Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqə keçirilib Hadisə

Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqə keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki lisey və məktəb-liseylərin V və VII siniflərinə qəbulla bağlı müsabiqə keçirilib. BŞTİ-dən bildirilib ki, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid tapşırıqları yerinə yetiriblər. V sinfə qəbul üzrə müsabiqədə sualların cavablandırılması üçün şagirdlərə 90 dəqiqə, VII sinfə qəbul üzrə müsabiqədə isə 120 dəqiqə vaxt verilib.
Texniki-Humanitar, 2 nömrəli Texniki-Humanitar, 147 nömrəli Texniki-Humanitar liseylər və 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbulla bağlı müsabiqədə 1239 şagird iştirak edib. BŞTİ-nin tabeliyindəki 23 məktəb-lisey və liseyin VII siniflərinə qəbul üçün müsabiqədə isə həmin məktəb-liseylər və liseylərlə yanaşı, cari tədris ilində digər ümumi təhsil məktəblərinin VI sinfini əla və yaxşı qiymətlərlə bitirmiş 2046 şagird iştirak edib.
Qeyd edək ki, elektron sənəd qəbulu “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, valideyn məmnunluğunun təmini məqsədilə tətbiq olunur.