Yurdun qisası Hadisə

Yurdun qisası

Arzu Şirinova

Malik Qubadlının işğal xəbərini alan kimi ilk ağlına gələn qoca ata-anası oldu. Dəfələrlə kəndə gedib onları dilə tutmuşdu ki, "gəlin bir müddət şəhərə gedək bizimlə yaşayın, sonra vəziyyət yaxşı olar gələrsiniz". Ancaq qocalar evin sonbeşiyini nəinki dinləməmişdilər, hətta onu hədələmişdilər ki, gəlib kənddə belə təxribatçı işlərlə məşğul olmasın. Haqlıydılar. Çünki qonşunun oğlu gəlib atasını şəhərə aparandan sonra bütün kənd bir-birinə dəymişdi. Və demişdilər ki, "öləriksə də, qalarıqsa da bir yerdə olmalıyıq". O vaxtdan qocalar hesablarını götürmüşdülər. Övladlarının hansı biri gəlib getməyi təklif edirdisə, onları "əlləri ətəklərindən uzun" yola salırdılar. Sonra da deyirdilər:"Öləriksə də doğma torpaqda ölərik"...
...Malik evə də gedib, ailəsinə xəbər vermədən dostunun maşınıyla rayona üz tutdu. Onun hesablamalarına görə, rayon camaatı çoxdan şəhərə yaxınlaşmalıydı. Ancaq yolboyu bunu görmədikcə narahat olmağa başladı. Heç bir yerdə dayanmadan maşını qova-qova Akara stansiyasına bir xeyli qalmış qubadlıların köçünü gördü. Bir-birinin ardınca suallar verməyə başladı-"bunlar niyə burdadırlar?", "nəyi gözləyirlər?", "bəlkə danışıqlar gedib, camaat geri dönəcək?", "gərən bizimkilər hardadır?"
Malik həyatında ilk dəfəydi ki, belə mənzərəylə qarşılaşırdı. Maşınlar dolu ev-eşik əşyaları, onların da üstündə yorğan-döşək və insanlar. Kimsə sakit deyildi. Ağlayan kim, kiməsə qarğış yağdıran kim, çığıran və bağıran kim... Bu səslərdən adam dəli olardı. Ancaq kimsə dəli olmurdu. Hərkəs çığırıb-bağırsa da, sonra öz doğmalarını bir yerə toparlayıb şəhərə doğru bağlanan yolun açılmasını gözləyirdilər ki, gedib canlarını qurtarsınlar.
Malik bu qədər elin-obanın içində doğmalarını necə tapacağını, onlara necə təsəlli verəcəyini fikirləşirdi. Elə bu vaxt qonşularından birini gördü. Onun çiyinlərindən tutub silkələdi və "bizimkilər hardadır?", sualını bir neçə dəfə təkrarladı. Qonşusu Malikin qarşısına düşüb onu doğmalarının olduqları yerə apardı. Əvvəlcə qardaşı, sonra bacısının ailəsini görüb şükür elədi. Fikirləşdi ki, yəqin qocalar maşının kabinəsindədirlər. Bacısı Malikin qarşısana gəlib hönkür-hönkür ağladı və ...
Maliki sanki ildırım vurdu. "Necə yəni qocalar kənddə qaldı. Bəs, siz burda neyləyirsiniz?" Çığıra-çığara bacısını, qardaşını qınayan, onları yamanlayan Malik üzünə vurulan sillənin səsindən kiridi. Vuran qardaşıydı.
- Bir sakit ol, necə olduğunu başa salaq, sonra nə qədər bağırırsan bağır. Dədəmin xəstəliyi şiddətlənmişdi. Yeriməyə taqəti yox idi. Nə qədər elədiksə kürəyimizə alıb gətirə bilmədik. Tərslikdən bacıoğlunun maşını xarab olmuşdu. Arvad-uşağı da rayon mərkəzinə piyada yola salmışıq. Kənddən də heç bir çöp çıxarmamışıq. Nənəm də dədəmə görə gəlmədi. Arvad-uşağı yola salandan sonra kəndə dönəcəyəm ki, onları gətirəm.
Qardaşının bu dediklərini dişi bağırsağını kəsə-kəsə dinləyib kimsəyə heç nə demədən üzü Qubadlıya sarı yollandı. O qədər hirsli, övkəli idi ki, yolu necə addımladığını belə hiss etmirdi. Elə sürətlə gedirdi ki, bir də ayıldı Qubadlının Akara ilə sərhəd kəndinə çatıb. Artıq burdan o tərəfə gizlənə-gizlənə getmək lazımdır. Malik müharibə ilə bağlı kinolara baxanda orada düşmənin belə öldürülməsinə acıyırdı. "O da insandır, onu da bu müharibəyə təhrik edən var", deyərdi. Ancaq indi erməni əlinə keçsəydi gözünü qırpmadan öldürərdi. Bir qədər əyilib-qalxa gedəndən sonra qarşı tərəfdə ermənilərin olduğunu gördü. Çoxluq idilər. Deyib, gülürdülər. Qubadlının işğalını qeyd edirdilər. Malik bir istədi onlara yaxınlaşsın, əlbəyaxa da olsa bu erməni itlərinin dərsini versin. Ancaq fikrindən daşındı. "Hirsli başda ağıl olmaz", deyib yaxınlıqdakı qayalığa sığındı. "Gör nə günə qalmışam ki, doğma yerlərimizə oğrun-oğrun gəlirəm. Eybi yox, qocaları sağ-salamat görüm, sizinlə işim sonra olacaq". Yoluna davam elədi.
Neçə saat yol getdiyini bilmir, ancaq onu bilir ki, kəndə çatanda artıq ayaqlarını hiss etmirdi. Azacıq da olsa dincini almalıydı ki, qocaları buradan çıxara bilsin. Təzəcə yerini rahatlamışdı ki, ermənilərin gülüş səslərini eşitdi. Boylanıb baxanda gördü ki, onlarla qonşu evin eyvanında ermənilər oturub yeyib-içirlər. "Həsən dayının tut arağından içib kef edirlər köpək uşağı". Evlərinə getmək üçün mütləq qonşunun həyətindən keçməlidi. Ya da çayı adlamalıdı. Bu zaman sakitlikdə çayı adlasa ermənilər duyuq düşər. Ona görə də gözləməyi qırara aldı. "Zəhərlənib doyarlar. Sonra işimi sakitcə yoluna qoyaram".
Bəlkə də bir saat olardı gözləyirdi. Ermənilər bir-bir ayağa qalxıb eyvandan enməyə başladılar. O qədər içmişdilər ki, məhəccəri tuta-tuta güclə düşürdülər. Sonda gələn erməni səndəllədi, əlini məhəccərə atanda əli boşa getdi. Və müvazinətini saxlaya bilmədi, daş kimi qarşıda gedən ermənilərə dəydi. Bir-birinin üstünə yıxılan ermənilər həm içkili olduqları, həm də güldükləri üçün nə qədər çalışsalar da bir müddət yıxıldıqları yerdən dura bilmədilər. Nəhayət, yerlərindən qalxıb çayın kənarına gəldilər. Əl-üzlərinə Ağa çayının buz kimi suyundan çırpıb donquldandılar. Yəqin çox içdikləri üçün özlərini haqq elədikləri söyüşə qonaq edirdilər.
Malik bir istədi ermənilərin dərsini elə çay kənarındaca versin. Yenə fikrindən daşındı. Çünki kəndin o biri başında da ermənilər vardı. Bunlar atəş açsaydılar o biriləri köməyə gələcəkdi. Malikinsə üstündə heç bıçağı da yox idi ki, erməninin heç olmasa birini də olsa susdura bilsin. Sığındığı yerdən durub yavaş-yavaş evlərinə yaxınlaşdı. Qocaları sağ-salamat görmək ümidiylə qapını açdı və...
Hər ikisi yerdəydi. Güllələrin dəlmə-deşik etdiyi yaralardan o qədər qan axmışdı ki, evin ortasında qan gölməçəsi düzəlmişdi. Əvvəlcə atasının başını qaldırıb köksünə sığdı. Ağlamadı. Çünki ağlamaq üçün gözlərində yaş yox idi. Əvəzində qisas, hikkə vardı. Sonra anasının başını qaldırdı və onun qorxudan bərələ qalmış gözlərini əlləriylə qapadaraq öpdü. Ağılla hərəkət etmək lazım idi. Gecədən bir xeyli keçmiş qapını açıb həyətə çıxdı. Qocaları dəfn etmək üçün yer müəyyənləşdirib geri döndü və ağ mələfələr tapıb bir kənara qoydu ki, onları kəfənləsin. Burda işini yekunlaşdırıb həyətdə hər ikisinə qəbir qazdı. Bacardıqca sürətlə işləməliydi. Qan-tərin içindəydi. İçi sussuzdan yansa da yaxınlıqdakı Ağa çayından su da içmirdi. Sanki hər şeyə, hər kəsə üsyan eləmişdi...
...Bu da qocaların qəbri. Ağlına da gəlməzdi ki, bir gün onlar üçün öz əliylə qəbir qazacaq. Evə gəlib əvəlcə anasını bacardığı və bildiyi kimi kəfənlədi. Və ehmalca qucağına alıb gətirib qəbrə uzatdı. Sonra atası üçün geri döndü. Onu da eyni qaydada kəfənlədi və qucağına götürüb qəbrə uzatdı. Hər ikisinin üzərini torpaqla örtdü və bir ovuc da torpaqdan götürüb cibindəki dəsmala bükdü, düyünləyib cibinə qoydu. Evə atasının ov bıçağını götürmək üçün döndü. Yerindəydi. Götürüb çıxdı. Artıq fikri qətiydi. Ermənilərin olduğu Əliabbas kişinin evinə sarı addımladı. Qapını açdı. Ermənilər ölü kimi yatmışdılar. Onların silahlarını götürüb həyətdə gizlətdi. Sonra içəri girib bərkdən var gücü ilə bağırdı. Ermənilər vahimə içində oyandılar. Çaş-baş qalmışdılar. Gözlərini döyüb bizim dildə "sən hardan çıxdın?" sualını verdilər. Maliki sanki ilan çaldı. "Necə yəni sən hardan çıxdın? Öz evimə gəlmək üçün sizdən icazəmi almalıydım, it uşağı, it. Mənim vətənimi işğal etmisiniz, atamı, anamı qətlə yetirmisiniz. İndi də oturub kənd camaatının varını-dövlətini talayıb yeyirsiniz. İndi mən sizə elə bir dərs keçərəm ki, başqasının torpağını işğal etmək nədir bilərsiniz". Malik 7 erməniylə əlbəyaxa oldu. Əslində onları yatdıqları yerdəcə öldürə bilərdi. Ancaq istəyirdi ki, ermənilər ölümlərini qorxa-qorxa yaşasınlar. Onun ata-anası və onlarca günaHsız insanlar kimi. Malik erməniləri yaxşıca əzişdirəndən sonra onların əllərini, ayaqlarını bağladı. Beşini oradaca öldürdü. İkisini isə əsir götürdü. Erməni əsirləri qabağına qatıb gəldiyi yolla geri döndü. Beynində öz-özünə sual verdi -"qisasımı aldım?" Sonra kəndə sarı boylanıb "yox" dedi. Hələ yurdun qisasını almamışdı...