilən önəm və dövlət siyasəti Hadisə

Azərbaycanda insan azadlığına verilən önəm və dövlət siyasəti

İnsan hüquq və azadlıqlarının qorunması mövcud dünyanın ən vacib tələblərindəndir. Bu tələbin həyata keçirilməsi bütün ölkələrdə vacib amil olsa da, buna əsasən demokratiyanın bərqərar olduğu, sivil cəmiyyətlərin formalaşdığı ölkələr diqqət göstərir. İnsan hüquq və azadlıqlarının dövlət tərəfindən qorunması prosesi Azərbaycanda mütəmadi olaraq həyata keçirilir. Hətta, bu gün Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi savadlığının artırılması sahəsində bir çox Avropa ölkəsini geridə qoyur. Xüsusilə son illər Avropada insana münasibət bunu sübut edir.
Azərbaycan təkcə Cənubi Qafqazda yox, Avropa və Asiyada demokratiyanın inkişafı, hüquq və azadlıqların qorunmasında özünəməxsus inkişaf yolu keçib.

Siyasi plüralizm, söz azadlığı və dövlət siyasəti

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra digər sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının qorunması istiqamətində də ciddi addımlar atıldı. 1995-ci il 12 noyabrında Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən Konstitusiya və Ana qanunda "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəslin insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirməsi Azərbaycan insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoydu. Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildən etibarən insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ciddi addımlat atdı.
Bu siyasətin nəticəsi olaraq, Azərbaycanda şəxsiyyətin toxunulmazlığı, söz, mətbuat, vicdan azadlığı, bütün vətəndaşların bərabər hüquqlara malik olması, siyasi plüralizm demokratik cəmiyyətin əsas atributları kimi bərqərar oldu. 50-yə yaxın siyasi partiyanın sərbəst fəaliyyəti siyasi plüralizmin, 4500-ə yaxın qəzet və jurnalın qeydiyyatdan keçməsi, əhalinin internetə çıxışının 80 faizdən çox olması mətbuat və söz azadlığının sübutudur. Bununla yanaşı, dini-etiqad azadlığının təmin edilməsi də insan hüquqlarının qorunması ilə səciyyələnib.

İnsan hüquqlarının müdafiəsində yeni dövr

Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" qəbul edildi. Bu, insan hüquqlarının qorunması istiqamətində yeni dövrün başlanğıcı hesab olunur. Təbii ki, bu dövrə qədər ölkədə bu istiqamətdə müsbətyönlü iş aparılmışdı və ortada ciddi nəticələrdən söhbət etmək mümkün idi. Bu fəaliyyət planı da məhz əvvəlki illərin bazasına istinad edilərək qəbul edildi. 2011-ci ildə isə bu istiqamətdə səmərəli işlərin aparılması və bir sıra nüanslara diqqətin artırılması məqsədilə dövlət başçısı həmin ilin 27 dekabr tarixində "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) təsdiq edilməsi haqqında" yeni sərəncam imzaladı.
İnsan Hüquqları XXI əsr-Azərbaycan Fondunun sədri Şahin Camalov bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması dünyanın ən öndə gedən nümunələri sırasında daxildir: "Bu istiqamətdə Milli Fəaliyyət Proqramının qəbulu və keçən müddətdə proqramda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi insan hüquq və azadlıqlarının qorunması işində mühüm əhəmiyyət kəsb edib".
Proqramın məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsidir. MFP-də normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı göstərilir ki, Azərbaycan Respublikasında qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Proqramda əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi ilə bağlı qeyd olunur ki, əhalinin müxtəlif qruplarının, o cümlədən insan hüquqlarının həyata keçirilməsi nöqteyi-nəzərindən zəif hesab olunan qrupların – qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının insan hüquq və azadlıqlarının daha səmərəli qaydada təmin edilməsi məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Göstərilən istiqamətlərdə mühüm tədbirlər həyata keçirilib, bu qrupların insan hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təşkilatlarla birgə layihələr icra edilibdir.
Şahin Camalov qeyd edib ki, MFP-nin qəbul edilməsi, həmçinin İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM), dövlət qurumları yanında İctimai Şuraların yaradılması Azərbaycanın insan hüquq və azadlıqlarının qorunması ilə bağlı beynəlxalq təcrübəyə söykənən bazaya malik olduğunu göstərir.
"İstənilən sahədə inkişafı müəyyən etmək üçün əvvəlki illərlə müqayisə aparmaq lazımdır. Bu gün ölkədə mövcud qanunvericilikdə belə əvvəlki illərlə müqayisədə köklü surətdə irəliləyişlərin olduğunu görmək olur.
Mütəmadi olaraq da bununla bağlı qanunvericilik bazasına dəyişikliklər, əlavələr edilir, təkmilləşdirilir. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasında müsbət tendensiya mövcuddur", - deyə Şahin Camalov vurğulayıb.

Humanizm və ədalət

Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində əfv və amnistiyalar xüsusi yerə malikdir. Məhbusların bağışlanması və cəmiyyətə yenidən adaptasiya olunması ilə bağlı ilk nəhəng addım ümummilli lider Heydər Əliyevin 1995-ci il 4 may tarixli " Prezident yanında Bağışlama Məsələləri Komissiyasının yaradılması haqqında" fərmanını imzalanması ilə başladı. Heydər Əliyevin 2001-ci il 19 iyul tarixli fərmanı ilə komissiyanın adı dəyişdirilərək "Əfv Məsələləri Komissiyası" olub. 1995-ci ildən bu günədək 50-dən artıq əfv sərəncamı imzalanıb ki, bunun nəticəsində də minlərlə məhbus azadlığa qovuşub. Prezident İlham Əliyev hər il imzaladığı əfv və amnistiya sərəncamları ilə yüzlərlə məhbus azadlığına qovuşur. Dövlət başçısının sonuncu dəfə bu ilin 24 mayında imzaladığı əfv sərəncamı 634 məhbusa şamil olundu.
Konstitusiya Araşdırmalar Mərkəzinin sədri, Ədliyyə Nazirlyinin Penitensiar Xidməti yanında İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev əfv siyasətinin insan hüquq və azadlıqlarının müdafiəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
"Prezident yanında Əfv İnstitutunun insan hüquq və azadlıqlarının müdafiəsində rolu böyükdür. Minlərlə insan bu institutu sayəsində ailəsinə, azadlığına qovuşur. Bu institutu məhbuslara bir növ ikinci həyat, ikinci şans verir. Yenidən düzəlməyə, cəmiyyətə xeyirli olmağa imkan yaradır. Eyni zamanda, dövlətin müstəsna hüquqlarından olan bağışlamaq hüququnu tətbiq edir, dövlət başçısının humanizm siyasətini həyata keçirir. Yəni, başqalarına xas olmayan, yalnız dövlət başçısının müstəsna səlahiyyətlərinə aid olan institutudur", - deyə hüquqşünas qeyd edib.

Prezident İlham Əliyevin tarixi addımı

Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 2017-ci il 10 fevral tarixli sərəncamı isə insan hüquq və azadlıqlarının müdafiəsində tarixi addım oldu.
Bu sərəncamın verilməsinin əsas qayəsi cəzaçəkmə müəssisəsindəki insanlara humanist yanaşmanın tətbiqidir. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub: məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri; qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması.
Bu məqsədlə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.
İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan bu addımın hədəfləri:
- Cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətləri dekriminallaşdırılacaq.
- Azadlıqdan məhrum etmə ilə yanaşı alternativ cəzaların tətbiqi genişləndiriləcək, mövcud alternativ cəzaların tətbiqi əsasları təkmilləşdiriləcək.
- Cinayətin ictimai təhlükəliliyi amilinə diqqət artırılacaq, maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsi, azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunacaq.
- Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi həyata keçiriləcək.
- Həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması prinsipi tətbiq ediləcək.
Hüquqşünas Vüqar Babayev hesab edir ki, Avropa hüquq məkanının bir parçası olaraq, Azərbaycanda cəzaların liberallaşdırılması cinayət törətmiş şəxslərin cəmiyyətdən təcrid edilmədən islah olunması, əsas insan hüquqlarından biri olan azadlıq hüququnun, şəxsiyyətə hörmət prinsipinin inkişaf etdirilməsi baxımından çox önəmlidir: "Azərbaycanın Cinayət Prosessual Məcəlləsində təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi qaydaları və şərtləri müəyyən edilib, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin Plenum Qərarlarında qətimkan tədbirlərinin seçilməsinin praktik şərtləri izah edilib. Sadalanan sənədlərdə həbs qətimkan tədbirinin təqsirləndirilən şəxs barəsində müstəsna hallarda seçilməli olması, buna məhz şəxsiyyət və dövlət əleyhinə ağır və xüsusilə ağır cinayətlərin törədilməsi zamanı digər qətimkan tədbirlərinin seçilməsinin mümkünsüz olduğu zaman yol verildiyi göstərilib. Lakin buna baxmayaraq, bir sıra hallarda yenə də qətimkan tədbirləri seçilərkən əsassız olaraq həbs qətimkan tədbirləri seçilir və təqsirləndirilən şəxslərin hüquqları pozulurdu. Burada həm həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar olaraq məhkəmələrə müvafiq təqdimat və vəsatətlər verən cinayət təqibi orqanlarının, həm də bu təqdimatları təmin edən məhkəmələrin rolu az deyil".
Hüquqşünas qeyd edib ki, bu addım dövlət başçısının insan hüquq və azadlıqlarına verdiyi önəmin təzahürüdür.

Asif Nərimanlı

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"