“Təkrar cinayət törədənlərin çoxu kişilər olur” Hadisə

“Təkrar cinayət törədənlərin çoxu kişilər olur”

Mehriban Zeynalova: "Cinsindən asılı olmayaraq bütün məhbuslara sosial və reabilitasiya proqramları tətbiq edilməlidir"
Musa Quliyev: "Daimi yaşayış yeri olmayanlar üçün reabilitasiya mərkəzləri tikilməlidir"

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslərin yeni həyata adaptasiyası önəmli sosial məsələlərdən sayılır. Təcrübə göstərir ki, cəza çəkməkdən azad edilən şəxslərin sosial mühitə uyğunlaşdırılması vəziyyəti onların sonrakı hərəkətlərinə birbaşa təsir edir. O cümlədən yeni cinayətlərin törədilib-törədilməməsi riski sosial adaptasiyadan birbaşa asılı olur. Yeni həyata yaxşı adaptasiya ola bilməyən keçmiş məhkumlar qısa müddətdə növbəti cinayəti törədərək cəzaçəkmə müəssisəsinə qayıdır. Buna görə də dövlət penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilən şəxslərə sosial müdafiəyə xüsusi ehtiyacı olan insanlar kimi yanaşılır və qəbul etdiyi qanunlarla həmin insanların sosial müadafiəsinə, adaptasiyasına xüsusi fikir verilir. Bu məqsədlə Azərbaycanda cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyasını təmin etmək üçün 2007-ci ilin mayında "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanun qəbul edilib. Adıçəkilən qanun cəza çəkməkdən azad edilən şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, onlar tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədi ilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemini nəzərdə tutur.
Qanun yalnız cəza çəkməkdən azad edilən Azərbaycan vətəndaşlarına şamil olunur. Qanunda qeyd edilir ki, sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində bələdiyyələr, fiziki şəxslər, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları könüllülük əsasında iştirak edə bilər. Mövcud qanunda sosial adaptasiya müddəti bir il nəzərdə tutulub. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilən şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır.
Cəza çəkməkdən azad edilən şəxslərin sosial adaptasiyası məqsədi ilə həyata keçirilən tədbirlərə gəlincə ilk tədbir olaraq cəza çəkməkdən azad edilən şəxslər qeydiyyata alınmalı və onlarla hazırlıq işləri aparılmalıdır.
Konstitusiya Məhkəməsinin 12 iyul 2000-ci il tarixli qərarına əsasən əgər keçmiş məhbusun həbs olunana qədər qeydiyyatı olmayıbsa, yaxud o, hər hansı səbəbdən qeydiyyatını itiribsə, sonuncu dəfə hansı ərazi polis bölməsində qeydiyyatda olubsa, ora müraciət etməlidir. Keçmiş məhbus həmin polis şöbəsinin inzibati binasına qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin edilməlidir. Qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülən şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur.
"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova həbsdən çıxan insanların reabilitasiya məsələsini şərh edərkən deyib ki, əgər penitensiar müəssisələrdə sosial adaptasiya məqsədi ilə şəxs qeydiyyata götürülmürsə o 3 ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınmalıdır: "Həbs müddəti bitən məhbusların cəmiyyətə yenidən qazanılması üçün reabilitasiya müddəti nəzərdə tutulur. Bu, Ədliyyə Nazirliyi ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin proqramında da öz əksini tapıb. Bundan başqa, "Hüquq dünyası" təşkilatı məhbus həyatı yaşayanların sənədlərinin hazırlanması və reabilitasiya proqramları ilə bağlı layihələr hazırlayıb".
Onun bildirdiyinə görə, həbsdən çıxdıqdan sonra reabilitasiya proqramı özünü doğrultmur, vaxt itkisi olur: "Düşünürəm ki, bu cür proqramlar həbsxana daxilində şəxsin azadlığa buraxılmasından 3 ay öncə həyata keçirilməlidir, burada yalnız hüquqşünas yox, psixoloq da olmalıdır. Sosial işçilərin həbsxanada olması şəxsin ehtiyaclarının qiymətləndirilməsi, onun sənədlərinin hazırlanması, onun öz evinə qayıdıb-qayıda bilməyəcəyi məsələsi çox önəmlidir. Yalnız bu halda onun cəmiyyətə inteqrasiyası ağrısız keçə bilər. Şəxs həbsxanadan çıxıb evinə döndüyü zaman cəmiyyət, ailə onu qəbul etmədikdə onun psixoloji gərginliyi daha da artır. Bir çox məhbuslar təkrar cinayət törədib həbsxanaya qayıdır. Bunun əsas səbəbi cəmiyyətdə özünə yer tapmaması, özünü təsdiq edə bilməməsidir. Bütün bunlar nəzərə alınmalı, həbsxanalarda sosial işçilərin işləməsi tendensiyası, nəhayət öz əksini tapmalıdır. Yəni, sosial işçi həmin şəxsin bütün ehtiyaclarını qiymətləndirib, addım-addım onun problemlərinin həllində, icma, ailə, yaxud cəmiyyətlə bağlı iş aparmalıdır. Həmin şəxslərin peşə bacarıqları yoxdursa, onların hazırlanması ilə də bağlı iş görülməlidir".
Mehriban Zeynalovanın sözlərinə görə, qadın həbsxanasında bəzi peşə bacarıqları öyrədilir: "Amma onun həyata keçirilməsi üçün mühitin yaradılması əsas şərtdir. Biz keçmiş standartlardan əl çəkib yeni standartlarla işləməliyik. Həm sosial xidmət haqqında, həm də məhbuslarla bağlı qanunvericilik aktlarında bir sıra məqamlar var, onları tətbiq etməyin vaxtı çatıb. Düşünürəm ki, yeni model yanaşmaları ortaya qoymalıyıq".
Birliyin rəhbəri bildirir ki, həbsə düşənlər arasında kişilər üstünlük təşkil etdiyindən, təkrar cinayət törədib qayıdanların da çoxu kişilər olur: "İstənilən halda cinsindən asılı olmayaraq bütün məhbuslara sosial və reabilitasiya proqramları tətbiq edilməlidir. Biz məhbusa cəmiyyətdən təcrid olunan insan, ona məhv olmuş bir tərəf kimi baxmamalıyıq. Biz istənilən şəxsin cəmiyyətə inteqrasiyasına şərait yaratmalıyıq. Mükəmməl proqramlar işləyib hazırlamalıyıq ki, həmin insanlar özlərini cəmiyətə lazımlı hesab etsinlər. Kimsə affekt vəziyyətində cinayət törədə bilər. Hamı dünyaya saf gəlir. Mühit insanın cinayətkara çevrilməsinə təsir edə bilər. Ola bilər manyakdır, o zamasn onun müalicəsinə səy göstərmək lazımdır. Buna görə də sosial vəziyyəti qiymətləndirən insan, psixoloqla işləmək lazımdır. Biz məsələyə yalnız hüquqi tərəfdən yanaşırıq. Şəxsin özünün reabilitasiya və inteqrasiya məsələsi kifayət qədər mükəmməl işlənmir. Sosial xidmət haqqında qanuna əsasən həbsxanalarda psixoloqlar olmalıdır".
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, cinsindən asılı olmayaraq həbsxanaya düşmüş insanlar cəmmiyyətdə birmənalı qəbul edilmir: "Bu, özünümüdafiə instiktindən irəli gələn prosesdir. Adamların həbsxanaya təsadüfən, yaxud ciddi cinayətdən sonra düşməsini cəmiyyət bir o qədər araşdırmağa meylli deyil. Ona görə də həbsdən çıxan insanlarla təmasdan belə çəkinirlər. İstər işəgötürən, istərsə də ictimai münasibətlər qurmaq istəyən tərəf ehtiyatlı davranır. Bu, əslində normal yanaşmadır. Bu, başqa cəmiyyətlərdə də belədir. Lakin həbsdən çıxan insanların cəmiyyətə inteqrasiyası ilə bağlı bütün dövlətlərdə, o cümlədən Azərbaycanda da lazımi sosial ictimai, hüquqi tədbirlər həyata keçirilir. Birinci növbədə onların psixoloji yardıma ehtiyacı var. Məşğulluq məsələsi çox ciddi problemdir. Əgər onların hər hansı peşəsi yoxdursa, ona bir peşənin öyrədilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq iş aparmalıdır. Onların məşğulluğu təmin edilməlidir".
Musa Quliyev hesab edir ki, cinayətkarlığın böyük əksəriyyəti iqtisadi təminatın istənilən səviyyədə həyata keçirilməməsi və məşğulluğun təmin olunmaması ilə bağlı olur: "Həbsdən çıxdıqdan sonra onların daimi yaşayış yeri yoxdursa, onlar üçün reabilitasiya mərkəzləri tikilməlidir".
Millət vəkili bildirir ki, hazırda Qobustanda onlar üçün reabilitasiya mərkəzinin inşasına start verilib: "Düşünürəm ki, bir ilə hazır olacaq. Həmin insanlar burada 1 il ərzində reabilitasiya müdətti keçib, cəmiyyətə adaptasiya olunacaqlar. Burada cəmiyyətin də üzərinə öhdəliklər düşür. Cəmiyyətin öz-özünü təmizləməsi, cinayətkarlığa məruz qalmaması xatirinə bu işlər görülməlidir. Cəmiyyət deyəndə, həbsdən çıxan insanın yaxınları, qohumları, yaşadığı yerin bələdiyyə idarəsi, kənd üzrə nümayəndəsi nəzərdə tutulur. Qeyri-hökumət təşkilatlarının da bu prosesdə rolu olmalıdır. QHT-lər isə bizdə daha çox hüquq müadafiəçiləri timsalında təmsil olunur".

Əli