
Onun baş verməsinin səbəbi sinir sisteminin pozulmasıdır
Tanışınız yanınızda huşunu itirib yerə yıxılır. Bu zaman onun bədəni keyiyir, başı, əl-ayağı qıc olub əsməyə başlayır. Hə baş verdiyini anlamayanlara bildirmək istəyirik ki, bu epilepsiyadır. Rəvayətlərə və tarixi mənbələrə görə, bu xəstəlikdən bir çox görkəmli insanlar, sərkərdələr, siyasət və ədəbiyyat xadimləri əziyyət çəkiblər. Onların sırasında Makedoniyalı İsgəndərin, Yuli Sezarın, həmçinin yazıçı Dostoyevskinin və başqa məşhur şəxsiyyətlərin adları var. Yəqin, bu səbəbdəndir ki, bəzi hallarda epilepsiyanı "müqəddəs" və ya "ilahi xəstəlik" adlandırırlar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünyada 7 milyona yaxın insan epilepsiyanın həm yüngül, həm də ağır formalarının daşıyıcısıdır. Təşkilatın məlumatında göstərilir ki, bu xəstəliyə tutulanlar arasında Çin və Rusiya vətəndaşları üstünlük təşkil edirlər. Epilepsiya nədir? Epilepsiya qısa tutmalarla müşayiət olunan beyin fəaliyyətinin pozulmasıdır. Epileptik tutma, adətən, beş dəqiqədən az çəkir. Bu məqalənin əvvəlində təsvir olunan vəziyyət böyük epileptik tutma hallarına xasdır. Tədqiqatçıların fikrincə, tutma beyin hüceyrələri arasında elektrik fəallığın qeyri-normal sıçrayışı zamanı baş verir. Amma bunun nəyə görə baş verdiyi məlum deyil. "Beyin və beyin pozuntuları ensiklopediyası"nda deyilir: "Ətrafda olanlar xəstənin vəziyyətinə müdaxilə etməməli və tutmanın keçib-getməsini gözləməlidirlər. Onlardan ancaq xəstə üçün heç bir fiziki təhlükənin olmadığına və onun nəfəs aldığına əmin olmaq tələb olunur". Həmin ensiklopediyada qeyd olunur ki, "epileptik tutma beş dəqiqədən çox davam edərsə, təkrarlanarsa və ya xəstə tutmadan bir neçə dəqiqə sonra özünə gəlməzsə, təcili yardım çağırmaq lazımdır".
Epilepsiya ən qədim xəstəliklərdən biridir. Müasir həyat tərzi ilə əlaqədar olan bəzi xəstəliklər istisna olmaqla bütün xəstəliklər elə insanın yaranması ilə başlayıb, yəni qədim dövrdən mövcud olub. Klinikası ilə əlaqədar olaraq xalq dilində ona müxtəlif adlar verilib: ürəkgetmə, qıcolma və s. Xəstəliyin etimoloji adında bu ənənə özünü göstərir. Epilepsiya sözü yunanca "epilambano" sözündən götürülüb mənası "yıxılıram", "tuturam" deməkdir. ABŞ-da 4 milyon, dünyada isə 100 milyondan çox insanın əziyyət çəkdiyi epilepsiya milyon illərdir tibb elmində ən çox yayılan xəstəliklər sırasında birinci yerdədir. Statistik məlumatlara görə, Azərbaycanda təxminən 70 minə yaxın epilepsiya xəstəsi var.
Qədim dövrlərdə epilepsiya xəstələrini Allahın nifrət etdiyi bəndə hesab edirdilər. Romalılar isə epilepsiya xəstəliyini Herkules Allahının lənəti olduğunu güman edirdilər. Tibbi ensiklopediyanın məlumatına görə, bu xəstəliyin baş verməsinin səbəbi sinir sisteminin pozulmasıdır. Amma heç də psixi xəstəlik deyil. İnsan çox əsəbləşəndə, tez-tez spirtli içkilər qəbul edəndə, hətta çoxlu dərman qəbul edəndə də epilepsiya ilə yoluxmaq təhlükəsi meydana çıxır. Məlumatlara görə, epilepsiya anadangəlmə və sonradan qazanılmış ola bilər. Anadangəlmə xəstəlik zamanı beyin toxumasının müəyyən bir hissəsinin defekti epileptik tutmalara səbəb ola bilər. Digər tərəfdən xəstəliyin anadangəlmə olmasına səbəb kimi inkişaf qüsurunun olması baş verməsi və ya irsən keçmədir. Gecə epileptik tutmaları deyilən bir hal var ki, bu zaman tutmaların əmələ gəlməsi yuxu ritminin dəyişməsi ilə əlaqədar olur. Bu zaman yuxuda olan şəxs ayılaraq xaotik, əl-qol hərəkətləri edir. Adətən epileptik tutmalar baş verməmişdən qabaq xəstədə aura deyilən bir hal baş verir, sanki xəstə hiss edir ki, onda tutma baş verəcək. Aura özünü narahatlıq, başgicəllənmə, görmənin zəifləməsi kimi biruzə verir. Qazanılma epilepsiyada isə kəllə beyin travmaları, beyin toxumasının şişləri, qansızma, alkoqol zəhərlənməsi və s. təsirindən beyində oyanıq sahə yaranır. Epileptiklər normal həyat sürə bilirlər. Epilepsiya ətrafdakılar üçün təhlükə törətmir, sadəcə onlar əsəbi olurlar. Epilepsiya bu gün müalicə olunur. Bu sindroma səbəb olan amillər: iltihabı xəstəliklər, miningit, ensefalit, zəhərli zob, qaraciyər xəstəlikləri, revmatizma, hədsiz insulin qəbulu, kalsium çatışmamazlığı. Epilepsiya baş-beyinin xroniki xəstəliklərinə aiddir. Bu zaman beyin daxilində qıcıolmalar baş verir. Əsas aparıcı əlaməti tez-tez xəstədə epileptik tutmaların olmasıdır. Epilepsiya 2 cür olur: irsi-genetik faktor və sonradan qazanılmış. Sonradan qazanılmış epilepsiyaya doğuş və ya qəza vaxtı zədə almaq daxildir. Əgər ailədə və ya nəsildə kimdəsə epilepsiya varsa, bu, mütləq övlada, nəvəyə keçir. Bəzən doğuş vaxtı uşaqların aldığı zədə nəticəsində beyində kista əmələ gəlir. Bu kista 20-25 il sakit qala bilər. Bəzənsə, heç özünü göstərməz. Amma hamiləlik dövründə kista daha da böyüyəcək, beyində qıcolmalar başlayacaq. Epilepsiyaya etinasız yanaşmaq düzgün deyil. Müalicə vaxtlı-vaxtında aparılmasa, xəstəlik güclü gepaksiyaya məruz qalıb, beyindaxili hüceyrələri məhv edib, xəstənin ölümünə səbəb ola bilər. Epilepsiya zamanı beyinin normal bioaktivliyi pozulur və uşaqlarda özünü tutmalarla (qıcolmalar) büruzə verir. Bu zaman onun bədənində qıcolmalar olur, o, dişlərini bir-birinə sıxır, bütün bədən gərginləşir, bəzi hallarda ağızdan köpük gəlir, əl və ayaqlar, bəzən isə bütün bədən gərilmiş vəziyyət alır və ya əksinə olaraq, uşağın bütün bədəni dartılır və qısa bir müddət ərzində sanki donmuş şəkildə qalır. Tutmalardan sonra uşaq yuxuya gedir və ayılandan sonra isə bəzi hallarda tutma zamanı nələr baş verdiyini xatırlamır. Bəzi epilepsiyası olan xəstə uşaqlarda kiçik epileptik tutmalar baş verir. Bu zaman uşaq bir neçə saniyə ərzində huşsuz vəziyyətdə sanki donub qalır. Belə hallar gün ərzində dəfələrlə təkrar oluna bilər. Uşaq diqqətini toplaya bilmir, dərs mənimsəməsi pisləşir. Nəzərə almaq lazımdır ki, uşaqda qısamüddətli tutmalar hələ onda epilepsiyanın olması demək deyil. Bu isteriya, kalsium, maqnezium, şəkər mübadiləsi pozğunluqları zamanı da baş verə bilər. Həkimlər deyir ki, sadə tutmaları olan xəstələrdə diaqnoz çox çətin olur. Belə halda xəstəliyi yalnız tutmalar vaxtı təyin etmək mümkündür. Müasir dövrdə müayinənin ən yaxşı yolu "nüvə maqnit rezenans" metodudur. Xəstənin endokrin və qan sistemi, daxili orqanları müayinə olunmalıdır.
Epilepsiyanın bir növü də var ki, bu, yalnız gecələr baş verir. Gicgah nayihəsi ilə əlaqədar olan bu növ çox təhlükəlidir. Gecə epilepsiyalarını gündüz vaxtı heç cür müəyyən etmək olmur. Gərək həmin xəstəni gecə monitorinqi deyilən üsulla müayinə edəsən. Xəstə düzgün müalicə olunmadıqda onda yaddaş pozğunluğu, ağıl kəmliyi iş qabiliyyətinin itirilməsi, mühitə uyğunlaşmamaq, işini icra edə bilməmək kimi hallar başlayır. Elə dərmanlardan istifadə etmək lazımdır ki, o, şüura təsir etməsin. Düzgün aparılmayan müalicə insanın psixikasını poza, ruh sferasını dəyişə bilər. Xəstəliyin müalicəsi uzun müddətlidir. Təyin olunan dərman 3 il 6 ay ərzində hər gün eyni vaxtda qəbul edilməlidir. Əgər bircə gün dərman qəbulunun vaxtından 1 saat keçdisə, müalicə tamamilə xeyirsiz olur. Xəstə 3 il 6 aylıq müalicəyə yenidən başlamaq məcburiyyətində qalır. Həkim-nevropatoloq Leyla Vəliyevanın sözlərinə görə, insan həyatı üçün ən təhlükəli sayılan məqamı epilepsiya halətidir. Həkim deyir ki, epilepsiya halətinə düşən zaman əvvəlki hər bir tutma sonrakının başlanmasına təkan verir. Tutmalararası dövrdə insan huşunu itirmiş vəziyyətdə qalır. Epileptik halət xəstəliyin ən ağır formasıdır. Bu halətə düşən xəstə nadir hallarda sağ qalır: "Epileptik halətin yaranmasına əsasən həkimin təyin etdiyi pəhriz və rejimin pozulması, qıcolma əleyhinə preparatların qəbulunda yol verilən səhvlər, hərarətin artması səbəb olur. Bu zaman xəstə komatoz vəziyyətə düşür, beyində şişkinlik şiddətlənir. Xəstənin göz bəbəkləri bəzən daralır, bəzən isə genəlir. Beyində şiddətli şişkinlik uzunsov beyindəki həyat üçün əhəmiyyətli mərkəzləri sıxır, ürəyin işi və tənəffüs kəskin şəkildə pozulur. Epileptik halət başlayan zaman xəstəni yıxılıb əzilməkdən qorumaq üçün bir qədər yumşaq yerdə uzandırmaq, dilinin dişləri arasında qalıb kəsilməməsi üçün qaşığı dəsmala sarıyıb çənələrin arasında saxlamaq lazımdır. Xəstəyə mümkün qədər tez həkim yardımı göstərilməlidir".
Epilepsiya xəstəliyinin tez-tez təsadüf olunan formalarından biri də narkolepsiyadır. Xəstəlik, adətən, gənc yaşlarda başlayır. Narkolepsiya tutması iş vaxtı, yol gedərkən, danışan zaman və yeriyərkən baş verə bilər: "Tutma adətən bir neçə dəqiqə davam edir. Tutma qurtardıqdan sonra xəstə özünü tamamilə sağlam hiss edir. Narkoleptik tutma zamanı bütün iradi əzələlərin boşalması müşahidə olunur. Buna görə xəstələr yuxu tutması zamanı bir şeyə söykənərək dayana bilirlər. Narkolepsiyalı xəstələr həmçinin tez-tez gecə yuxusunun hədsiz şiddətli röyalarla müşayiət olunmasından, səksəkə və həyəcandan şikayətlənirlər. Xəstəliyin bu formasından əziyyət çəkənlərə həkim tərəfindən əsasən yuxunu qaçırmaq üçün preparatlar təyin olunur. Belə dərmanlar xəstələrə müsbət təsir edir".
Həkim-psixoloq Xəyalə Məmmədovanın dediyinə görə, epileptik tutmalar zamanı xəstə gərgin emosional vəziyyətə düşür. İlkin tibbi yardımdan sonra tutmalar ötüb keçsə də, gərgin emosional vəziyyət qalır. Bu da bir müddət sonra xəstələrin psixikasında müəyyən pozğunluqlar yaradır. Pozğunluqlar nəticəsində xəstələrin bir qismində fəaliyyətin zəifliyi, bir hissəsində yüksək emosionallıq baş qaldırır. Bir qisim xəstələrdə bu prosesdən sonra özünəqapanma, küskünlük, ruh düşkünlüyü, ətrafda baş verənlərə laqeydlik halları yaranır. Tez-tez depressiyaya düşən belə xəstələr hətta intihara əl atırlar. Digər qrup insanlarda isə sərtlik, tez özündən çıxma, ətrafdakılara qarşı kobudluq müşahidə edilir. Onlar daim kiminləsə dalaşmaq, ətrafdakı insanlara zərər vermək istəyirlər: "Epilepsiyanın ağır formalarından əziyyət çəkən xəstələrdə belə xoşagəlməz halların baş verməməsi üçün onlar mütləq psixoterapevtik müalicə kursu keçməlidirlər".
Ülviyyə Tahirqızı