Azərbaycan gömrüyü... Hadisə

Azərbaycan gömrüyü...

Tarixi və inkişaf perspektivləri

Hər bir dövlətin iqtisadiyyatında gömrük işi mühüm rol oynayır. Bu səbəbdən də bu sahədə davamlı islahatların aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, şəffaflığın təmin olunması mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycan gömrüyünün tarixi qədimdir. Demək olar ki, bu tarix erkən orta əsrlərdən başlayır. Hələ IX əsrdə Azərbaycan ərazisində gömrük vergiləri tətbiq olunurdu. XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə kimi, yəni Azərbaycanın Çar Rusiyası tərəfindən işğalına qədər burada sərbəst vergi və gömrük siyasəti yeridilirdi.
Azərbaycanda ilk gömrük idarəsi isə Çar Rusiyasının Bakı xanlığını işğal etməsindən sonra yaradılıb. Bakı şəhərində gömrükxana Rusiya İmperatoru I Aleksandr tərəfindən Rusiya İmperiyası Senatına 25 yanvar (9 fevral) 1807-ci ildə təqdim olunan "Bakı şəhərində gömrükxananın təsis edilməsi barədə" fərmanla yaradılıb və Həştərxan gömrük dairəsinin tərkibinə daxil edilib. Sonralar Azərbaycanda Astara və Culfa gömrük məntəqələri açılıb.
Amma Azərbaycan Respublikası olaraq gömrük haqqında qanunlaırn qəbulu və əsaslı addımların atılması cümhuriyyət dönəmindən başlayır.
Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-ci il mayın 27-də qurulması Azərbaycan tarixinin ən önəmli və qürurverici səhifələrindəndir. İqtisadiyyatın ayrılmaz hissəsi olan gömrük işi isə hazırda olduğu kimi, o zaman da iqtisadi sistem üçün önəm kəsb edirdi.

Tarixə nəzər

AXC hökuməti tərəfindən müstəqil xarici ticarət və gömrük siyasəti həyata keçirilirdi. Yeni yaradılan gömrük xidmətinin hüquqi-normativ əsasları və gömrük-tarif qaydaları həmin dövrün siyasi-iqtisadi konyukturasına uyğunlaşdırılırdı.
Həmin dövrdə yenicə müstəqilliyini əldə etmiş Azərbaycanın beynəlxalq ticarət və gömrük sisteminə qoşulması asan proses deyildi və hökumət idarəetmə, qanunvericilik, gömrük tənzimlənməsi, nəqliyyat və s. sahələrdə müxtəlif problemləri həll etməli idi. Bu çətinliklərə baxmayaraq, Cümhuriyyət qısa müddət ərzində dünyanın bir sıra ölkələri, o cümlədən Osmanlı dövləti, İran, İngiltərə, ABŞ, Fransa, İtaliya, Gürcüstan, Dağıstan və Orta Asiya ilə iqtisadi əlaqələr qurmağa nail olub, bir sıra dövlətlərlə ticarət müqavilələrinin bağlanması barədə razılıq əldə edib. Müstəqil gömrük xidmətinin təşkili işinə sadəcə ölkə əhalisinin iqtisadi təhlükəsizliyini, daxili bazarın müdafiəsini və iqtisadiyyatın gücləndirilməsini təmin etməli olan bir qurumun yaradılması kimi deyil, ümumən dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi baxılırdı...
İqtisadi təhlükəsizliyi təmin edən, həyati əhəmiyyət daşıyan məhsulların kənara çıxarılmasına imkan verməyən və xarici ticarət əməliyyatlarını nəzarətə alan bir qurumun yaradılması zəruri idi. Araşdırmalar bir daha təsdiq edir ki, AXC hökuməti müstəqil gömrük siyasəti yeridib. Yeni yaradılmaqda olan gömrük qanunvericiliyi və gömrük-tarif siyasəti həmin dövrün siyasi-iqtisadi konyukturasına uyğunlaşdırılmışdı. Gömrük xidməti ilə yeni təşkil edilən sərhəd mühafizəsinin birlikdə fəaliyyət göstərdiyi mərhələ milli gömrük xidmətinin möhkəmlənməsində keyfiyyətcə yeni bir dövr başlasa da, təəssüf ki, bolşevik süngülərinin təzyiqi ilə Cümhuriyyətin süqut etməsi bu işi başa çatdırmağa imkan vermədi.
Gömrük xidməti demək olar ki, dövlət hakimiyyətinin ayrılmaz tərkib hissəsi və təsir vasitəsi olub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirib ki, AXC hökuməti gömrük qanunvericiliyinin yaradılması sahəsində də bir sıra real addımlar atıb: "Parlament gömrük sahəsində 20-dək qanun qəbul edib. Nəticədə 1920-ci ilin əvvəlində respublikada formalaşmış dövlət gömrük xidməti mövcud idi. Bu qanunlara görə, bir sıra sərhəd məntəqələrində gömrük postları təşkil etmək nəzərdə tutulurdu. Parlamentin qərarı ilə 1919-cu il martın 27-də gömrük idarəsi yenidən quruldu. 1919-cu il 23 iyun tarixli qanunla Maliyyə Nazirliyinin nəzdində gömrük rüsumu şöbəsi təşkil edildi. Bu şöbə gömrük rüsumunu tənzimləməli idi. Eyni zamanda, idxal və ixrac edilən mallar üçün yeni qayda və tariflər müəyyən edən qanunlar, habelə "Gömrük sərhəd xidmətinin təşkil edilməsi haqqında" Qanun qəbul olunmuşdu. Bu qanunda Cümhuriyyəti qeyri-leqal ticarətdən qorumaq və qaçaqmalçılıqla mübarizə məqsədilə yerli əhalidən öz silah və atı ilə ştatdankənar xidmətçi kimi 992 keşikçidən ibarət 99 sərhəd postu qurulması nəzərdə tutulurdu. Bu sərhəd xidmətinin təşkilinə rəhbərlik etmək və onun fəaliyyətini dövlət gömrük idarəsi ilə uzlaşdırmaq üçün, mərkəzi orqan kimi, Maliyyə Nazirliyində xüsusi sərhəd keşiyi şöbəsi təsis edilmişdi".
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə buradakı sərhəd məntəqələrində Sovet İttifaqına məxsus gömrük xidməti orqanları fəaliyyət göstərib. Lakin onların heç biri Azərbaycan Respublikasının bilavasitə fəaliyyəti ilə bağlı olmayıb. Sovet İttifaqında xarici ticarətin dövlət inhisarına keçməsi ilə gömrük xidmətinin əhəmiyyəti azaldılıb və müxtəlif iqtisadi orqanlara tabe etdirilib.

Müstəqillik dövrü

1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması ilə ölkənin yeni gömrük sisteminin formalaşdırılması üçün də əlverişli tarixi şərait yarandı. Dövlət Gömrük Komitəsi müstəqilliyin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradıldı.
1991-1992-ci illərdə və 1993-cü ilin birinci yarısında Azərbaycanda hökm sürmüş mürəkkəb şəraitdə zəruri hüquqi-normativ bazaya malik və normal gömrük sisteminin formalaşdırılması mümkün ola bilməzdi. Həmin şəraitdə Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsi yaradıldı.
1995-ci il yanvarın 9-da Azərbaycan Prezidentinin yanında gömrük işinin təşkilinə həsr olunmuş müşavirə respublikada gömrük xidmətinin inkişafının əsas istiqamətləri və prinsiplərini müəyyən etdi.
Azərbaycan Prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-u gömrük əməkdaşlarının peşə bayramı günü elan edildi.


Qanunvericilik və müasir texnologiyalar

1995-ci ildən başlayaraq gömrük işinin beynəlxalq normalara uyğunlaşdırılması, xarici ticarətin liberallaşdırılması, əmtəə və kapitalın hərəkətində sərbəstliyin yaradılması və müasir mexanizmlərin tətbiqi istiqamətində ölkədə ardıcıl olaraq həyata keçirilən iqtisadi siyasət tədbirləri xüsusi əhəmiyyətə malikdir.
Qanunvericilik bazasının təkmilləşdirilməsi sahəsində ilk olaraq Azərbaycan Respublikası Gömrük Məcəlləsinin hazırlanmasına başlanıldı. Komitənin mütəxəssisləri və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan Gömrük Məcəlləsi 10 iyun 1997-ci il tarixində qəbul edilib. Bu Məcəllədə o dövr üçün Azərbaycan Respublikasının çağırışlarına cavab verən müddəalar öz əksini tapıb. Eyni zamanda, Məcəllənin tətbiqi ilə əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük nəzarətinin təşkilində xüsusi əhəmiyyətə malik bir sıra qaydalar hazırlandı və onların icrası reallaşdırılıb.
2008-ci ildə yeni Gömrük Məcəlləsi layihəsinin hazırlanması işinə başlanılıb.
Yeni Gömrük Məcəlləsinin layihəsi Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində hazırlandı və 24 iyun 2011-ci ildə qəbul edilib.
Beynəlxalq standartlara cavab verən yeni Gömrük Məcəlləsi 1 yanvar 2012-ci ildə qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi tərəfindən yeni normativ-hüquqi sənədlər hazırlanıb və müvafiq qərarlarla təsdiq edilib.
Bu gün Dövlət Gömrük Komitəsinin fəaliyyətində ən müasir informasiya texnologiyaları tətbiq edilir. Komitənin aparatını, strukturuna daxil olan bütün gömrük orqanlarını və tabeliyində olan digər qurumları birləşdirən gömrük xidmətinin vahid korporativ şəbəkəsi hələ 2006-cı ildən istismara verilib. Hazırda bu şəbəkə optik lifli rabitə kanalları üzərindən fəaliyyət göstərir. Əlaqənin fasiləsizliyinin təmin edilməsi məqsədilə korporativ şəbəkənin alternativ rabitə kanalları ilə təmin edilməsi sahəsində işlər davam etdirilir.
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında" 11 noyabr 2008-ci il tarixli, 12 saylı fərmanının tələblərinə uyğun olaraq 2009-cu ildə gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin (VAİS) ilkin mərhələsi olan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması və təyinat gömrük orqanlarına çatdırılmasına elektron nəzarət sistemi işlənilib və sistemin bütün gömrük orqanlarında sənaye istismarı təmin edilib.
2008-ci ildə "Gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılması sistemi"nin (GRNAS) ilk versiyası, 2010-cu ildə isə GRNAS və GMO (Gömrük Mədaxil Orderi) proqram təminatlarının mərkəzləşdirilmiş yeni versiyası istifadəyə verilib. 2011-ci ildə GRNAS və GMO sistemləri təkmilləşdirilib və onların VAİS-ə inteqrasiyası təmin edilib. Bunun nəticəsində sərhədi keçən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətinin vahid sistem şəklində həyata keçirilməsi mümkün olub. Gömrük orqanlarında 2011-ci ildə tətbiq edilən gömrük rəsmiləşdirilməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin Web-texnologiyalara əsaslanan yeni variantı mal və nəqliyyat vasitələrini məsafədən (o cümlədən internet vasitəsilə) bəyan etməyə imkan verir. 2016-cı ildə VAİS-in gömrük rəsmiləşdirilməsi və nəzarəti altsistemi (VAİS-GB) kağızsız texnologiya əsasında yenidən işlənilib, məlumat mübadiləsinin, texnoloji proseslərin və ödənişlərin kağızsız texnologiya əsasında həyata keçirilməsi təmin edilib.
2011-ci ildə sərhəddə və ölkə daxilində mal və nəqliyyat vasitələrinin hərəkətinin GPS vasitəsilə elektron izlənilməsi, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Hədəf Mərkəzi yaradılıb. Mərkəzə birləşdirilən kameralarla bütün sərhəd-keçid məntəqələrinin videomüşahidəsi aparılır.
2016-cı ildə sərhəddən daha rahat keçidin təmin edilməsi məqsədilə şəxslər tərəfindən gömrük sərhədindən keçirəcəkləri nəqliyyat vasitələri haqqında ilkin məlumatların mobil telefon vasitəsilə VAİS-ə ötürülməsi altsistemi hazırlanaraq istifadəyə verilib.
2010-cu ildə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin internet informasiya resurslarının yaradılması Konsepsiyası"nın tələbləri nəzərə alınmaqla DGK-nın yeni internet saytı yaradılıb və istismara verilib. Azərbaycan gömrük xidməti informasiya texnologiyalarının tətbiqində də beynəlxalq əməkdaşlığa önəm verir. Bu məqsədlə digər ölkələrin gömrük orqanları ilə beynəlxalq normalara uyğun sənədlər hazırlanıb, tədbirlər görülüb.

Əli Zülfüqaroğlu

Yazı "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsinə təqdim olunur