Rusdilli məktəblər bağlansınmı? Hadisə

Rusdilli məktəblər bağlansınmı?

Əli Məsimli: "Azərbaycan Konstitusiyası və müvafiq qanunvericiliyində bu cür birmənalı məhdudiyyət yoxdur"
Elman Cəfərli: "Azərbaycanda rus dilində olan məktəblərin dövlət büdcəsindən maliyyələşməsi yolverilməzdir"

Azərbaycanda rusdilli məktəblərin fəaliyyəti və onların dövlət büdcəsindən maliyyələşdirilməsilə bağlı müxtəlif vaxtlarda tənqidi fikirlər səsləndirilib. Bu məsələyə cəmiyyətdə yanaşma birmənalı olmayıb. Millət vəkili Sabir Rüstəmxanlı parlamentin ötən iclasında bu məsələyə bir daha toxunub. O, bildirib ki, indi qanunsuz olaraq rusdilli məktəblər dövlət vəsaiti hesabına fəaliyyət göstərir. Onun sözlərinə görə, Azərbaycanda dövlət təhsili ana dilində olduğu halda bu gün ölkədə 80-100 min nəfər rus dilində təhsil alır. Bununla da "Dövlət dili haqqında" Qanun kobud surətdə pozulur. Ona görə də Hesablama Palatası vəziyyəti araşdırmalıdır. Millət vəkili deyib ki, qanun niyə belə kobud surətdə pozulur və dövlət vəsaiti mənasız yerə xərclənir, belə halların qarşısı alınmalıdır.
Milli Məclis sədri Oqtay Əsədov deputatın çıxışına reaksiya verərək bildirib ki, qanunda belə bir məsələ yoxdur və rusdilli məktəblərdə təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi tamamilə qanunauyğundur.
Bəs bu məsələdə kim haqlıdır, spiker, yoxsa millət vəkili? Rusdilli məktəblərin büdcədən maliyyələşdirilməsi ölkə konstitusiyasına nə qədər uyğundur?
Millət vəkili Əli Məsimli bildirdi ki, Azərbaycan Konstitusiyası və müvafiq qanunvericiliyində bu cür birmənalı məhdudiyyət yoxdur. Onun sözlərinə görə, Azərbaycan sivil dünyanın tərkib hissəsi kimi özünü aparmalıdır.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə bildirib ki, dövlət təkcə rus dilinin deyil, digər xarici dillərin, ələlxüsus da ingilis, alman və fransız dillərinin öyrənilməsi üçün səyləri artırsa yaxşı olar: "Mən bu məsələnin hüquqi tərəfi barədə heç nə deyə bilmərəm.
Amma azərbaycanlı uşaqların əcnəbi dilləri öyrənməsi istiqamətində göstərilən cəhdləri müsbət qarşılayıram".
Jurnalist Elman Cəfərli isə vurğuladı ki, millət vəkili Sabir Rüstəmxanlın təşəbbüsünü dəstəkləyir: "Azərbaycanda rus dilində olan məktəblərin dövlət büdcəsindən maliyyələşməsi yolverilməzdir. Biz kiminsə müstəmləkəsi deyilik. Rusiyada Azərbaycandilli məktəblər dövlət büdcəsindən maliyyələşirmi? Azərbaycan qanunlarına görə, bu ölkədə təhsil dili Azərbaycan dilidir və xarici dildə məktəblər ancaq özəl ola bilər. 90-cı illərdə "Rus ayısı" qəzəbli idi, rus dili ilə bağlı müəyyən güzətşlərə məcbur idik. Amma indi Azərbaycan güclü dövlətdir, xarici siyasət kursumuz xeyli dərəcədə möhkəmdir, sabitdir. Azərbaycan dilindən başqa bütün dillər xarici dil sayılır. Hətta qardaş Türkiyə türkcəsi də. Rus dili xarici dildir və statusuna uyğun da qalmalıdır. Azərbaycanda rusdilli məktəblərdənsə, türkdilli məktəblərin fəliyyəti lazımdır. Azərbaycanda Türk Xalqları Universiteti, Türk Dilləri İnstitutu yaradılmalı, ortaq türkcəni öyrədən məktəblər açılmalıdır, nəinki rus dilində məktəblər. Bir zamanlar rus dili böyük imperiyanın dili sayılırdı. Rus dilin bilmək karyera üçün şərt idi. SSRİ adlanan imperiya tarixin arxivinə getdi. Bu gün dünyada hakim dil ingilis, fransız dilləridir. Azərbaycan ailələri çalışırlar ki, övladları ingilis, fransız dillərini bilsinlər. Rus dili sadəcə MDB ölkələrində ortaq ünsiyyət vasitəsi kimi lazımdır. O da zaman keçdikcə, ortadan qalxacaq. Ukraynada baş verən hadisələr onu deməyə əsas verir ki, heç slavyan xalqları Rusiyanın, rus mədəniyyətinin, rus dilinin təsirində qalmaq istəmirlər. Ortaq türkcə yayğınlaşdıqca türk dili Qafqazda, Mərkəzi Asiyada rus dilini sıxışdırıb çıxaracaq. Rusiya rus dili vasitəsilə keçmiş imperiya ərazilərində qalmaq istəyir. Biz də bilərəkdən, bilməyərəkdən buna göz yumuruq. Məmurlar var ki, hələ də övladlarını rus məktəblərinə qoyurlar. Ənənədən çıxa bilmirlər, ya bəlkə də qaytardılar inancı ilə yaşayırlar, bilinmir. Rus dili BMT-nin əsas dillərindən biridir, onu da bilmək lazımdır, amma yenə də rus dili xarici dildir və elə bu statusda da qalmalıdır. Rusiya nüfuz elədiyi ölkələrdə rus dili vasitəsilə hakim olmağa çalışır. Bakıda rus məktəblərində oxuyan rus, azərbaycanlı, ukraynalı, çeçen, ləzgi, talış rus təfəkkürü ilə böyüyür. Onda müstəqil Azərbaycan düşüncəsi, vətənə bağlılıq olmur. Rus dilində məktəbləri birdən-birə bağlamaq da olmaz. Onsuz da son illər insanlarımız ingilis dilinin daha vacib olduğunu bilir, rus dilinin önəminin azaldığını dərk edirlər. Övladlarını rus məktəblərinə qoyan valideynlərin də sayı azalır. Deməli, rus məktəblərini dövlət büdcəsindən çıxarmaq olar. Qoy, kim istəyirsə, öz övladını özəl rus məktəblərində oxutsun".

Əli