AMEA-nın islahatlara böyük ehtiyacı var - Akademiyanın vitse-prezidenti Hadisə

AMEA-nın islahatlara böyük ehtiyacı var - Akademiyanın vitse-prezidenti

Təəssüflə onu da qeyd etmək lazımdır ki, AMEA-nın elmi potensialının tədqiqatları və onların ciddi elmi nəticələri heç də həmişə layiqincə dəstək almır.

Bunu AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin sədri, akademik Dilqəm Tağıyev deyib.

Onun sözlərinə görə, dünya praktikasında fundamental tədqiqatlar əsasən dövlət tərəfindən maliyyə dəstəyi aldığı halda, tətbiqi işlərin böyük hissəsi biznes, özəl sektor tərəfindən maliyyələşdirilir:

"Elmi məhsulların yüksək rəqabəti mühitində yalnız o innovasiyalar real gəlir gətirir ki, onların laboratoriyadan istehsala qədər keçdiyi yol (laboratoriya tədqiqatları, texnoloji araşdırmalar, dəyərləndirmə hesablamaları, layihələndirmə işləri, iriləşdirilmiş pilot qurğuları, bir neçə mərhələli sınaqlar və s.) və müddət mümkün qədər qısa olsun. Bu baxımdan AMEA-da aparılan bir çox tətbiq məqsədli tədqiqatlar vaxt keçdikcə rəqabət qabiliyyətini itirirlər".

D.Tağıyev qeyd edib ki, AMEA-nın problemləri mövcuddur, lakin bu heç də o demək deyil ki, AMEA-nın fəaliyyətinin nəticələri görsənmir.

Onun fikrincə, AMEA-nın islahatlara, bütün dünyada olduğu kimi özəl sektorun və biznesin dəstəyinə böyük ehtiyacı var:

"Bununla belə Azərbaycanın beynəlxalq səviyyədə təsdiq olunan elmi məhsuldarlığının böyük hissəsi AMEA-nın payına düşür, hərçənd ki, ölkədə olan elmi işçilərin, elmi təşkilat və müəssisələrin yalnız üçdə biri AMEA-da fəaliyyət göstərir".