“Varlığın məntiqinin səlis - qeyri-səlis idrakı“ Hadisə

“Varlığın məntiqinin səlis - qeyri-səlis idrakı“

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə Fəlsəfə İnstitutunun baş elmi işçisi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadənin "Varlığın məntiqinin səlis - qeyri-səlis idrakı" kitabının müzakirəsinə həsr olunan elmi seminar keçirilib. Tədbirdə bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri və elmi katibləri iştirak ediblər.
AMEA-dan bildirilib ki, seminarı bölmənin akademik-katibi, akademik Nərgiz Axundova açaraq kitab barədə iştirakçılara məlumat verib. Bildirib ki, ötən il rus dilində işıq üzü görən vəsait giriş, iki hissə, nəticədən ibarətdir. Kitabda müəllifin uzun illər apardığı tədqiqatlar əksini tapıb. Son illərdə elmdə baş verən yeniliklərin müəyyən metodologiyaların axtarışını zəruri etdiyini deyən akademik bütün məfhumların təməlində fəlsəfi fikrin dayandığını söyləyib.
N.Axundova bölmə nəzdində elmi metodologiya ilə məşğul olan alimlərdən ibarət komissiyanın yaradılmasının və yeni tədqiqatların burada müzakirə olunmasının zəruriliyini vurğulayıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Z.Quluzadənin hürufilik, antoqonist cəmiyyətdə üstqurumun rolu, Azərbaycan fəlsəfə tarixi, Şərq-Qərb problemi və digər məsələlərə dair önəmli tədqiqatlar apardığını bildirib. Müəllifin əsərlərinin özünəməxsus modeli ilə seçildiyini deyən İ.Həbibbəyli Z.Quluzadənin aktiv elmi ideyalara sahib olduğunu və bunları hər zaman cəmiyyətlə bölüşdüyünü vurğulayıb.
Z.Quluzadə təqdim olunan əsərinin mövzusunun uzun illərdir müzakirə olunduğunu, elmi konfranslarda gündəmə gətirildiyini, Azərbaycan, Rusiya və Almaniya mətbuatında işıqlandırıldığını söyləyib. Bildirib ki, müasir tədqiqatların səviyyəsi həm elmin, həm də fəlsəfənin bir sıra fundamental məzmununun yenidən nəzərdən keçirilməsini tələb edir. O, bu məsələdə elmlərarası əlaqənin vacibliyinə toxunub, fəlsəfə ilə digər elmlərin üzvi surətdə bağlı olduğunu deyib.
Tədbirdə, həmçinin Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov, AMEA-nın müxbir üzvləri - Könül Bünyadzadə, Akif Musayev, filologiya üzrə elmlər doktoru Tahirə Məmməd və digərləri çıxış edərək fənnlərarası tədqiqatlarda milli ideologiyanın nəzərə alınmasının, elmlərin metodologiyasının hazırlanmasının, eləcə də konkret problemlərin qoyularaq araşdırılmasının, həmçinin Qərb fəlsəfəsinin dərindən mənimsənilməsinin zəruriliyini bildiriblər.