21:24
441
“Son dövrlərdə ABŞ ilə Avropa Birliyi arasında müşahidə olunan fikir ayrılıqları transatlantik münasibətlərin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib”.
Bunu politoloq Rəşad Bayramov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın ABŞ-ın Avropanı daha az təsirə malik ayrı-ayrı dövlətlərə bölmək istədiyi barədə açıqlaması Brüssel və Vaşinqton arasındakı münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı suallar doğurur: “NATO tarixən ABŞ və Avropa ölkələri arasında təhlükəsizlik əməkdaşlığının əsas platforması olub. Lakin son illərdə transatlantik münasibətlərdə müəyyən fikir ayrılıqları müşahidə olunur. Bu fərqlər əsasən müdafiə xərcləri, enerji siyasəti, ticarət münasibətləri və regional təhlükəsizlik strategiyaları ilə bağlıdır. ABŞ administrasiyaları, xüsusilə də Donald Trampın prezidentliyi dövründə Avropa ölkələrini NATO çərçivəsində müdafiə xərclərini artırmağa çağırırdı. Vaşinqton hesab edir ki, Avropa dövlətləri kollektiv təhlükəsizlik sistemində daha böyük məsuliyyət daşımalıdır”.
R.Bayramovun sözlərinə görə, Avropada isə bəzi siyasi dairələr ABŞ-ın bu yanaşmasını müəyyən qədər siyasi təzyiq kimi qiymətləndirir və təhlükəsizlik məsələlərində daha müstəqil siyasətin vacibliyini vurğulayırlar: “Kaya Kallasın açıqlaması da məhz Avropada mövcud olan bu narahatlıqların ifadəsi kimi qiymətləndirilə bilər”.
Günel Elxan