Azərbaycanlı gənc iş adamının yazısı Özbəkistan mediasında dərc olunub Hadisə

Azərbaycanlı gənc iş adamının yazısı Özbəkistan mediasında dərc olunub

Özbəkistan KİV-lərində MBA, PhD, Oksford və Kembric Universitetinin məzunu, Kraliça Viktoriya adına Britaniya medalının və 2011-ci ildə "İlin meneceri" Avropa medalının sahibi, “AKI INTER” LTD şirkətinin təsisçisi və direktoru Kənan Cəlilovun məqaləsi dərc olunub. Müəllifin “Azərbaycan və Özbəkistan tarixi əlaqələrdən strateji müttəfiqliyə doğru” sərlövhəli yazısı “Muzaffar.uz”, “Ru.vtopoytaxt.uz” saytlarında özbək və rus dillərində yayımlanıb.
Kənan Cəlilov məqaləsində qeyd edib ki, bu iki qardaş xalqlar tarix, dil, mədəniyyət və dövlətçilik ənənələri baxımından hər zaman ortaq dəyərlərə malik olublar: “1991-ci ildə dövlət müstəqilliyi əldə etdikdən sonra bu ənənələr ən yüksək səviyyədə inkişaf etməkdədir. Belə ki, Azərbaycanın tarixi ərazilərinə iddia edən və işğalçılıq siyasəti aparan Ermənistanın müstəqilliyini tanımayan ilk dövlətlərdən biri Özbəkistandır. Rəsmi Daşkənd bu addımı özünə qardaş bildiyi Azərbaycanın milli maraqlarına olmadığı üçün atmışdır. Azərbaycan xalqı qardaş ölkənin bu təşəbbüsünü alqışlamış və yüksək səviyyədə təqdir etmişdir”.
Məqalədə bildirilir ki, Ulu Öndər, Ümummilli Lider, Azərbaycan prezidenti Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəlişindən sonra, tarixi əlaqələrin zərif tellərinə malik olan Özbəkistanla əlaqələrin inkişafına xüsusi diqqət ayrıldı: “Beləliklə, iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf etməyə başladı. 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olanların buraxdıqları yanlışlıqları Heydər Əliyev uzaqgörən hədəfləri sayəsində həll etdi. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyət daşıdı. Özbəkistanın prezidenti İslam Kərimovun Azərbaycana 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. İki ölkə arasında 19 saziş sənəd paketi, "Azərbaycan və Özbəkistan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalandı. 21-22 oktyabr 1996-cı il tarixində Prezident Heydər Əliyev Türkdilli Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək üçün Daşkənddə səfərdə olub. Səfər çərçivəsində Heydər Əliyev dövlət başçılarının Forumunda çıxış edib. O bildirib ki, dövlət başçılarının müntəzəm görüşləri bu ölkələr arasında əməkdaşlığın inkişafına, mədəni və ictimai əlaqələrin genişlənməsinə, onların dövlət müstəqilliyinin möhkəmlənməsinə kömək edir. 18-19 iyun 1997-ci il tarixdə Prezident Heydər Əliyevin Özbəkistana rəsmi səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi qəbul etmək olar. Bakıdakı kimi, Daşkənddə də 19 sənəd imzalandı. İmza mərasimində çıxış edən Prezident Heydər Əliyev qeyd edib ki: "Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinə malik olmaq istəyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin". Bununla yanaşı, NATO, İKT, MDB, GUAM kimi beynəlxalq sammitlərdə Azərbaycan və Özbəkistan prezidentlərinin görüşləri iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə səbəb olub”.

Etibarlı və strateji münasibətlərin yeni mərhələsi

Müəllifin fikrincə, Azərbaycan Respublikasının hazırki Prezidenti İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi siyasət iki qardaş ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir: “23-24 mart 2004-cü il tarixdə Prezident İlham Əliyev Özbəkistanda dövlət səfərində olub. Səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər, ölkələrimizi maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlığın inkişafına, qarşılıqlı dövriyyənin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetiriblər. Səfər çərçivəsində iki ölkə prezidentlərinin iştirakı ilə Daşkənddə böyük Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub.11-12 sentyabr 2008-ci il tarixdə Özbəkistan Prezidenti İslam Kərimov Azərbaycanda rəsmi səfərdə olub. İki ölkənin geniş tərkibdə görüşündən sonra dövlətlər arasında sənədlərin imzalanma mərasimi keçirilib. Ətraf mühitin qorunması, informasiya və kommunikasiya texnologiyaları, dəmiryol sahəsində əməkdaşlıq, vergi sahəsində əməkdaşlıq və informasiya mübadiləsi, məxfi informasiyanın qarşılıqlı surətdə qorunması, humanitar sahədə, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsi tədbirləri haqqında sazişlər imzalanıb. İ.Kərimov səfər çərçivəsində “Heydər Əliyev Fondu” ilə tanış olub. Prezidentlər Azərbaycan paytaxtında böyük özbək şairi Əlişi Nəvainin abidəsinin açılış mərasimində iştirak ediblər”.

Dərinləşən əlaqələrin yüksək templə artması

Kənan Cəlilov məqalədə Özbəkistanla Azərbaycan arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayıb: “Bununla yanaşı, Özbəkistan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi artan xətlə inkişaf etməkdədir. Faktiki olaraq Özbəkistanda və Azərbaycanda qarşılıqlı şəkildə kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə istehsal olunmuş məhsulların artımı inkişaf etməkdədir. Bu əlaqələr iki qardaş ölkənin qarşılıqlı olaraq inteqrasiyasını sürətləndirir.
Görkəmli Azərbaycan və özbək klassikləri - Əlişir Nəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir çox başqalarının yaratdıqları əsərlər təkcə Şərq xalqlarının deyil, həm də dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir. Elə bunun nəticəsidir ki, Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələri ucaldılmışdır. Özbəkistan Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvinin, Dövlət Rəssamlıq Akademiyası dünya mədəniyyətinin incilərini yaratmış görkəmli Azərbaycan miniatür rəssamı Kamaləddin Behzadın adını daşıyır. Azərbaycanda isə bir qəsəbə Nəvainin adını daşıyır. Özbəkistanda yaşamış əslən azərbaycanlı olan şair Maqsud Şeyxzadənin əsərləri özbək ədəbiyyatının gözəl nümunələridir. Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun görkəmli özbək yazıçısı Şərəf Rəşidovun əsəri əsasında yaratdığı "İki qəlbin dastanı baleti" dünya musiqi sənətinin incilərindəndir.
Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Özbəkistanın əsas tərəfdaşıdır. Hər iki dövlət regional və beynəlxalq xarakterli məsələlərdə oxşar mövqe tuturlar. BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub”.

Müasir mərhələdə ortaq hədəflər

Müəllif qeyd edir ki, Azərbaycanla Özbəkistan arasında iqtisadi, gömrük, ədəbi-mədəni, elmi və digər sahələr üzrə əlaqələr dinamik xarakter daşıyır: “2020-ci ilin fevral ayında dünyanı sarsıdan “koronavirus” bəlasının yaratdığı böhrandan çıxış nöqtəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlət Başçılarının virtual toplantısı özünün böyük səmərəsini verdi. Bu toplantının nəticəsində Türkdilli Dövlətlərdə pandemiya virusunun yaratdığı təhlükəni əməkdaşlıq çərçivəsində həll etməyin düsturu irəli sürüldü. Özbəkistan Prezidenti Şavkat Mirzəyev Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsünü yüksək səviyyədə dəstəklədiyini bildirmişdir.
Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan Respublikası səfirliyinin nəzdində fəaliyyət göstərən “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi”nin irəli sürdüyü təşəbbüslər qardaş ölkənin KİV-ləri, elm və mədəniyyət sahəsində yüksək səviyyədə qəbul edilmişdir. Hər il Özbəkistan KİV-lərini təmsil edən jurnalist qrupları Azərbaycana gələrək cəbhə bölgələrindəki durumu gözləri ilə gördükdən sonra, Qarabağ həqiqətlərini öz ölkələrində geniş şəkildə ictimailəşdirirlər. Son 15 ildə Azərbaycan ədəbiyyatının dəyərli nümunələri özbək dilinə çevrilərək çap edilmişdir. Azərbaycanda qardaş ölkənin tarixi, mədəniyyəti, iqtisadi və sosial həyatı ilə bağlı çoxsaylı elmi tədqiqatlar aparılıb və bu sahədə elmi əsərlər müdafiə olunubdur.
Hər iki ölkədə son illərdə prezidentlərin təşəbbüsü ilə aparılan islahatlar da bir-birinə çox bənzəyir. Kadr və struktur islahatları, yeni iqtisadi, sosial, təhlükəsizlik məsələləri və digər sahələrdə aparılan dəyişikliklər iki ölkə arasında əlaqələrin dərinləşməsinə xidmət edir. Özbəkistanda Prezident Şavkat Mirzəyevin rəhbərliyi altında iqtisadiyyat, kənd təsərrüfatı, vergi, gömrük və digər sahələrdə islahatlar aparılır. Kadrların gəncləşdirilməsi, əvvəllər mövcud olan məmur özbaşınalığı hallarının aradan qaldırılması, mətbuatın rəsmi dövlət qurumlarından asılılığının aradan qaldırılması, siyasi partiyaların və vətən cəmiyyəti təşkilatlarının qeydiyyatında mövcud olan problemlərin həlli, yerli bələdiyyələrin hüquqlarının artırılması və s. reformlar ölkədə böyük bir canlanma yaratmışdır.
Son bir neçə ildə Azərbaycan və Özbəkistan arasında sənaye mallarının və kənd təsərrüfatı məhsullarının ticarətindəki dövriyyənin artması, dəmir yollarından istifadə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Sənaye Korporasiyası və digər qurumlarla əlaqələrin inkişafı hər iki ölkə üçün qürurverici xarakter daşımaqdadır. “Bakan Tex” tekstil fabriki, “Artel” elektrik məişət texnikası, “Uzbekipaksanoat”, “Uzaqrotexsanoatholdinq” və digər güclü qurumların Azərbaycanla sıx əməkdaşlıq etməsi əlaqələrin inkişafına böyük təkandır. ARDNŞ-in Özbəkistanda iri layihələrə cəlb olunması Azərbaycanın son illərdə iqtisadi sahələrdə əldə etdiyi uğurların və təcrübənin sayəsində bu prosesə təkan olacaq. Özbəkistanda taxıl, pambıq, gübrə, kənd təsərrüfatı üçün maşın və avadanlıqlar, traktorlar, pambıqyığan maşınlar, taxılyığan kombaynlar və digər malların idxalına başlanması, Azərbaycanın neft-qaz, neft-mədən, müxtəlif çeşidli ərzaq və digər məhsulların ixracının artması iki ölkənin müttəfiqliyini daha da gücləndirir.
Azərbaycanda ticarət, sənaye, nəqliyyat, xidmət və s. sahələrdə Özbəkistan kapitallı 30-a yaxın şirkət fəaliyyət göstərir. Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi 46,5% artıb. Bu potensialın reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin 2020-ci ilin ikinci yarısında mövcud olan əlaqələrin daha inkişaf etdirilməsi gözlənilir”.
Yazını aşağıdakı linklərdən oxumaq olar:
http://muzaffar.uz/yangiliklar/3788-ozarboyjon-va-uzbekiston-tarixiy-aloqalardan-strategik-sheriklikkacha.html
http://ru.vtopoytaxt.uz/kultura/news_post/uzbekistan-azerbajdzhan-6?fbclid=IwAR2BRRowVmXn9roZPed6Ow0HNXVlcE_O4sNfhCXoH9UzfX-v5B_YldSmZAk