Ermənilər Tovuz rayon sakinini yaralayıb Hadisə

Ermənilər Tovuz rayon sakinini yaralayıb

Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində Tovuz rayon Hacallı kənd sakini yaralanıb.
Kənd sakinlərinin APA-nın qərb bürosuna verilən məlumata görə, səhər və axşam fasilələrlə Tovuzun Hacallı kəndi atəşə tutulub. Nəticədə kənd sakini 30 yaşlı Elnur Quliyev qolundan və ayağından güllə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E.Quliyevin vəziyyətinin normal olduğu bildirilir.
Məlumata görə, əqli qüsuru olan E. Quliyev düşmən postlarına yaxın ərazisində hündür təpəyə çıxarkən ona atəş açılıb.
Erməni silahlı qüvvələrinin açdığı atəş nəticəsində rayonun Əlibəyli kəndində Abdulla Ələsgərovun həyətindəki iribuynuzlu heyvan ağır yaralanıb.
Ermənilər rayonun Əlibəyli kəndi istiqamətindəki neytral zonada yanğın da törədiblər. Dünən 16.00 radələrindən başlayan yanğın günboyu davam edib. Əlibəyli kənd sakinləri, son zamanlar belə yanğınların tez-tez törədildiyini və nəticədə həmin ərazilərdə mina partlayışlarının baş verdiyini bildiriblər. Sakinlərin sözlərinə görə, belə yanğınlardan sonra zərərvericilərin kəndə axını başlayır.