“Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda konfrans Hadisə

“Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda konfrans

AMEA-nın Tarix İnstitutu və "Azərbaycan Tarix Qurumu" İctimai Birliyinin təşkilatçılığı ilə "Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 və "Azərbaycan Tarix Qurumu" İctimai Birliyinin 25 illik yubileylərinə həsr olunan tədbirdə Milli Məclisin deputatları, Türkiyə və Rusiyadan tarixçi alimlər, AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri və digər şəxslər iştirak ediblər.
Konfransı institutun direktoru, akademik Yaqub Mahmudov açaraq tədbirin Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında" sərəncamlarına uyğun olaraq keçirildiyini deyib. Alim sözügedən sərəncamlara əsasən, cari ildə Tarix İnstitutu tərəfindən ölkəmizdə və xaricdə bir sıra konfransların təşkil olunduğunu, Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq mərkəzinin açıldığını diqqətə çatdırıb.
Konfransın mövzusuna toxunan Y.Mahmudov 1813 və 1828-ci illərdə imzalanmış "Gülüstan" və "Türkmənçay" müqavilələri nəticəsində torpaqlarımızın bölüşdürüldüyünü, Azərbaycan adlı dövlətin tarix səhifəsindən silinməyə çalışıldığını söyləyib. Bildirib ki, tarixən imperiyalar qurmuş xalqımız Birinci Dünya Müharibəsinin gərgin geosiyasi şəraitində heç bir dövlətin köləsi olmayacağını sübut ederək AXC-ni yaratmağa nail olub.
Y.Mahmudov AXC-nin 23 ay ərzində iqtisadi, siyasi, elmi, mədəni, ordu quruculuğu və digər sahələrdə bir çox islahatlar apardığını, qadınlara seçki hüququ verdiyini, bununla da təkcə Şərqdə yox, eyni zamanda Qərb respublikaları arasında ən qabaqcıl demokratik dövlət olduğunu sübut etdiyini bildirib. Bu il həm də Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 100-cü ildönümünün qeyd olunduğunu xatırladan alim bu münasibətlə Azərbaycan Silahlı Qüvvələrinin hərbi parad keçirdiyini, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyini deyib.
Y.Mahmudov ötən illər ərzində Tarix İnstitutuna Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədlərinin gətirildiyini, Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlərin, o cümlədən ikicildlik ensiklopediyanın nəşr edildiyini söyləyib. O, gələcəkdə AXC-nin Rusiya, Gürcüstanla əlaqələri, İrəvan və ətraf ərazilərin ermənilərə verilməsi, həmçinin Araz Türk Cumhuriyyəti ilə bağlı araşdırmaların aparılmasının önəminə toxunub.
Sonra Tarix İnstitutunun şöbə müdiri, "Azərbaycan Tarix Qurumu" İctimai Birliyinin sədri, tarix üzrə elmlər doktoru Tofiq Mustafazadə rəhbərlik etdiyi təşkilatın 25 ildə gördüyü işlərlə bağlı iştirakçılara məlumat verib. Tədbirdə, həmçinin millət vəkilləri Fəzail İbrahimli, Fəzail Ağamalı, tarixçi alimlər Anar İsgəndərov, İradə Məmmədova və digərləri çıxış edərək AXC-nin yaranmasının Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırladığını, xalqımızın qəlbindəki istiqlal eşqini yaşatdığını söyləyiblər. Beynəlxalq konfrans öz işini "Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsidir", "Cümhuriyyət dövründə Azərbaycan beynəlxalq münasibətlərdə" və "Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti" bölmələri ilə davam etdirib.
Qeyd edək ki, iki gün davam edəcək konfransda "Cümhuriyyət parlamenti və ordu quruculuğu məsələləri", "Azərbaycan Xalq Cümhuriyyətində dövlət-din münasibətləri təcrübəsi", "Azərbaycan Xalq Cümhuriyyətinin Kayzer Almaniyası ilə münasibətlərinə dair (alman arxiv sənədləri işığında)", "Azərbaycan Xalq Cümhuriyyəti dövründə Avropa neft şirkətlərinin fəaliyyəti", "Azərbaycan Xalq Cümhuriyyəti Amerika mətbuatında: "Nyu York Tayms" və "Vaşinqton Post" qəzetlərinin materialları əsasında" və digər mövzularda məruzələr dinləniləcək.